Medianews.az
Partiya üçün “5 min tələbi” dəyişsinmi?
237 baxış

Partiya üçün “5 min tələbi” dəyişsinmi?

2023-cü ildən tətbiq olunan “Siyasi partiyalar haqqında” qanuna görə, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. 1992-2022-ci illərdə qüvvədə olmuş qanunda dövlət qeydiyyatı üçün 1000 üzv kifayət edirdi. Tələbin sərtləşməsi Azərbaycanda siyasi partiyaların iki dəfədən çox azalması – 59-dan 26-ya düşməsi ilə nəticələnib, yeni partiyalar isə təsis olunmur.

“Siyasi partiyalar haqqında” qanunun yumşaldılması, qeydiyyat üçün minimum üzv tələbinin 5000 nəfər deyil, daha az götürülməsi mümkündürmü?

Medianews.az saytı bu sualla partiya liderlərinə müraciət edib.

Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli bildirib ki, əslində 10 milyonluq ölkədə 5 min üzv tələbi o qədər də çox deyil: “Amma məsələyə yanaşma tərzi dəyişməlidir. Proporsional seçki sisteminə keçilməli və partiyaya üzv olanların yox, səs verənlərin sayı daha çox nəzərə alınmalıdır. Tutalım, proporsional siyahı ilə seçkidə iştirak edən partiyanın namizədləri 10 mindən çox səs topladığı halda həmin partiya artıq rəsmən qeydiyyata alınmış sayıla bilər. Yəni belə bir yanaşma tətbiq etmək mümkündür. Amma 2005-ci ildən bəri bizdə parlament seçkiləri yalnız majoritar sistemlə keçirilir, proporsional üsul 2002-ci ildə ləğv olunub”.

Natiq Cəfərlinin sözlərinə görə, siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün azı 5 min üzvün olması tələbi müəyyən çətinliklər yaradır: “Amma yenə deyirəm, hər halda 10 milyonluq ölkədə buna çox ağır tələb kimi də baxmaq olmaz. Bayaq vurğuladığım kimi, yanaşmanın dəyişməsi daha vacibdir. Gələcəkdə proporsional seçki sisteminə keçilməsi, partiyaların qeydiyyatı məsələsinin də qanunda seçici sayı əsasında müəyyənləşməsi daha yaxşı olardı. Bu həm də partiyaların seçkilərdə iştirakını təşviq edən bir addıma çevrilərdi”.

Ağ Partiyanın sədri Tural Abbaslı da 5 min üzv tələbini normal sayır: “Əgər siyasi partiya kimi fəaliyyət göstərmək istəyirsənsə, heç olmasa 5 min nəfəri partiyaya cəlb edə bilməlisən. Yoxsa 3-5 nəfər də bir araya gəlib partiya yarada bilər. Mən Azərbaycanda partiyaların fəaliyyətinin zəifliyini 5 minlik limitlə bağlamazdım. Problem daha çox partiyaların siyasi oyunçu kimi imtiyazlarının olmamasında, dövlətin partiyaların işinə lazımi qədər şərait yaratmamasındadır. Tutalım, dövlət paytaxtda partiyaların mərkəzi qərargahları üçün heç olmasa balaca bir ofis ayırır. Regionlarda isə ofis əməlli-başlı problemdir.

Maliyyələşmə məsələsi çox problematikdir. Partiyaların rayon təşkilatları, özəkləri, hər yaşayış məntəqəsinə çatacaq qədər şəbəkəsi olmalıdır. Bu strukturu saxlamaq üçün isə vəsait lazımdır. Bizdə partiyaların dövlətdən maliyyələşməsi simvolik xarakter daşıyır, dövlətin ayırdığı vəsait geniş siyasi fəaliyyətə kifayət etmir. İanələr, üzvlük haqları olmasa, partiyalar demək olar fəaliyyət göstərə bilməz. Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasından başqa heç bir partiyanın maliyyələşməsi normal, standartlara uyğun deyil. Bu baxımdan hakim partiyadan başqa bütün partiyaların fəaliyyəti daha çox fədakarlıq, qəhrəmanlıq üzərinə qurulub. Hələ mən partiyalara siyasi proseslərdə yaradılan süni əngəllərə, seçkilərdə partiya namizədlərinə qarşı ortaya çıxan problemlərə toxunmuram. Bütün bunlara rəğmən ölkədə bu qədər partiyanın qalmasının özü əlahiddə hadisədir”.

Tural Abbaslı hesab edir ki, siyasi partiyalarla bağlı yeni qanuna ehtiyac var: “Yeni qanun Azərbaycanın yeni şərtlərinə uyğun olmalı, real siyasi səhnə nəzərə alınaraq yazılmalıdır. Partiyaların fəaliyyətinin gücləndirilməsi üçün ciddi addımlara ehtiyac var. Bu, geniş məsələdir. Eləcə bir məqamı deyim. Siyasi partiya seçkilərdə, ən çox da parlament seçkilərində topladığı səslərlə görə formalaşır. Bizdə vətəndaş parlament seçkisində bitərəf kimi iştirak etmək istəyəndə seçki qurumuna cəmi 3-5 adda sənəd təqdim edir, partiya namizədi kimi iştirak etmək istəyəndə isə 15-20 sənəd hazırlayıb verməlidir. Halbuki partiyaların namizədləri daha rahat qeydiyyatdan keçməlidir, nəinki siyasi prosesə bəlkə də təsadüfdən qoşulmaq qərarına gəlmiş bir şəxsin namizədliyi. Neçə-neçə bu cür problemi sadalamaq olar. Ona görə bir daha vurğulayıram ki, “Siyasi partiyalar haqqında” qanun kökündən dəyişməli, faktiki yenidən yazılmalıdır. Yalnız yeni standartların tətbiqi partiyaların normal, rəqabət mühitində fəaliyyəti göstərməsinə yol aça bilər”.

Milli İstiqlal Partiyasının sədri, parlamentin deputatı Arzuxan Əlizadə bildirir ki, 2023-cü ildə 5 min üzv tələbinin tətbiqinə başlanandan bəri partiyalar hər il öz üzvləri haqda məlumatları dövlət reyestrinə daxil edir: “Hər dəfə partiyanın yeni üzvləri, dünyasını dəyişmiş və ya partiyadan çıxmış şəxslər haqda məlumatlar əsasında reyestr təzələnir. Görünən odur ki, siyasi partiyaların qanunun bu tələbindən ciddi narahatlığı yoxdur. Ən azından hazırda dövlət qeydiyyatında olan partiyaların narazı olduğu görünmür. Ona görə hesab etmirəm ki, yaxın dövrdə partiya üzvlərinin sayının 5 min nəfərdən az olmaması ilə bağlı məsələ yenidən gündəmə gətirilə, limitin dəyişdirilməsi təklifi verilə bilər. Qanun hələ yeni tətbiq olunur. Bu baxımdan yaxın zamanda ən azı partiya üzvlərinin sayı ilə bağlı hər hansı dəyişikliyə gediləcəyini gözləmirəm. Buna əsas verə biləcək proses görünmür”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimov hesab edir ki, əvvəlcə siyasi partiyalara münasibət, partiyaların cəmiyyət və dövlət həyatında yeri düzgün müəyyən edilməlidir: “Üzvlərin və partiyaların sayı, qeydiyyat proseduru kimi məsələlər ikinci dərəcəli məsələlərdir. İndi ölkəmizdə siyasi institutlaşma problemləri diqqət mərkəzində saxlanmalıdır. Siyasi partiya təkcə hakimiyyətin dediyinin əksini söyləmək naminə yaranmır. Onlar cəmiyyəti dövlətin müdafiəsi üçün səfərbər etməyi, davranışları ilə hakimiyyətə alternativ qüvvə olduğunu sübuta yetirməyi bacarmalıdır. Bunun üçün say deyil, münasibət, təsir gücü, elmi-siyasi potensial əsasdır. Üzvlərinin say çoxluğu siyasi partiyanın güclü olması anlamına gəlmir.

Zənnimcə, siyasi partiyaların qeydiyyatı üçün 5 min üzv tələbi onların fəaliyyətini tənzimləmək ehtiyacından qaynaqlanıb. Çünki adekvat olmayan şəxslərin yaratdığı, faktiki yalnız sədrdən ibarət olan partiyalar bütövlükdə siyasi qurumları gözdən salırdı. Yeni qanun bu boşluğu aradan qaldırmağa yardım göstərdi. Artıq siyasi partiyaların missiyası cəmiyyətə getdikcə daha da aydın bəlli olur. Onların nüfuzu artır, təsir imkanları güclənir. Cəmiyyət və siyasi institutlaşma daim dəyişir və inkişaf edir. Buna adekvat olaraq gələcəkdə siyasi partiyaların qeydiyyatı ilə bağlı say məsələsinə qayıtmaq olar”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.

Bizə qoşulun