Medianews.az
“Putin Ermənistanı açıq şəkildə təhdid etdi” -
81 baxış

“Putin Ermənistanı açıq şəkildə təhdid etdi” - SENSASİON AÇIQLAMA

“Moskva artıq Ermənistanda seçkilərə müdaxilə edir. Rusiya prezidenti Vladimir Putin dünənki görüşdə kameraların qarşısında adətən çox qısa olmalı olan və ümumi xarakter daşıyan çıxışların əvəzinə, Ermənistana qarşı təhdidedici çıxış etdi”.

Medianews.az bildirir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov deyib. Onun sözlərinə görə, Putinin görüş zamanı səsləndirdiyi fikirlər açıq şəkildə Ermənistanda baş tutacaq seçkilərə müdaxilə sayıla bilər:

“Ümumiyyətlə Putin seçkiqabağı kampaniyada Rusiyapərəst siyasi qüvvələr üçün bir növ təbliğat tezislərini formalaşdırdı. Putin adətən çıxışlarını kağızsız etdiyi halda, dünənki görüşdə əlində kağızla dəqiq rəqəmlər səsləndirməsini də seçki kampaniyasına müdaxilə kimi qiymətləndirmək olar. Əgər Rusiya prezidenti birbaşa olaraq, kameralar qarşısında Ermənistan baş nazirinə Ermənistanda Rusiyapərəst siyasi partiyaların olmasını və Rusiya vətəndaşı olan şəxsin azadlığa çıxıb seçkilərdə iştirakı ilə bağlı xahişini bildirirsə, bu təbii ki, seçkilərə birbaşa müdaxilədir. Ermənistan baş naziri açıq şəkildə bildirdi ki, Samvel Karapetiyan həm Ermənistan, həm də Rusiya vətəndaşı olduğu üçün, o, seçkilərdə iştirak edə bilməyəcək. Amma onun siyasi partiyasının seçkilərdə iştirakı ilə bağlı hələki Ermənistanda hər hansısa maneə yaradılmayıb”.

Politoloq bildirib ki, Rusiya prezidentinin İrəvanın Avropa İttifaqına inteqrasiya siyasətinə münasibəti birmənalı və kəskindir:

“Putin Avropa İttifaqına inteqrasiya edəcəyi təqdirdə Ermənistana qarşı hansı addımların atılacağını demək olar ki, bildirdi. Bu, Ermənistanın Rusiyaya kənd təsərrüfatı məhsulları ixracının dayandırılması, İrəvanın Avrasiya İqtisadi İttifaqında olduğunu nəzərə alaraq, ölkəsinin aldığı mənfəətlərin qeyd edilməsi, qazın qiymətinin diqqətə çatdırılması ümumilikdə bir növ ultimatum idi. Rusiya mayın əvvəlində keçirilməsi planlaşdırılan Avropa İttifaqı - Ermənistan sammiti öncəsi öz mövqeyini, təhdidlərini səsləndirdi”.

Xatırladaq ki, aprelin 1-də Kremldə V.Putinlə N.Paşinyan arasında görüş olub. Siyasi icmalçılar hesab edirlər ki, danışıqlar kifayət qədər gərgin və qədər soyuq keçib. Ermənistanın Qərbə meyllənməsi, Rusiya sərhədçilərinin çıxarılması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşma başlıca müzakirə mövzuları arasında yer alıb.

Bizə qoşulun