Almaniyadan daha 9 həmvətənimizin ölkəmizə qaytarılmasından bəhs edən informasiyanın ikinci abzasında belə bir cümlə vardı: “Rəsmi statistikaya əsasən, 2020–2025-ci illər ərzində 16 müxtəlif ölkədən 2 min 235-dən çox Azərbaycan vətəndaşı readmissiya edilib”.
Beş ildə 2 235 adamın yenidən ölkəyə qaytarılmasını ifadə edən “readmissiya” termini nadir rast gəlinən, az işlənən kəlmədir, ikitərəfli və ya çoxtərəfli müqavilələrə əsasən, qanunsuz olaraq başqa bir dövlətə daxil olmuş və ya orada yaşayan vətəndaşlarını yenidən qəbul etmək üçün dövlətin razılığıdır.
Readmissiya deportasiya və ekstradisiyadan fərqlənən aktdır, qanunsuz miqrasiya ilə mübarizə mexanizmidir.
Bu, o deməkdir ki, son illərdə ölkəyə qaytarılan miqrantların taleyi Azərbaycan hakimiyyəti ilə öncədən razılaşdırılır. Buraya yəqin ki, onların ölkəyə qayıdandan sonra təqib edilməməsinə dair zəmanət də daxildir. Çünki başqa ölkədə sığınacaq axtaranların bir çoxu həmin ölkədə yerləşmək üçün öz ölkələrindən siyasi təqib motivi ilə çıxdıqlarını bəyan edə bilərlər.
Belələri isə çox olub. 1995-ci ildən başlayaraq ta dünənlərə qədər Avropa ölkələrində sığınacaq almaq üçün ən etibarlı yol vətəndə siyasi partiya üzvü olduğunu, kütləvi aksiyalarda iştiraka görə təqib-təzyiqə məruz qaldığını iddia etmək idi.
Lap əvvəllərdə bu kimi aktlar (təqib-təzyiq) yayğın olduğundan Avropa dövlətləri (xüsuslə də Almaniya, Niderland, İsveç) siyasi sığınacaq istəyənləri həvəslə qəbul edir, yerləşdirirdi. Ancaq sonradan bu ölkələr siyasi miqrant axınının selə çevrildiyini görərək uyğun müraciətləri araşdırmağa başladılar.
Bu, artıq o vaxt idi ki, minlərlə vətəndaş müxalifət qüvvələrinin vaxtaşırı keçirdiyi mitinqlərdə iştirak edir, mitinq kütləsinin fonunda şəkil çəkdirir, digər sənədləri də düzəldib, hansısa yolla Şengen zonası ölkələrinin birinə viza alır və təyyarəyə oturub “siyasi qaçqın” olur, “Berlinə qədər gedirdilər”.
Hətta icazəsiz mitinqlərdə özünü qəsdən polisə tutduran, başqa bir yaxını tərəfindən tutulma, aparılma, polis maşınına mindirilmə anının şəklini çəkdirən, necə deyərlər, “daşdan keçən sənəd” düzəltdirənlər vardı.
Normal prosedurla aparıcı müxalifət partiyalarının birinə üzv olan, üzvlük biletini aldığı günün ertəsi təyyarə bileti sifariş edənlər də N qədər idi. Köhnə müxalifətçilər, illərdən bəri meydanlarda can qoyanlar kənarda qalırdı, günortadan sonra “müxalifətçi” olanların xarici ölkələrdə oturum və vətəndaşlıq almaq məsələsi daha asan düzəlirdi.
Ancaq bu tendensiya öləzidi. Yuxarıda adı çəkilən ölkələrin miqrasiya idarələri araşdırmağa başladılar və ortaya çıxdı ki, gələnlərin böyük əksəriyyəti heç də siyasi fəal deyillər, ömürlərində bir aksiyada iştirak etməyiblər, partiya üzvlükləri formaldır, hətta öz partiyasının liderlərini belə tanımırlar.
Həmin vaxt (təxminən 2015-ci ildən sonra) Avropa ölkələrində dünyanın dörd bir yanından gələn miqrantlara münasibət mənfiyə doğru dəyişdiyindən o cür adamları qrup-qrup, dəstə-dəstə təyyarələrə doldurub öz ölkələrinə yola salmaq praktikası yarandı. O zaman bu aktın adı deportasiya idi, readmissiya (göndərən və qəbul edən dövlətlərin arasındakı razılaşma) 2020-ci ildən sonra işə düşdü.
İndi məsələnin başqa tərəfinə baxaq. 35-40 il boyunca öz ölkəsində pis-yaxşı yaşayan, ev-eşik quran, iş-güc yiyəsi olan adamlara birdən-birə nə olmuşdu ki, evlərini, avtomobillərini satır, işdən çıxır, ailə-uşağını da götürüb “avropalı olmaq” qərarına gəlirdi? Yuxarıda dediyimiz kimi, onların böyük əksəriyyətini nəinki təqib edən, heç onlara güldən ağır söz deyən yox idi. Bəziləri hətta dövlət vəzifələrində işləmiş, babat varidat toplamışdı, amma gülünü dərdiyi ölkədə yaşamaq istəmirdi.
Belə adamlar öz yaxınları ilə söhbətdə səmimi olur, mühacirətlərinin əsl səbəbini deyirdilər: “Burada gələcəyə etibar yoxdur. İstəmirəm övladlarım belə mühitdə böyüsünlər. İstəyirəm normal cəmiyyətdə yaşasınlar, inkişaf etsinlər, bir tərəfə çıxsınlar, xoş gün görsünlər”.
Doğrudan da məmur olmuş, haram yolla sərvət toplamış və buna görə də bir gün ortalığa çəkiləcəyindən qorxanlar ayrı, bəs evi-eşiyi, avtomobili, işi-gücü olan, yaxşı qazanan bir həkimin yaşının 40-da ölkə dəyişməyinin başqa nə səbəbi ola bilərdi?
İndi budur, geriyə köç başlanıb. Tutarlı səbəblərdən Avropaya köç edənlər, yerli cəmiyyətə adaptasiya olanlar, vətəndaşlıq alanlar heç, amma əsasən 2015-ci ildən sonra “avropalı olmaq” istəyənlər üçün böyük təhlükə var. Onlar readmissiya çərçivəsində yavaş-yavaş geri göndərilirlər və bu proses davam edəcək. ABŞ və firavan Avropa ölkələrindən hər gün neçə-neçə təyyarə onları öz ölkələrinə (Anqoladan Zimbabveyə qədər) qaytarır.
Bununla belə, elə ölkələr olacaq ki, sırf siyasi səbəblərə görə sığınacaq verdikləri şəxsləri geri verməyəcəklər. Onlar hesab edirlər ki, vətənlərində onların həyatı və azadlığı üçün təhlükə var. Ancaq bu işi də bilmək olmaz. İstənilən ölkədə Tramp kimi birisi hakimiyyətə gələ, belə məsələlərə yenidən baxa bilər. (Artıq hər ölkədə Trampkimilər fəsiləsindən olan siyasilər var).
Xalid KAZIMLI