Medianews.az
Yas mərasimində israf –
276 baxış

Yas mərasimində israf – İlahiyyatçıdan sərt açıqlama, təkliflər

Hüzr məclislərinin yemək ehsanı olmadan keçirilməsi Azərbaycanda çoxdan müzakirə mövzusudur. Ayrı-ayrı bölgələrdə ehsanın çay süfrəsi ilə məhdudlaşması təşəbbüsləri bütövlükdə mənzərəni dəyişmir. Xüsusilə ölkə əhalisinin az qala yarısının yaşadığı Bakı və ətrafında yemək ehsanı yığışdırılmır. Nə etməli? Dövlətin müdaxilə edib məsələni inzibati yolla nizamlamasına ehtiyac varmı?

Medianews.az-ın sualını cavablandıran ilahiyyatçı Tural İrfan deyir ki, yas mərasimlərində israfçı süfrələr, ümumiyyətlə yasda yemək verilməsi dinin, islam hüququnun əleyhinədir: “Bu yanlış ənənənin ləğvində din xadimləri rol oynamalıdırlar. Onlara hər ay müvafiq fonddan kifayət qədər maddi yardım edilir. Özləri də din ticarəti, Yasin alveri sayəsində normal dolanan vətəndaşdan daha artıq qazanırlar. Hələ bəziləri də məzhəbçiliyi təbliğ edir, əhali arasında ayrı-seçkilik yaradan söhbətlər aparırlar. Bəs bunların xalqa, dövlətə faydası nədir və haçan olacaq? Məgər belə mövzularla, belə məsələlərlə müəllim, yaxud tibb işçisi məşğul olmalıdır, yoxsa din xadimi? Təbii ki, bu, din xadimlərinin vəzifəsidir.

İsrafçı yas mərasiminə din xadimi gətirilmir? Gətirilir. Başda oturdub boşqabın ən irisini onun qarşısına qoyurlar. Gərək öncə onlar bu məsələni qadağan etsin, elə məclisləri aparmasın.

Yaxşı din xadimlərimiz də çoxdur. İsrafçı yas süfrəsindən imtina şərti qoyan din xadimləri tanıyıram ki, kənd camaatı onun bu addımından sonra bir daha yasda yemək vermədilər. Dinlə bağlı ənənələrin çoxunu dəb salan da, yaxud yığışdıran da adətən din xadimləri olur”.

T.İrfan qeyd edir ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bu yöndəki fəaliyyəti və zəhməti böyükdür: “Mütəmadi olaraq təbliğat, təşviqat aparılır, maarifləndirmə işləri görülür. Lakin Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə, bu idarənin nəzdində fəaliyyət göstərən din adamları mühafizəkar mövqe tutur. Araşdırmalarım göstərir ki, məhz həmin qazılar, din xadimləri yasda ehsanın ləğvinin əleyhinədirlər. Təqiyyə edərək verilən göstərişə “yaxşı” deyib sonra öz bildiklərini edirlər. Belə ikili təbliğat şəraitində, əlbəttə, yasda ehsanı ləğv etmək mümkün olmaz. Gərək hər kəs çəkici bir yerə vursun. Hər bir icra nümayəndəliyi, bələdiyyə, habelə din xadimi yas sahibini xəbərdar etməlidir ki, yemək vermək olmaz. Ancaq bir tərəfdən də mərasim evləri tikilir və orada toydakı kimi bahalı menyular təqdim olunur. Bunun qarşısı alınmasa, digər yerlərdə də islahat baş tutmayacaq. Əsasən İran yönlü din xadimləri belə adətləri dəyişmirlər, çünki ağalarının fətvası yoxdur. Ona gərə xaricə maddi, mənəvi, dini, cəhətdən bağlı din xadimləri tamamilə dəyişdirilməlidir. Yoxsa ikibaşlı qərarlar nəticə verməyəcək.

Qafqaz Müsəlmanları İdarəsinin yasda ehsanın ləğvi və dini cəhətdən doğru olmaması ilə bağlı fətvası niyə yoxdur? Məgər ölkədə bu mövzuda qaldırılan məsələlərə həmin idarə baxmırmı? Əgər bu işi dövlət görəcəksə, məsələ inzibati yolla həll olunacaqsa, hər il iki milyon manat pulun ayrıldığı idarə nəyə və kimə lazımdır? Din xadimləri yas məclislərini istədiyi formada idarə edə bilir. İsrafçılığı aradan qaldırmaları, ehsanı ləğv etmələri də mümkündür. Davamlı şəkildə məsciddə yemək ehsanı əleyhinə xütbələr oxunmalı, mətbuatda çıxışlar edilməlidir. Neçə din xadimi sosial şəbəkələrdə, yaxud yaslarda yemək məsələlərinin həlli ilə bağlı danışır, təbliğat aparır? Barmaqla saymaq olar. Bu məsələ sırf din xadimlərinin, ilahiyyatçıların, imamların vəzifəsidir. Elə bir adam yoxdur ki, yaxını vəfat edəndə din xadimi çağırmasın, Quran oxudub, dua etdirməsin. Belə halda din xadimi şərt qoymalıdır ki, gərək yemək olmasın, əks halda oxunan duanın, Quranın savabını bu israfçılıq xarab edəcək. Yəni yas sahibinə anlatmalı, izah etməlidir. Bu, din xadiminin bilavasitə vəzifəsi, borcudur. İslam dininin buyurduğu kimi yas, dəfn məsələlərini də hər kənddən, qəsəbədən bu işi bilən, təcrübəli adamlar, ağsaqqallar yola verməlidirlər”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun