Azərbaycanda lazerli maladan istifadə edən fermerlərə əlavə subsidiya verilməsi nəzərdə tutulur.
Medianews.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, ölkədə buğdanın məhsuldarlığının indiki 4 tondan 5 tona çatdırılması hədəflənir, bu məqsədlə isə əlavə subsidiya mexanizmləri tətbiq ediləcək: “Yeni sahələrdə müasir suvarma sistemlərinin quraşdırılmasına dəstəyimizi davam etdirəcəyik və oradakı mexanizmi daha da təkmilləşdirməyi düşünürük. Lazerli mala ilə torpaq hamarlama işlərinin yaxşılaşdırılması nəzərdə tutulur. Çünki, bu, məhsuldarlığa ciddi şəkildə təsir göstərir. lazerli mala tətbiq edən fermerlərə əlavə subsidiyalar verilməsi nəzərdə tutulur. Paralel olaraq da seçilmiş rayonlar üzrə meliorativ tədbirlərin gücləndirilməsi və aqrotexniki qulluq işlərinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi planlaşdırılır. Təbii ki, bu bütün bu proseslər öz növbəsində ərzaq təhlükəsizliyinin təminatına, məhsuldarlığın və istehsalın artımına gətirib çıxardacaq”.
R.Hüseynov əlavə edib ki, pambıqçılıq klasterinin inkişafı ilə bağlı ixtisaslaşmış rayonlarda məhsuldarlığın indiki 36 sentnerdən 50 sentnerə çatdırılması düşünülür: “Burada da pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyası nəzərdə tutulur ki, bu da birbaşa emalın inkişafını tətikləyən bir mexanizm olacaq. Paralel iki yeni müəssisənin yaradılması düşünülür ki, artıq bu istiqamətdə bizə müraciətlər var, təxmini bilirik ki, hansı müəssisələr fəaliyyət göstərməyi düşünürlər və onlara faiz subsidiyalarının verilməsi nəzərdə tutulur”.