Medianews.az
“Bəziləri hakimiyyətə gəlmək üçün...” -
277 baxış

“Bəziləri hakimiyyətə gəlmək üçün...” - Prezident İlham Əliyev

Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb.

Medianews.az xəbər verir ki, dövlətimizin başçısı Kərkicahan sakinlərini 34 ildən sonra doğma torpağa qayıtmaları münasibətilə təbrik edib: “Şükür Allaha, torpaqlarımız işğalçılardan azad olundu və bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən bu gün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir. Yəni “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün”.

Prezident İlham Əliyev daha sonra bildirib: “1991-ci il dekabrın sonunda Ermənistan dövləti sizi öz dədə-baba torpağınızdan didərgin salmışdı. Dekabrın sonu idi və indi 2025-ci il dekabrın sonunda ədalət burada da, bu torpaqda da tam bərqərar olur. Əlbəttə, təsəvvür etmək çətin deyil ki, bu illər ərzində necə əzab-əziyyət içində yaşamısınız. Həm ev şəraiti, həm mənəvi əzab, ədalətsizlik hissi. Amma əminəm, siz də bütün xalqımız kimi inanırdınız ki, gün gələcək və biz buraya qayıdacağıq. İki il bundan əvvəl antiterror əməliyyatı nəticəsində Kərkicahan qəsəbəsi Xankəndi şəhəri ilə birlikdə işğalçılardan azad edilmişdir və artıq burada həyat yenidən qurulur.

Mən oktyabr ayında bu qəsəbəyə gəlmişdim. O vaxt göstəriş verdim ki, evlər, məktəb təmir olunsun, digər lazımi infrastruktur layihələri icra edilsin. Bu gün qəsəbə ilə tanış olarkən görürəm ki, hər şey yüksək səviyyədə təşkil olunub, qəsəbə göz oxşayır. Əlbəttə ki, bu, qəsəbənin, bərpasının birinci mərhələsidir. Çünki işğal dövründə düşmən buranı da yararsız vəziyyətə salmışdı. Evlərin bir çoxunda heç yaşamaq mümkün deyil. Ona görə təqribən iki ilə yaxın təmir-bərpa işləri aparılıbdır. İndi isə artıq qəsəbənin bəzi küçələri tam abadlaşdırılıb, evlər tam hazır vəziyyətə gətirilib və burada yaşamaq üçün bütün şərait var.

Sizi bu hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, burada rahat və firavan yaşayacaqsınız. Əsas odur ki, öz doğma torpağınızdasınız”.

Kərkicahan sakinlərinə “Əfsuslar olsun ki, o vaxt Azərbaycan rəhbərliyi sizi qoruya bilmədi, iradə göstərə bilmədi, qorxaqlıq göstərdi və faktiki olaraq işğalla barışmalı oldu” deyən Prezident İlham Əliyev vurğulayıb: “Ondan sonra gələn hakimiyyət vəziyyəti daha da bərbad vəziyyətə salmışdı. Faktiki olaraq Şuşanın, Laçının işğalı Kərkicahanın işğalından təqribən beş ay sonra baş verdi. Ona qədər Xocalı soyqırımı törədildi. O vaxt həm sovet dövründən qalan rəhbərlik, həm də ki, guya xalq hərəkatına aid olan rəhbərlik faktiki olaraq burada yaşayan insanları taleyin ümidinə buraxmışdı. Sizi müdafiə edə bilərdilər, etmədilər. Bəziləri qorxaqlıqdan, bəziləri isə hakimiyyətə gəlmək üçün Azərbaycanda xaos, anarxiya yaratmaq məqsədilə bir çox hallarda xəyanət edərək torpaqlarımızı düşmənə təhvil vermişdi. Ondan sonra hakimiyyətə gələn AXC-Müsavat cütlüyü yarıtmaz və xəyanətkar fəaliyyəti ilə ölkəmizi dərin böhrana salmışdı. Vətəndaş müharibəsi, Kəlbəcərin işğalı və faktiki olaraq Laçın-Xankəndi yolunun itirilməsi - bütün bunlar Ermənistan üçün böyük üstünlük təmin etdi və nəticədə işğala, böyük işğala yol açdı. Biz isə gecə-gündüz öz əzəli torpaqlarımızı düşmənin tapdağından qurtarmaq üçün çalışmışıq, vuruşmuşuq, müharibədə Qələbə qazanmışıq. Düzdür, İkinci Qarabağ müharibəsi zamanı işğala tam son qoymasaq da, heç vaxt şübhə etmirdik ki, tezliklə Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran, Kərkicahan və o vaxt hələ işğal altında olan bütün digər qəsəbə və şəhərlər azad olunacaq. İki il bundan əvvəl cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində işğala tam son qoyduq, suverenliyimizi bərpa etdik, işğalçıları torpaqlarımızdan əbədi qovduq və bu gün sülh içində yaşayırıq. Bu elə bir şərəfli tarixdir ki, əminəm, bugünkü nəsil, bundan sonrakı nəsillər bu şərəfli tarixlə əbədi olaraq fəxr edəcəklər”.

Medianews.az

Bizə qoşulun