Medianews.az
Cizgi filmləri ilə bağlı VACİB XƏBƏRDARLIQ –
161 baxış

Cizgi filmləri ilə bağlı VACİB XƏBƏRDARLIQ – Valideynlər bunu MÜTLƏQ bilməlidir

Cizgi filmlərinin uşaq psixologiyasına təsiri daima aktual mövzudur. Cizgi filmləri uşaqların dünyanı tanıma prosesində qarşılaşdıqları ilk vizual və hekayəvi vasitələrdən sayılır. Rəngarəng obrazlar, sadə süjetlər və yaddaqalan personajlar onların diqqətini asanlıqla cəlb edir. Cizgi filmlərinin xüsusilə 2-6 yaşlarındakı uşaqlara təsiri daha qabarıq hiss olunur. “Maşa və Ayı” (şıltaq və qayda pozan uşaq davranışları), “Tom və Ceri” (komik zorakılıq və təqib səhnələri), “Süngər Bob” (absurd yumor və sürətli süjet) kimi Azərbaycanda da geniş nümayiş etdirilən cizgi filmlərinin uşaqlara mümkün təsirləri son illərdə həm valideynlər, həm də mütəxəssislər tərəfindən az müzakirə olunmayıb.

Cizgi filmlərindəki obrazlar 2-6 yaş aralığında uşaqların xarakterinin formalaşmasına necə təsir edir? Uşaqlar bu filmlərdə “cəzalandırılmayan davranışları” necə interpretasiya edirlər? Məsələn, “Tom və Ceri” (zərər vermə səhnələrinin nəticəsiz qalması), “Looney Tunes” (şiddətin komik şəkildə təqdim olunması) və “Süngər Bob” (məntiqsiz davranışların normal göstərilməsi) kimi filmləri uşaqlar necə qavrayır, necə başa düşürlər? Ümumiyyətlə hansı xüsusiyyətlərə malik cizgi filmləri daha “sağlam” hesab olunur?

Mövzu ilə bağlı Medianews.az-a danışan Amerika Psixoloqlar Assosiasiyasının üzvü, psixoloq Şirin Məmmədli bildirib ki, cizgi filmləri 2-6 yaş aralığında uşaqlar üçün sadəcə əyləncə deyil, həm də davranış öyrənmə modelidir: “Bu yaş dövründə uşaq müşahidə edərək öyrənir və gördüyünü birbaşa təqlid etməyə meylli olur. Yəni obrazlar onun üçün “nə doğrudur, nə yanlışdır” sualına dolayı cavab verir.

Bu baxımdan “Maşa və Ayı” kimi filmlərdə qayda pozan, sərhəd tanımayan davranışlar əgər aydın şəkildə nəticə ilə əlaqələndirilmirsə, uşaq bunu “normal” qəbul edə bilər.

Eyni şəkildə “Tom və Ceri” və “Looney Tunes” kimi cizgi filmlərində zorakılığın komik və nəticəsiz təqdim olunması da uşağın səbəb-nəticə əlaqəsini düzgün qurmasına mane ola bilər. Uşaq düşünə bilər ki, “vurmaq, zərər vermək olar, çünki heç nə olmur”.

“Süngər Bob” kimi daha absurd və sürətli süjetli filmlərdə isə problem bir az fərqlidir. Burada məntiqsiz davranışlar və reallıqdan uzaq reaksiyalar uşağın diqqətini həddindən artıq stimullaşdıra bilər və bu da həm diqqət müddətinə, həm də davranışların real həyatla uyğunlaşdırılmasına təsir edə bilər”.

Ş.Məmmədli vurğulayıb ki, bu yaşda uşaqlar ironiyanı, yumoru və “bu, sadəcə zarafatdır” mesajını tam ayırd edə bilmirlər: “Onlar gördüklərini real həyat modeli kimi qəbul edirlər. Əgər davranış cəzalandırılmırsa və ya nəticəsi göstərilmirsə, uşaq onu qəbul edilən davranış kimi kodlaşdıra bilər”.

Psixoloqun sözlərinə görə, “sağlam” cizgi filmləri bir neçə xüsusiyyəti ilə seçilir: “Davranış və nəticə arasında aydın əlaqə olur (pis davranışın nəticəsi göstərilir). Empati, paylaşma, dostluq kimi dəyərlər ön planda olur. Süjet daha sakit və anlaşılandır, həddindən artıq sürətli və xaotik deyil. Obrazlar problem həll etməyi və emosiyaları düzgün ifadə etməyi modelləşdirir. Amma burada ən vacib rol yenə valideynə aiddir. Uşaq cizgi filminə tək baxanda təsiri bir cür olur, amma valideynlə birlikdə izləyib müzakirə etdikdə bu təsir tam fərqli olur. Məsələn, “bu davranış düzgün idi?”, “səncə niyə belə etdi?” kimi suallar uşağın tənqidi düşünməsini formalaşdırır. Qısaca desəm, problem təkcə cizgi filminin özündə deyil, uşağın onu necə anlamasındadır. Uşağa doğru izah verilməzsə, o, gördüyünü olduğu kimi həyatına tətbiq edə bilər”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun