Medianews.az
Naxçıvanda sərnişinlərin baqajından qızılları aeroportun işçiləri oğurlayıb -
80 baxış

Naxçıvanda sərnişinlərin baqajından qızılları aeroportun işçiləri oğurlayıb - TƏFƏRRÜAT

Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərin dəyərli əşyalarının oğurlanmasının təfərrüatı bəlli olub.

Medianews.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə bu il 3, 13 və 17 avqust tarixlərində gerçəkləşən Naxçıvan-Bakı reysləri zamanı baş verib.

Cinayət hadisəsini isə aeroportun daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran kimi çalışan 1997-ci il təvəllüdlü Hüseyn Həmzəyev və 2005-ci il təvəllüdlü Səid Kərimli törədib.

Qabaqcadan əlbir olan şəxslər Naxçıvan aeroportunda baqaj yüklərinin təyyarəyə daşınması zamanı qanunsuz olaraq çantalara baxış keçirib və qızıl-zinət əşyalarını mənimsəyiblər.

Oğurluq əməli törədən şəxslərin əsasən qadın çantalarına və sərnişinlərin çatdıqları yerdə açılmasından şübhələnməmələri üçün bağlaması zəif olan baqajlara baxdıqlarını müəyyən edilib.

Sərnişinlərdən oğurlanan qızılların ümumi dəyəri 4170 manat olub. Səid və Hüseynin oğurladığı qızıllar Cahan Ticarət Mərkəzində satılıb. Qızılların bir qismi isə "Nur Telekom" adlı lombarda 1400 manat müqabilində qoyulub.

Cinayətin üstü isə müştərilərin baqajlarındakı dəyərli əşyaların yoxa çıxmasını gördükdən və bu barədə polisə məlumat verdikdən sonra açılıb.

Hüseyn Həmzəyev 2 il 2 ay, tanışı Səid Kərimli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizə qoşulun