Dünən NİDA Vətəndaş Hərəkatının liderlərindən biri Rəşadət Axundovun doğum günü idi. Rəşadət bəyin 30 yaşı tamam olur. Bu münasibətlə onu qutlayıram, arzu edirəm Rəşadət bəyin doğum gününü uca millətimiz təntənə ilə qeyd eləsin, çünki bəyin yaşı az olsa da indiyə qədər ortaya qoyduğu potensialla millətin önündə getməyə layiqliyini isbat eləmişdir. Ümid edirəm türmə rəisi Mədət müəllim qəzetin bu nömrəsini də çırpışdırmayacaqdır və Rəşadət bəy təbrikimizi oxuya biləcəkdir. Fürsət ikən Rəşadət bəy haqda bəzi tərifli fikirlərimizi də yazaq, xəsislik yeri deyil. Doğum günü də bir bəhanə olsun.
Azərbaycan ədəbi-ictimai fikrində bir “Axundov dönəmi” olmuşdur. Bu maarifçilik, aydınlıq çalışmaları 150 ildən çoxdur davam edir, şübhə eləmirəm ki, bir gün bizi də harasa işıqlı yerlərə aparacaqdır. İndi şişirtmədən deyə bilərəm ki, Rəşadət Axundovun simasında Azərbaycan üçün bir sosial-siyasi intibahın da bünövrəsi qoyula bilər. Bizim “2-ci Axundova” böyük ehtiyacımız vardır. İstərdim Rəşadət bəy həyat və fəaliyyətində bunu nəzərə alsın, cəmiyyətimiz üçün oynadığı rolu və yeri heç vaxt zəif qiymətləndirmək fikrinə düşməsin. Ortada bir etimad var, istədin-istəmədin bəzən millət o etimadı sənin boynuna qoyur. Rəsulzadənin boynuna qoyduğu kimi. Davam eləmək, bu “xaçı daşımaq” borcundur.
Açığı, mənim Rəşadət Axundov haqda düşüncələrim bir-iki günün məhsulu deyil, çoxdandır mən onu müşahidə eləyirəm, hərəkətlərinə, davranışlarına baxıb qürur duyuram. Keçən ay NİDA-çıların apelyasiya məhkəməsində bəylə ayaqüstü qısa söhbətimiz də oldu. Üzümə vurmadı, ancaq hiss elədim ki, zindanda əfv ərizəsi yazan dustaqlara yumşaq münasibət bəsləmək çağırışlarıma (mən yazmışdım onlar əsirdir, düşmən əlindədir, başa düşməliyik və sairə) pis baxır. Dedi ki, onları qəti bağışlamaq olmaz, əksinə, qınamalıyıq, yoxsa başqaları da şirniklənir. Ümumiyyətlə, mən onun zindandan bizə verdiyi ürək-dirəyə, səsindəki inama, qətiyyətə və apardığı mübarizənin nəticəsinə arxayınçılığa növbəti dəfə heyran oldum.
Azərbaycan xalqı belə oğullarını tanımalıdır, tanıyacaq da. Zindanda qaldığı 1 il yarım ərzində Axundovun bayırdakı NİDA-çılar haqda hər hansı giley-güzarını eşitmədik. O cümlədən, cəmiyyət və müxalifət haqda da “gəlin qazamatı dəlin, bizi burdan çıxardın, sizdən ötrü tutulmuşuq, niyə susursunuz” və sairə tipində tənqidləri eşidilmədi. Əvvəlki tövrünü dəyişib zindan şeirləri də yazmadı. Halbuki biz müxalif fikirli insanlar qazamata düşərkən bu cür reaksiyalarına adət eləmişik. Halbuki, giley-güzar üçün Axundovun “en” sayda arqumentləri var idi. O saymayıb, biz sayaq. Bilməyənlər də bilsin.
2013-cü il martın 30-da Rəşadət Axundovu yapistlər həbs ediblər. Bundan 12 gün sonra onun oğlu, ilk övladı Araz doğulub. Gənc bir ata üçün körpə övladını doyunca qoxulaya bilməmək nə deməkdir, onun ilk kəlmələrinə həsrət qalmaq, ilk addımlarını görə bilməmək nədir, bunu yazmaq çətindir. Yalnız onu arzu edərdim ki, Azərbaycanda insanları qanunsuz dustaq edən rejim nümayəndələrinin indən belə yüz nəslinin başına eyni hal gəlsin. Bu, qarğış deyil, bir istəkdir, məramdır, demokratik dövlətçiliyimizin prinsipidir, əbədidir, daimidir, dönməzdir! Qayıdaq bəyimizin yanına, bunlar cəhənnəm olsunlar.
Keçən il sentyabrın 14-də yapistlər Axundova növbəti saxta ittihamları irəli sürəndə ictimai sektor pis bir xəbərdən sarsıldı: onun sevimli babası, uzun illər məktəb direktoru işləmiş Ənayət Axundov bu saxtakarlığa dözməyərək damarlarını kəsərək intihar eləmişdi. Bundan düz 2 ay sonra - noyabrın 14-də Axundovun nənəsi də öldü. Deyirdilər ki, Axundov uşaq vaxtı babasının himayəsində yaşayıb, onun təlim-tərbiyəsini görüb. Rejim kənardan çoxsaylı müraciətlərə baxmayaraq Axundovun dəfn mərasimlərində iştirakına icazə vermədi. (Burada “kənardan” sözünü ona görə yazıram ki, Axundovun hər hansı bir şəxsi probleminə, arzusuna, istəyinə görə yapistlərə müraciət yazması qeydə alınmamışdır, ümidvaram belə də davam edəcəkdir).
Dünyada azadlıq, dinc mübarizə simvolu olan insanlar var. Martin Lüter Kinq, Mahatma Qandi, Nelson Mandela... Bunlar şəkillərdə adətən üzügülər düşüblər. Bizim Rəşadət Axundovun da çox fotolarında üzü gülür. Bu, böyük mesajdır.
