Medianews.az
Kinomuzu xaricdə tanıtmağın ən rahat yolu –
237 baxış

Kinomuzu xaricdə tanıtmağın ən rahat yolu – AÇIQLAMA

Azərbaycan televiziyalarında, kinoteatrlarında dünyanın çox ölkəsinin bədii filmləri, serialları nümayiş olunur. Bəs əcnəbilər də Azərbaycan filmlərinə baxırlarmı? Xarici ölkələrin TV-lərində, kinoteatrlarında Azərbaycanın bədii filmləri nümayiş edilirmi? Azərbaycan kinosu dünya kinosuna inteqrasiya olunubmu?

Medianews.az-a suallarını cavblandıran prodüser Emil Nəcəfov öncə xatırladıb ki, Azərbaycan kinosunun 100-dən çox yaşı var: “Bizdə kino yarananda bir çox ölkə hələ kinonu görməmişdi. Hazırda biz xarici ölkələrdə istehsal olunan filmləri öz kinoteatrlarımızda və televiziyalarımda bol göstəririk. Təəssüf ki, indi bizdə çəkilən filmlər heç cür həmin filmlərlə rəqabətə girmir. Bunun bir çox səbəbi var. Biz SSRİ-nin tərkibində olanda kinomuzun bəlli bir dövriyyəsi var idi. Filmi dövlət istehsal edirdi və həmin filmlər avtomatik olaraq kinoteatrlarda (onlar da dövlətə məxsus idi) nümayiş olunurdu. Oradan gələn gəlir yenidən filmlərin istehsalı üçün istifadə edilirdi, ölkələr arasında bölünürdü. Azərbaycanda istehsal olunan film SSRİ-nin bütün respublikalarında, hətta ən ucqar kəndlərdə də göstərilirdi.

SSRİ dağılandan sonra kinoteatrların çoxu özəlləşdirildi, yaxud başqa obyektlərə çevrildi. Son dövrlər kino sahəsinə maliyyənin ayrılması istehsalın artmasına səbəb olub. Həmçinin müsabiqələr keçirilir. Bazarda yeni istehsalçılar da yer tutmağa başlayıb. Əvvəldən film istehsal edən özəl şirkətlər də bu prosesin içindədir. Amma təəssüf ki, hələ də filmlərimizin, seriallarımızın xaricdə kütləvi şəkildə göstərilməsi səviyyəsinə gəlib çatmamışıq”.

Emil Nəcəfovun fikrincə, əsas problemlərdən biri maliyyədir: “Kino çox bahalı sahədir. Hollivudda bir filmin büdcəsi yüz milyonlarla dollar məbləğində olur. Bizdə isə bir il ərzində ümumən yerli filmlərə 7-8 milyon manat maliyyə ayrılır. Ona görə rəqabət apara bilmirik. Amma bu o demək deyil ki, heç bir Azərbaycan filmi xaricdə nümayiş olunmur. Filmlərimiz beynəlxalq festivallarda iştirak edir. Festival böyük kino bayramıdır. Minlərlə insan bilet alıb həmin filmlərə baxır. O cümlədən Azərbaycan filmlərini izləyirlər. Bundan başqa, son dövrlər ödənişli və ya ödənişsiz onlayn platformalar yaranıb. Yutuba qoyulan filmlərimizi izləyirlər. “Azərbaycanfilm” kinostudiyasının yutub kanalının xeyli izləyicisi var.

Deməzdim əcnəbi tamaşaçıya yeganə çıxışımız bunlardır, amma xaricə əsas çıxış vasitələrimiz hələ ki, festivallar və onlayn platformalardır.

Şəxsən mənim istehsal etdiyim, rejissoru Elvin Adıgözəlov olan “Mənim sehrli dünyam” bu il Almaniya, Hollandiya, Ukrayna və Braziliyada göstərilib. Plana əsasən, gələn ilin əvvəlində Çində və Türkiyədə də göstəriləcək. Sonra Azərbaycanda tamaşaçılar üçün yəqin ki, kinoteatrlarda bilet satışı ilə nümayiş olunacaq.

“Mənim sehrli dünyam” saydığım ölkələrdə festival çərçivəsində göstərilib. Festivallar zamanı həmin filmlər xüsusi platformalarda da təqdim olunur. Festivala akkreditasiyası olan şəxslər kod vasitəsilə platformalara girib filmi izləyə bilirlər. Hilal Baydarovun “Boşluğa xütbə” filmi də Yaponiya paytaxtı Tokioda film festivalında göstərildi. Ondan əvvəl də Venesiya film festivalında filmə yarışmadan kənar baxış olmuşdu. Belə çox nümunə çəkmək olar. Ancaq məlum olduğu kimi, bu, gəlir gətirən bir məsələ deyil”.

Azərbaycanda yeni formatlı serialların çəkilişinə hələ təzəlikcə başlandığını söyləyən Emil Nəcəfov vurğulayıb: “Əvvələr uzun-uzadı, az qala “Santa Barbara” kimi 3-5 min seriya çəkilirdi. İndi televiziyalar yeni formata keçib. 8-12 bölümlük seriallar çəkilir. Artıq biz də başlamışıq. Xüsusən “İctimai TV”nin son dövrlər həm Emil Quliyevlə, həm “SFN Production” ilə birlikdə istehsal etdiyi seriallara yaxşı maraq yaranıb. Bildiyim qədəri ilə onun xaricə satışı üzərində də iş aparılır. Çünki bu yaxınlarda Dubayda belə bir kontent marketinq keçirilib. “İctimai TV” öz serialları ilə orada iştirak edib. Yəni alıcı axtarışı olub. Bildiyimə görə, bədii filmlərimizdən Orxan Mərdanın prodüseri olduğu bir film Türkiyədə və Qazaxıstanda kinoteatrlarda nümayiş olunub. Bir də Kənan MM-nin bir serialı Mərkəzi Asiyada - dəqiq xatırlamıram, ya Qazaxıstan, ya da Özbəkistan kanallarında vizyona çıxıb. Amma bunlar müəyyən dərəcədə pərakəndə şəkildə olanlardır. Gələcəkdə isə prosesi məqsədyönlü, planlı şəkildə həyata keçirmək yəqin ki, mümkün olacaq”.

Emil Nəcəfov hesab edir ki, Azərbaycan filmlərini dünya bazarında daha geniş tanıtmağın ən yaxşı və rahat yolu birgə istehsallardır: “Azərbaycanın on milyon əhalisi var. Tutaq ki, Azərbaycan və Türkiyə birgə film istehsal etsə, bu artıq həmin filmin səksən milyonluq auditoriyaya xitab etməsinə gətirib çıxaracaq. Üçüncü ölkə də bu prosesə qoşulsa, xaricə çıxış potensialı daha da güclənəcək. Bayaq qeyd etdiyim kimi bizim filmlər 100-200 milyon dollar büdcəsi olan filmlərlə rəqabət apara bilmir. Bu, aydın məsələdir. Ona görə birgə istehsallar – bizimlə bərabər iki, üç, dörd ölkənin birgə istehsalı olsa, bu, filmlərin ən azı o ölkələrin kinoteatrlarında nümayiş etdirilməsi demək olacaq. Tutalım, Fransa ilə birgə film istehsal edirik. Fransada çox böyük kino bazarı var. Bütün dünya Kann festivalı üçün oraya axışır. Fransa 50-dən çox festivala ev sahibliyi edir. Deməli, hər dəfə onlar birgə istehsal etdiyimiz filmi reklam edəcəklər. Nəticədə geniş auditoriya qazanacağıq.

Seriallar üçün isə hər il dünyanın müxtəlif yerlərində keçirilən kontent marketinq bazarları var. Həmin marketinqlərdə iştirak etmək lazımdır. Necə ki, bu yaxınlarda bizdə də “Cinema Breeze” adlı kino marketi keçirildi, hələ də davam edir. İstər öz ölkəmizdə, istərsə xaricdə bu sayaq tədbirlərə qoşulmaq gərəkdir. Xaricdə yaşayan nə bilsin ki, Azərbaycanda serial çəkilir və onu almaq lazımdır? Göstərmək, reklam etmək gərəkdir. Düzdür, dünya bazarında rəqabət çox böyükdür. Bu bazarda ABŞ, Türkiyə, Cənubi Koreya, Cənubi Amerika ölkələri serial satır. Demirəm dərhal ilk beşlikdə, onluqda olaq, ən azı ümumi siyahının içində ola bilərik. Əslində buna potensial var. Azərbaycanda çəkilən seriallar xaricdə satıla bilər.

Uğur əldə etmək üçün isə işlər kompleks şəkildə qurulmalıdır. İlk növbədə istehsal olmalıdır. Çox film istehsal etməliyik. İldə 4-5 yox, 50-100 film çəkilməlidir. Sonra isə sadaladığımız yollarla dünyaya çıxmaq mümkündür”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun