Mayın 5-i mərhum şair Ağa Laçınlının (1940-2007) anım günüdür. Bu münasibətlə yazıçı-publisist, filоlоgiyа üzrə fəlsəfə dоktоru İlham Məmmədlinin "Ağa Laçınlı" oçerkini oxucların diqqətinə təqdim edirik. Oçerk AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun buraxdlğı on cildlik "Azərbaycan ədəbiyyatı"nın yeddinci cildində çap olunub.
Ağa Laçınlı milli poeziyamızda öz dəst-xətti olan, müxtəlif janrlarda və formalarda çoxsaylı əsərlər qələmə almış bir ədib kimi Azərbaycan ədəbiyyatında öz möhürünü vurmuş istedadlı şairlərimizdəndir. O, bədii yaradıcılığını elmi fəaliyyətlə paralel şəkildə davam etdirmiş tanınmış alimlərimizdəndir. Uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş Ağa Laçınlı böyük bir filoloqlar nəslinin yetişməsində xüsusi xidmətləri olan müəllimlərdəndir.
Həyatı. Ağa Əliqəmə oğlu Əliyev 5 may 1940-cı ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşdur. Oğuldərə kəndində ibtidai, Qorçu kəndində yeddiillik məktəbi bitirmişdir. 1954-1959-cu illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Təhsilini başa vurduqdan sonra bir müddət Laçın rayonunun Şəlvə kəndində aqronom işləmişdir. 1960-1963-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
1963-1969-cu illərdə o zamanlar keçmiş SSRİ məkanında ədəbiyyat üzrə yaradıcı insanların formalaşmasında nüfuzlu təhsil ocağı kimi məşhur olan Maksim Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutunun poeziya şöbəsində qiyabi təhsil almışdır. Təhsil aldığı illərdə (1963-1966) Bakıdakı 4 nömrəli Xəzər Dəniz Tikinti Sahəsində və Əli Bayramov adına Makaron Fabrikində fəhlə işləmişdir. Halal zəhmətin kürəsində bişən şair sonrakı həyatını elm və bədii yaradıcılığa həsr etmişdir. 1966-1969-cu illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında katib, texniki katib, ədəbi işçi vəzifələrində çalışmışdır. O, 1969-cu ildən Yazıçılar İttifaqının (Birliyinin) üzvülüyünə qəbul edilmişdir.
Ağa Laçınlı bədii yaradıcılığa 1958-ci ildə Ağdam rayonu “Lenin yolu” qəzetində çap olunan “Çoban” şeiri ilə qədəm qoymuşdur. 1966-cı ildə şairin “Ümid” adlı ilk şeirlər kitabı işıq üzü görmüşdür. Kitabda şairin doğma vətənin, daha çox qoynunda ərsəyə yetdiyi Laçın dağlarının təbiəti və əsrarəngiz gözəllikləri, sabahkı günə böyük ümidlərini əks etdirən lirik şeirləri öz bədii əksini tapmışdır.
Durmuşam buludlar qaynaşan yerdə,
Döyür alaçalpo üzümə mənim.
Qışda qurşağıma qar çıxan yerdə
Yazda gül çıxacaq dizimə mənim.[1]
1970-ci ildən Ağa Laçınlı əmək fəaliyyətini elmi-pedaqoji sahədə davam etdirmişdir. Bakı Dövlət Universitetinin “Dünya ədəbiyyatı” kafedrasında çalışan Ağa Laçınlı 1980-ci ildə “Azərbaycan bayatılarının bədii xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Şairin bu mövzuya müraciət etməsi heç də təsadüfi bir hadisə deyildi. Sarı Aşıq kimi böyük bayatı ustadını yetirən bir mühitdə böyüyüb-başa çatması onun məhz xalq şeirinə və folklora dərin sevgiylə yetişməsində mühüm addım olmuşdur. Namizədlik işində Ağa Laçınlı şifahi xalq ədəbiyyatının ən qədim və poetik cəhətdən bitkin formalarından biri olan bayatıların yaranması və formalaşması prosesini, onların bədii-estetik xüsusiyyətlərini elmi-nəzəri müstəvidə tədqiqata cəlb etmiş, bayatıların Azərbaycan şeirinin sonrakı inkişafına göstərdiyi böyük təsiri elmi dəlillərlə dövriyyəyə gətirmişdir.
Universitet auditoriyalarında tələbələrə dünya ədəbiyyatından mühazirələr oxuyan Ağa Laçınlı bu günümüz üçün də çox aktual olan “Homer dastanlarında türkçülük” adlı doktorluq dissertasiyasını işləyib yekunlaşdırsa da, vaxtsız ölüm onu müdafiə etməyə imkan verməmişdi.
Antik yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı tərcüməçilik sahəsində də geniş fəaliyyət göstərmişdir. O, qədim şumer, antik yunan, qədim Roma, çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, Argentina və başqa xalqların klassik poeziyasından seçmə şeirləri dilimizə çevirmişdir.
Ədəbiyyatşünaslıq və pedaqoji sahədə ciddi fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan elmi-ədəbi cameəsi Ağa Laçınlını daha çox şair kimi tanımışdır. Çünki poeziya onun həyat və ədəbi fəaliyyətinin əsas sahəsini, ömrünün mənasını təşkil etmişdir.
1970-ci ildə şairin “Sakitlik” adlı növbəti şeirlər kitabı işıq üzü görmüşdür. Bu kitabda da şairin əsasən heca vəznində, xalq şeiri ruhunda yazdığı şeirləri toplanmışdır. Daha çox uşaqlıq illərinin ağrılı xatirələri, müharibənin insanlara yaşatdığı məhrumiyyətlər bu şeirlərin əsas ana xəttini və məzmununu təşkil etmişdir.
Sakitlik qoynunda açılıb səhər,
Sükut cilalayır duyğunu, hissi.
Sakitcə süzülüb ilıq şəfəqlər
Öpüşlə oyadır qönçə nərgizi[2].
İkinci Dünya Savaşının atəşi Ağa Laçınlının da həyatını qarsılamışdır. Başqa atalar kimi onun da atasını cəbhəyə aparmışdılar. Körpə bir uşağın ata qayğısı görmək əvəzinə yaşadığı ata niskili, cəbhədən gələn qorxulu ölüm xəbərləri, içində olduğu həyatın məhrumiyyətləri şairin yaddaşında silinməz izlər buraxmışdır. O, bu acı reallıqları poeziyanın dolğun, həyatın real ştrixləri ilə təsvir etmişdir.
Qırxda mən doğuldum, qırx birdə dava,
Başına gəlməyən axı nə bilsin.
Dağıldı qoynuna qonduğum yuva,
Az qaldı dünyam da qaçıb əkilsin[3].
Şairin ilk müəllimi həyatın özü olmuşdur. Müharibənin milyonlarla insana yaşatdığı məhrumiyyətlər, bu insanlar arasında daha çox qayğıya ehtiyacı olan uşaqların hələ bərkiməmiş çiyinlərində ağır yükə çevrilməsi onun yaddaşındakı ən acı səhnələrdən idi. Həyat nə qədər ağır olsa da, şair bu sınaqlardan üzüağ çıxmış, sabahkı günə olan ümidlərini itirməmişdir.
Görüşlü inama ilişib qaldım,
Yaxşı yuxularda yetişdim kama.
Məktəbə getməmiş savad da aldım
Məktub yaza-yaza əsgər atama[4].
1971-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən şairin “Sirli, soraqlı dağlar” adlı növbəti kitabı çap olunmuşdur. Burada da daha çox şairin şəxsi ovqatı, həyata baxışındakı fəlsəfi-estetik düşüncələri, ədəbiyyatın məsuliyyətli yollarında bərkə-boşa düşdükcə yetkinləşməsi bədii sözün dili ilə öz əksini tapmışdır. Təbii ki, o illərdə dövlətin ədəbiyyatla bağlı “sosialist realizmi” metodunun məcburi konyuktur tələbləri qələm adamlarına müəyyən qədər maneələr yaradır, onların ilhamını əsil yolundan sapdırırdı. Lakin bu təsirləri biz Ağa Laçınlının yaradıcılığında o qədər də hiss edilmir. Əvəzində, həyatın istisini-soyuğunu, yaxşısını-yamanını görmüş və bu müstəvidə yetkinləşmiş bir şairin həyata baxışının lirik-emosional dillə ifadəsini müşahidə edirik.
“... O vaxtdan yeddi il keçir. Artıq, Ağa Laçınlı “Ümid” və “Sakitlik” adlı iki kitab çap elətmişdir. Bu yeddi il ərzində mən onu həmişə izləmişəm. O, şeirdən şeirə artır. Cəsarətlə deyərdim ki, təzələşir. Onun misraları canlıdır, doludur; buna görə də həmin misralar bizi düşündürə bilir. “Hazırlıq” şeirinə diqqət yetirək. Bu fəlsəfi şeirdir... Hamı öləcəyini bilsə də, ölümün heçlik olduğunu duysa da, heç kəs öz ölümü haqqında düşünmək istəmir. Lakin xoşbəxt o adamdır ki, ölümə həmişə hazır ola bilsin. Şair ölümə hazırlığı nədə görür?.. Vətən və xalq qarşısında borc ödəməkdə... İnsan avtomat deyil. O həmişə eyni mahnını oxuya bilmir. O səhv də eləyə bilər. Lakin ağıllı adam o adamdır ki, həyat yollarında buraxdığı səhvləri qəbrə aparmasın, elə həyatın yollarındaca düzəldə bilsin”[5].
Ağa Laçınlının yaradıcılığında ana adı ən çox müraciət etdiyi mövzulardandır. Uşaq yaşlarından ana himayəsində böyüməsi, övladlarını böyütmək yolunda anasının gözüylə od götürməsi şairin qəlbində anasının əzəmətli heykəlini ucaltmışdır. Müharibənin girovuna çevrilmiş milyonlarla anaların çəkdikləri iztirablar, bütün yaşadıqları çətinliklərə rəğmən anaların hər məqamda balasının hər sözünə “can” deməsi ana ürəyinin nə qədər genişliyindən, övlada olan sevgisinin sərhədsizliyindən xəbər verir. Şair də məhz bu ilahi duyğuları sözün diliylə oxucuya çatdırır.
Ah! Ana övlada qıymaz ki, qıymaz,
Dinirəm, “can” olur sözü, cavabı.
Bəlkə də o məni danlasa bir az,
Çəkməzdim bu qədər vicdan əzabı[6].
“Ağa Laçınlı şeirdə mövzu genişliyinə xüsusi diqqət yetirir və götürdüyü mövzuya ötəri münasibət bəsləmir; onu dərindən müşahidə edir, poetikasını duymağa, poetik məqamları tutmağa cəhd göstərir, buna nail olur”[7].
Ağa Laçınlının müraciət etdiyi mövzular bir-birini təkrarlamır, hər şeirində yeni bir obrazı, həyat səhnəsini gözlərimiz önündə sərgiləyir. Hamısını da eyni bir qayə birləşdirir: dünyamızı, insanları xoşbəxt görmək, pisliklərdən uzaq olmaq.
Yeri gəlmişkən, ana mövzusunda klassik ədəbiyyatımızdan üzübəri saysız sayda əsərlər, poemalar, şeirlər yazılıb. Dünya var olduqca da bu mövzu ədəbiyyatın əsas aparıcı mövzularından biri olaraq qalacaq. Şairin hər yeni dərc olunan kitabının da əsas xəttini ana mövzusu təşkil edir. Ağa Laçınlının şeirlərində ana haqqındakı həzin xatirələri o qədər səmimi, o qədər canlıdır ki, onu həyacansız oxumaq olmur. Sanki şair bütün övladlar adından anaya müraciət edir, onların dilə səmimi övlad duyğularını analara çatdırır. Bu anda şeiri oxuyan hər bir oxucunun gözləri önündə sanki bir anlıq öz anasının obrazı canlanır. Əsil sənətin gücü və böyüklüyü də elə bundadır.
...Bahar bayramından ay yarım keçib,
Qovurğa payımı saxlayır yenə.
Nə vaxtsa əlinə bir alma keçib
Onu da düyübdür düyünçəsinə[8].
“Ağa Laçınlının şeirlərində vətənpərvərlik və humanizm motivləri çox güclüdür. Bu motivlər onun yaradıcılığında müxtəlif formalarda, rəngarəng ifadə tərzlərində təzahür edir. O, insanlardan və onların əməllərindən yazanda da, təbiətdən və uşaqlıq xatirələrindən bəhs edəndə də, dostluqdan, qardaşlıqdan və siyasi mövzulardan danışanda da bunların hamısını vətənpərvərlik mövqeyindən qiymətləndirir və vətənimizin tərəqqisinə bağlayır”[9].
Ağa Laçınlı şeirlərində vətən sevgisini yüksək pafosla, ritorika ilə izhar etmir. Sadə, ləngərli ifadələrlə, bitkin deyimlərlə bu sevginin ucalığını, əbədiliyini oxucunun gözləri önündə canlandıra bilir.
Həyatını ədəbiyyata, poeziyaya həsr etmiş şair zamanın çox çətinliklərini yaşasa da, sabahkı günə olan ümidlərini heç vaxt itirməmişdir. Bütün varlığıyla inanmışdır ki, masa arxasında keçirdiyi zülmət gecələri onu aydın sabahlara açılacaq yol yoldaşıdır. O yaxşı dərk edir ki, insan xoşbəxtliyi zəhmətin və inamın məhsuludur. Bu inamla da şair yazıb-yaratmaqdan yorulmur.
Mən hələ ki namizədəm,
səbrin olsun gülmə buna.
Gülmə tənha cəfakeşin
tilsim qırmış uğruna!
Cırmağımla cığır açdım, –
cığırım yol namizədi,
Ağrı çəkmiş arzularım
Öz kamıyal üz-üzədi!
Namizədəm, gülmə barı,
Tapmaq üçün cavabları –
Saf su kimi içmişəm mən
Kip örtülmüş kitabları![10].
Ağa Laçınlının elmi-ədəbi fəaliyyətini izlədikcə onun çox zəhmətkeş və məhsuldar bir yaradıcılıq yolu keçdiyinin şahidi oluruq. Çap olunan kitabları nə mövzu, nə də bədii-poetik deyim baxımından bir-birini təkrarlamır. Şair mövzu seçimində də heç bir çətinlik çəkmir. Təbiət və həyat daim ona yeni mövzular verir. Onun yardıcılığında dəyişməyən mövzular isə yalnız ana, vətən və ana təbiətdir. Hər ikisinə də ürək qanıyla, övlad sevgisi ilə ürəyini qoyur. “Ana duyğusu” şeirində şair bu hisslərini daha səmimi şəkildə dilə gətirir.
Doğrusu, bir vaxtlar inanmazdım mən,
Anam yazanda ki: “duyğum həssasdı”.
Deyirdim ünyetməz bir məsafədən
Bəlkə ürəyimə o, qulaq asdı.
Budur son məktubu – soruşur məndən:
“Başında nə vardı beş-on gün əvvəl?”
Düzü, qızdırmışdım soyuqdəymədən,
Anam gor necə də duymuş əlbəəl![11]
Şairin dili xalqın zəngin söz xəzinəsindən, folklordan qidalanır. Anadilli poeziyamızın gözəl örnəklərini yaradan Ağa Laçınlı yaradıcılığı dilçilərimiz üçün də böyük bir xəzinədir və ciddi tədqiqat obyekti ola bilər.
Çölçüydük,
odunçuyduq,
karvançıydıq, kim idik...
gedirdik güney-güney,
aşırdıq gədik-gədik.
Biz ürəklə gedirdik – ürək gümana bağlı,
Yayımız xoş üzlüydü, qışımız qaş-qabaqlı.
Boran qopan quzeydə qalın qara düşürdük,
Heç duymurduq –
Gözümüz necə alacalandı,
Bizə elə gəlirdi, –
dünya birdən dolandı,
bu qış yaza calandı.[12]
Şair ana təbiəti yaxşı tanıyırdı, onun gülünün, çiçəyinin dilini bilirdi. Ona görə də şeirləri bu qədər xəlqi və milli alınırdı. Hər gülü, çiçəyi öz dilində danışdırmağı bacaran Ağa Laçınlı doğma vətənin cənnətməkan bir diyar olduğunu da təbii lövhələrlə oxucunun gözləri önündə canlandırırdı.
Cavab al gecikən suallarına,–
Səfərə çıxmışdım... gəzib gəlmişəm.
Sən gendən baxanda dağ yollarına,
Mən düymə qönçəni üzüb gəlmişəm.
Şehliykən yığmışam yaşmaqlı gülü,
Məni üskük badə məst eləyibdi.
Südlü məröycəni, sütül sünbülü
Tamarzı əllərim dəstələyibdi[13].
Ağa Laçınlı doğma vətənini və onun övladlarını çox sevdiyindən daim onları xoşbəxt görmək istəyirdi. İnsanları bir-birinin qədrini bilməyə, sevib-sevilməyə səsləyirdi. Şeirlərindəki bu humanizm, insan sevgisi onun şəxsi xarakterindən doğan başlıca xüsusiyyət idi.
İnsan tez götürə insan ərkini,
Heç kimsə dönməyə qorxulu devə.
Ağıllı dəlini, gözəl çirkini,
Bəxtiyar bədbəxti bəyənə, sevə.
Bu dünya bəzənə, aləm yaz ola.
Hamıya tuş gələ könül həkimi,
Ağrı qərib düşə, nisgil azala.[14]
Poeziyanın əbədi mövzularından olan məhəbbət Ağa Laçınlı yaradıcılığında da parlaq lövhələrlə öz bədii əksini tapmışdır. Şairin sadə, səmimi duyğuları dilimizin geniş imkanları müstəvisində sevən aşiqin çəkdiyi iztirabları, bu iztirabların işığında yaşanan xatirələrin kövrək ovqatını əks etdirir.
Ay insafsız, mənə meylin vardısa,
Barı bunu bəxt yanmamış deyəydin.
Adın ada qaynaq olub bitməmiş,
Əlin ələ toxunmamış deyəydin.
Kiridəydin üzə düşən hirsini,
Əridəydin bu həsrətin hisini.
Ürəyinin köz bağlayan hissini
Ürəyimdə ox sınmamış deyəydin.[15]
Şairin qəlbində hər zaman azadlıq eşqi dağ çayları tək coşub-çağlamışdır. O, yaxşı dərk edirdi ki, adına azadlıq ölkəsi deyilən məmləkət əslində qullar ölkəsidir. Xalqın sərvətini talayanlar onun gözünə kül üfürürlər. “Sıxın bizi” şeirində şairin daxilində püskürən azadlıq arzusu sistemə bir ölüm hökmü kimi səslənirdi.
Biz qapqara qullarıq – aclarıq, yoxsullarıq,
yığıb öz varımızı yağılara yollarıq.
Sıxın bizi, bərk sıxın!
Döyün bizi, bərk döyün!
Yıxın bizi, bərk yıxın!
Yeyin bizi, bərk yeyin!
Bəlkə bir mənliklənək,
qəlbilərə diklənək.
Toplayaq özümüzü,
göstərək gücümüzü!..[16]
Ağa Laçınlının poeziyasında bədii məcazlar, bənzətmə və metaforalar yüksək sənətkarlıqla öz bədii əksini tapmışdır. Pedaqoji fəaliyyəti, daim ədəbi prosesin içərisində olması və geniş mütaliəsi şairin dünyagörüşünün və bədii dilinin cilalanmasında böyük təkan olmuşdur. Ona görə də şairin sonrakı dövr yaradıcılığında bu yeni deyimlərin, bədii məcazların şahidi oluruq.
Duman minib yəhər dağı,
Dəvə qaya hürküclüdü.
Çapıq daşın çarpanağı
Neştərlidi, ülgüclüdü.
Yağış çölü çimizdirib,
Otu xıncıb sel vəlləri.
Ac qurdlara acıq verib
Döşdə süzür dağ kəlləri.[17]
Şair cəmiyyətdəki əyintilərə, nöqsanlara qarşı da heç bir zaman biganə qalmamışdır. Başqalarının hesabına yaşamağı özlərinə həyat norması seçən, yaxşı insanların ayaqlarının altını qazan, öz şəxsi mənafelərini hər şeydən üstün tutan bu yalaq-yaltaqlarları, yalotu adlandırdığı bu antipodlar bütün zamanlarda cəmiyyət üçün ən təhlükəli viruslar sayılmışlar. Onlar Ağa Laçınlının “söz gülləsindən” yayına bilməmişdilər.
Yel hara əsirsə ora əyilir,
Yerini bərkidir o ildən-ilə.
Palıd birdən sınır, biryolluq ölür,
Yalotu boy verir yaltaq fənd ilə.
Yalmanıb küləyin əlindən öpür,
Eyninə gəlməyir bu alım-çalım.
Bəzən bir üzünə çovğun tüpürür,
O biri üzünü çevirir zalım.
Qırmancı, qınağı elə udur ki,
Guya xoşhallanır bu qalmaqalda.
Adamı yandıran elə odur ki,
Yalotu yer tutub ən uca yalda.[18]
Ağa Laçınlı yadların-yağıların yüz illər boyu vətənimizi çapıb-talamamalarının, çəkdiyimz bəlaların əsas səbəbini milli birliyimizin olmamasında görür. Milləti birliyə, diriliyə çağırır.
Mən nə bilim, ay başına döndüyüm,
Bu bəlalar haçanacan qalacaq!
Zülmün evi, zalımlığın yuvası
Əyri özül uçanacan qalacaq!
Satqınımız sağır düşüb sağılar,
Birliyimiz darı kimi dağılar.
Bizdən olub bizi udan yağılar
Gəlmə yadlar qaçanacan qalacaq![19]
Azərbaycanın ikiyə bölünməsi milli varlığımızda əsrlər boyu sağalmayacaq yaralar açıb. O zamandan da ikiyə bölünmüş vətən mövzusu o tay-bu taylı poeziyamızın əsas mövzularından birinə çevrilib. Son iki əsrdə bu mövzuda yazılan şeirlərin sayını hesablamağa da zaman çatmaz. Ağa Laçınlı da bu mövzuda yazarkən o səhnələri ürək qanı ilə canlandırır.
Bir zaman bir imiş, indi ikidi,
Gözünə dağ oldu böyük gələcək.
Özü də bilmədi heç kiminkidi,
Bilmədi axırı necə gələcək.
Oyula-oyula oyuna düşdü,
İlkinə od vurdu ikiləşməyi.
Son borcu bir elin boynuna düşdü,
O zülmü sevmədi, biz güləşməyi.[20]
Şair millətin başına gələn bu faciənin də kökünü bir olmamağımızda, birlikdən uzaq düşməyimizdə görür.
Şair gənc nəslin yadına salır ki, dünyada hər şeyin bölünməsinə dözmək olar, yalnız vətənin bölünməsindən başqa. Bölünmüş vətənin övladları da heç zaman başı dik, alnı açıq gəzə bilməz. Vətən yarası sağalmayınca insanın şəxsi xoşbəxtliyindən də danışmaq olmaz.
Acıqlı təpiklə az döyülmədi,
Gümanı qat verdi qara nisgilə.
Qılınc qabağında çox əyilmədi,
Qurğu qalasında çox qaldı belə.
Yiyəsiz gəmidi, su basan ada,
Onun ağısına siz qulaq asın.
İnsanın hər nəyi iki olsa da,
Təki bir Vətəni iki olmasın.[21]
Ağa Laçınlı Azərbaycan ədəbiyyatının öyrənilməsi və gənc nəsil arasında təbliği sahəsində də yorulmaz fəaliyyət göstərmişdir. O, 1967–2006-cı illərdə işlədiyi filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq etmişdir. Burada gənclərin bədii ədəbiyyatın əsas missiyası, ədəbi əsərlərin mövzu və ideya baxımdan işlənməsiylə bağlı tələbələrə elmi-nəzəri məsləhətlər vermiş, onların yazılarını redaktə edərək ətə-qana doldurmuşdur. Bu gün ədəbiyyatımızın bir çox tanınmış nümayəndələri vaxtı ilə Ağa Laçınlının rəhbərlik etdiyi dərnəyin üzvləri olmuşdur.
Şairin mayası halaldan tutulduğundan ətrafındakıları da belə görmək istəyirdi. Halal zəhməti həyatının mənası hesab edən ədib torpağı, havanı müqəddəs varlıq kimi ömrünün mənası hesab edirdi.
Gəl, a dəyirmançı, üyüt dənimi,
Dənim tərtəmizdi, dənim durudu.
Onu göy suvarıb, torpaq yetirib, –
O yağış ətridi, günəş nurudu.
Dənimin hər biri inci dənəsi,
Gəl, a dəyirmançı, özün halısan.
Bəlkə mən deyiləm incidiləsi,
Buğdanı arpadan ayırmalıyam.[22]
Ağa Laçınlının Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxumuşdur. Onun əsərləri dünyanın bir çox ölkələrində (Rusiya, Fransa, Türkiyə, ABŞ, Çin, Hindistan, Polşa, Ukrayna, Belarus, Gürcüstan, Bolqarıstan, İraq və s.) çap edilmişdir.
Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Laçın həsrəti ilə Bakı şəhərində vəfat etmişdir.
Şairin zəngin bədii, elmi irsi ədəbiyyatımızın və ədəbiyyatşünaslıq elmimizin ən qiymətli nümunələrindəndir. İnanırıq ki, nə vaxtsa bu zəngin xəzinəyə yenidən diqqət yönəldiləcək və onun yüksək səviyyədə tədqiqinə imkan yaradılacaqdır.
--------------
[1] Ağa Laçınlı. Ümid. Bakı: Azərnəşr, 1966, səh.7
[2] Ağa Laçınlı. Sakitlik. Bakı: Azərnəşr, 1970, səh.3
[3] Ağa Laçınlı. Alın yazımız. Bakı: Yazıçı, 1992, səh.10
[4] Ağa Laçınlı. Alın yazımız. Bakı: Yazıçı, 1992, səh.10
[5] Bəxtiyar Vahabzadə. Yaratmaq eşqi. Ağa Laçınlı. Sirli-soraqlı dağlar. Bakı: Gənclik, 1992, səh.4
[6]Ağa Laçınlı. Ana duyğusu. Bakı: Gənclik, 1976, səh.10
[7] Süleyman Rəhimov. Bir neçə söz. Ağa Laçınlı. Sevgimizlə sevindirək. Bakı: Yazıçı, 1981, səh.6-7
[8]Ağa Laçınlı. Ana duyğusu. Bakı: Gənclik, 1976, səh.10
[9]Qulu Xəlilov. Həyat nəfəsli şair. Ağa Laçınlı. Sevgimizlə sevindirək. Bakı, Yazıçı, 1981, səh.8
[10]Ağa Laçınlı. Sevgimizlə sevindirək. Bakı: Yazıçı, 1981, səh.28
[11]Ağa Laçınlı. Ana duyğusu. Bakı: Gənclik, 1976, səh.5
[12] Ağa Laçınlı. Alın yazımız. Bakı: Yazıçı, 1992, səh.99
[13] Ağa Laçınlı. Alın yazısı. Bakı: Yazıçı, 1992, səh.187
[14] Ağa Laçınlı. Vaxt yetişəndə. Bakı: Gənclik, 1980, səh.93
[15]Ağa Laçınlı. Ay işığı. Bakı: Yazıçı, 1992, səh.86
[16]Ağa Laçınlı. Alın yazımız. Bakı: Yazıçı, 1992, səh.78
[17] Ağa Laçınlı. Ay işığı. Bakı: Yazıçı, 1992, səh.87
[18]Ağa Laçınlı. Gecə yuxusu. Bakı: Yazıçı, 1992, səh.77
[19]Ağa Laçınlı. Alın yazımız. Bakı: Yazıçı, 1992, səh.145
[20]Ağa Laçınlı. Alın yazımız. Bakı: Yazıçı, 1992, səh.3
[21] Ağa Laçınlı. Alın yazımız. Bakı: Yazıçı, 1992, səh.3
[22]Ağa Laçınlı. Aşırımlar qarşısında. Bakı: Yazıçı, 1978, səh.39