Medianews.az
Hekayəti Xəlilov zəlzələşünas
640 baxış

Hekayəti Xəlilov zəlzələşünas

zamin yeni raz
Oktyabrın 8-də Biləcəridə partlayış oldu, ölən və yaralananlar var. İlkin versiya supermarketin əlavə tikilmiş anbarında qaz partlayışıdır.
Amma bu sadə partlayış deyil, şəxsən mənə bir neçə cəhətdən maraqlı gəldi.
Birincisi, əraziyə yaxın yaşadığım üçün oranın necə tikildiyini bilirəm. Vaxtilə orada bir sahibkarın kiçik sexləri (şüşə emalı, təmir üzrə) vardı. Bir gün Ziya Məmmədovun və Hacıbala Abutalıbovun rəhbərlik elədiyi qoçu dəstələri buldozerlə hücuma keçib obyektləri yerlə-yeksan etdilər. Guya orda yolu genişləndirəcəkdilər. Ancaq həmişəki kimi, ərazidə göydələn tikib satdılar, altında da həmin supermarket və indi partlayan anbarlar yarandı. Sahibkar əlində mülk kağızı uzun illər ora-bura yazdı. Hətta məhkəmələrdən biri sahibkara 150 min manat cərimə ödənməsi haqda qərar da çıxartmışdı, Ziya Məmmədovun idarəsindən isə belə cavab gəlmişdi: “Nəqliyyat Nazirliyinin büdcəsində hazırda pul yoxdur, olan kimi ödəyəcəyik”. Təsəvvür edirsinizmi? Hər il yol yamaqlama layihələrinə azı 1 milyard manat dövlət vəsaiti basıb yeyən nazirliyin guya pulu olmamışdı. Belə həyasızlıq partlamasın neynəsin?
İkincisi, partlayan obyektin düz böyründə - hardasa 20-30 metrliyində mülki müdafiə üzrə ölkənin ən böyük hərbi hissələrindən biri yerləşir. Bu qoşun FHN-ə tabedir. Əgər FHN öz obyektinin burnunun ucunda qaz təhlükəsizliyi, binadan istifadə qaydalarına nəzarət edə bilmirsə, uzaqda necə edəcək? Rüşvət alıb yalandan-palandan təhlükəsizlik qaydaları jurnallarına imza atmağın axırı belə olur. Belə FHN-i, belə hökuməti olan ölkədə biz hələ sağıqsa, sağ tikəmiz qulağımız boyda deyilsə, buna görə qədim yunanların təsadüf və şans ilahəsi Tike xanıma minnətdarlığımızı bildirməliyik. Yolu Afinaya düşənlərimiz orda qurban kəssinlər.
Üçüncüsü, dördüncüsü, beşincisi... Yaxşısı budur o birilərini yazmayaq. Ehtiyac yoxdur. Camaata elə ilahələrə, pirlərə, mistik qüvvələrə inam lazımdır. Dünən bir xəbər oxudum, xeyli güldüm. (Klassiklərimizin əsərləri haqda deyilən “göz yaşları içində gülüş” ifadəsinə gülməyim tutur. Burda ağlamağın yeri yoxdur. Ağlanası mərhələni adlamışıq. İndi ancaq isterik şəkildə gülmək olar). Bir zəlzələşünas lotu var idi, Elçin Xəlilov adında. Səfər Əbiyevin vaxtında bunu Müdafiə Nazirliyində işə götürmüşdülər. Guya tektonik silah qayırırdı. Bir növ, nəzəriyyəçi Həmid Herisçinin praktik həmkarı idi. Sonra dükana təzə nazir gəldi, bunun da təbii ki, öz “satıcıları” var idi və Xəlilovu tutub basdılar qoduqluğa.
Mənə gülməli gələn nədir, onu yazım, yoxsa köşəni lotulara icarə vermək fikrim yoxdur, qorxmayın. Elçin Xəlilov Bakıda və respublikanın müxtəlif yerlərində dövlətə məxsus obyektləri şəxsi məqsədləri üçün istifadə edirmiş, bu zaman onlara... xüsusi kod adları qoyubmuş! Məsələn, “Gəmi”, “Qusar”, “Zəlzələ-1", ”Zəlzələ-2", “Dəniz”, “Çaykənarı” və sairə (mənbə: analitik.az saytı). Dövlət büdcəsindən MN xətti ilə ayrılan pulları sənədlərdə bu obyektlərə yönəldirmiş. Hamı da elə zənn edirmiş ki, bunlar gizli, hərbi obyektlərdir. Ancaq istintaq müəyyən edib ki, bunlar Xəlilova, onun qohumlarına məxsus biznes obyektləri, villalar, evlərdir.
Necə istedadlı fırıldaqçılar var... Əhsən! Mən həmişə “20 yanvar” tərəfə gedəndə üzərində “Alov zavodu. Müdafiə Sənayesi Nazirliyi” sözlərini görəndə fikirləşirdim görəsən burda nə yandırırlar, bəlkə eşşək dağlayırlar. İndi Xəlilovun dövlətçilik təcrübəsindən çıxış edərək “Alov”un yoldaş Camalova məxsus kababxana olmasını zənn edə bilərik.
Sonda bir tarixi faktı yada salaq. Axundovun məşhur pyesi “Molla İbrahimxəlil kimyagər” əsərində misdən gümüş “qayıran” fırıldaqçıdan, onun toruna düşən avamlardan bəhs edilir. Bu obrazı Axundov real həyatdan götürüb: 19-cu əsrin əvvəllərində indiki Oğuz rayonunun Kəldək və Xaçmaz kəndləri ərazisində İbrahimxəlil adlı bir lotu yaşayıb. O, hətta çar Rusiyası boyda imperiyaya papış tikibmiş, barmağına dolayıbmış! Torpağa bir az gümüş ovuntusu qatıb quberniya idarəsinə aparıb, dağda guya gümüş emalı zavodu açmaq üçün hökumətdən 4 min rubl beh alaraq aradan çıxıbmış.
Xəlilov İbrahimxəlil irsinin layiqli davamçısıdır.

Bizə qoşulun