Medianews.az
“Rasimdən sonra tək qaldım, insan yaşa dolanda anlayır ki, xəstələnib ölə bilər” -
366 baxış

“Rasimdən sonra tək qaldım, insan yaşa dolanda anlayır ki, xəstələnib ölə bilər” - Fəxrəddin Manafovdan KÖVRƏK sözlər + ÖZƏL

“Rasim Balayevin xəstəliyi haqda məlumatlı idim. Xəstəliyinin çox ciddi olduğunu da bilirdim. Onun ailəsi, dostları və mən də Allaha dua edirdik ki, möcüzə olsun, qalsın, getməsin. Təəssüf ki, əziz dostum məni tərk etdi. Rasimsiz sanki bir boşluq yarandı. Son zamanlarda seyrəlməyə başlamışıq. Sözün düzüü hər dövrdə seyrəlmə gedir, insanları itiririk. Amma sənin sevdiyin, söhbət etdiyin, sənə örnək olan insanlar gedəndə sanki dünya boşalır. Onlar təkrarsızdır. Deyirlər ki, dünya bir tərəfdən boşalır, digər tərəfdən dolur. Xeyr, dolmur”.

Bunu Medianews.az-a açıqlamasında xalq artisti Fəxrəddin Manafov deyib.

O mərhum sənətkar Rasim Balayevlə çox yaxın dost olduğunu bildirib:
“Mən həftədə iki dəfə, çox olmasa da ayda 3-4 dəfə Rasimlə zəngləşirdim, danışırdım, görüşürdüm. Daha çox tədbirlərdə görüşürdük. Vaxtımız çox az olurdu. Son zamanlarda birdən-birə belə bir xəstəlik onu bilmədik haradan gəldi tutdu?! Aldı əlimizdən apardı. İnsan yaşa dolanda anlayır ki, demək xəstələnib ölə bilər. Ətrafım gedəndə, dörd bir tərəfim boş qalanda mən faktiki olaraq hiss edirəm ki, ailəm, əzizlərim, qardaşlarım yoxdur və mən tək qalmışam. Bir dostlar idi, onlar da seyrəlir. Fuad getdi, Rasim getdi, Şahmar getdi, Səməndər getdi, Həsən Məmmədov getdi, Rasim Ocaqov getdi, Eldar Quliyev getdi. İnsan itirdikcə sanki qol, qanadı sınır. Biz sütunsuz, dirəksiz qalmışıq. Rasimin torpağa tapşırılması mənim üçün ağırdır. Yaşa dolanda, ətrafım seyrələndə həyat mənasız olmağa başlayır. Bəlkə də bu sözlərimə görə yaşlı insanlar məni qınayar, amma deməsəm də olmur. Rasim müəllimin bir sözü var idi.. Deyirdi ki, “Fəxrəddin, Bakı böyükdür, amma zəng etməyə adam yoxdur”. Mənim zəng edəsi adamlarımdan biri də bu dünyanı tərk etdi. Məkanı cənnət olsun”.

Əli ƏSGƏR 

Medianews.az 

Bizə qoşulun