ABŞ Prezidenti Donald Trampın bütün ölkələrdən idxala şamil olunacaq 10% rüsum tətbiqi qərarı qlobal ticarətdə gərginliyi artıra və bazarlarda dalğalanma yarada bilər. Dünya iqtisadi artımı zəifləyərsə, neft qiymətləri enə bilər ki, bu da Azərbaycanın büdcə gəlirlərinə təsir edər. Qısamüddətli dövrdə dolların möhkəmlənməsi manatın məzənnəsinə dolayı təzyiq yarada bilər.
Neft qiymətlərində mümkün eniş Azərbaycan büdcəsinə necə təsir edər? Azərbaycanda hansı sahələr əlavə idxal rüsumu ilə qorunmalıdır? Ölkəmizdə hansı məhsullara idxal rüsumu var və nə qədərdi? Daxili istehsalı stumullaşdırmaq üçün hansı məhsullara idxal rüsumu tətbiq olması yaxşı olar?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Medianews.az-a bildirib ki, Donald Trampın 10 faizlik tariflər tətbiq etməsi əslində əvvəlki dövrlərlə müqayisədə daha müsbət qiymətləndirilə bilər.

Onun sözlərinə görə, daha əvvəl bəzi ölkələr üçün tariflər daha yüksək idi və hazırkı qərar bir sıra istiqamətlər üzrə azalmalarla müşayiət oluna bilər:
“Neftin qiymətinə təsir edən amillər təkcə tarif siyasəti ilə məhdudlaşmır. Dolların dünya valyutalarına nisbətdə zəifləməsi də mühüm faktordur və bu, Tramp administrasiyasının ixracı stimullaşdırmaq məqsədilə apardığı düşünülmüş siyasətin tərkib hissəsidir. Dollar indeksinin aşağı salınması ABŞ məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini artırmağa xidmət edir.
Hazırda neftin qiymətləri əsasən geosiyasi gərginlik fonunda yüksək səviyyədə qalır. İran ətrafında baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsinin davam etməsi və.s. Ona görə də hələlik qiymətlər 70 dollar civarındadır və bu da kifayət qədər yüksəkdir. Amma istənilən halda bu il ərzində geosiyasi gərginlik azaldıqca qiymət də düşəcək. Azərbaycana da bunun mənfi təsirləri var. İxracatımızın 90 faizinə yaxını neft və neft məhsulları, təbii qazdır. Qiymət düşən kimi ölkəyə daxil olan valyutanın həcmi də azalır”.
Ekspertin sözlərinə görə, Azərbaycanda daxili istehsal hələ kifayət qədər güclü deyil ki, onu yüksək rüsumlarla qorumaq mümkün olsun:
“Hazırda ölkədə idxal rüsumları üç pillə üzrə – 0, 5 və 15 faiz səviyyəsində tətbiq edilir və idxal olunan məhsulların böyük hissəsi 15 faiz rüsumla ölkəyə gətirilir. Bu göstərici ABŞ-ın tətbiq etdiyi 10 faizlik tarifdən də yüksəkdir.
Bəzi məhsullar üzrə vergi və rüsum yükü kifayət qədər yüksəkdir. Məsələn, dərman preparatlarına əlavə dəyər vergisi 18 faiz təşkil edir. Avtomobillər və ehtiyat hissələri üzrə də rüsumlar yüksəkdir. Daxili istehsal zəif olduğu halda idxal rüsumlarının artırılması daha çox bahalaşmaya və qiymət artımına səbəb ola bilər ki, bu da vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərər”.
N.Cəfərli sonda vurğulayıb ki, əsas prioritet rüsumları artırmaq deyil, ölkədə istehsal sahələrinin genişləndirilməsi və yerli istehsalın gücləndirilməsi olmalıdır. Yalnız bundan sonra daxili bazarın qorunması istiqamətində əlavə addımların atılması məqsədəuyğun hesab edilə bilər.
Oğuz Ayvaz
Medianews.az