Medianews.az
İran müharibəsinin iqtisadi təsirləri: "tufanqabağı hazırlıq” başlayıb -
107 baxış

İran müharibəsinin iqtisadi təsirləri: "tufanqabağı hazırlıq” başlayıb - TƏHLİL

İran müharibəsi fonunda dünya iqtisadiyyatı ilə bağlı yaranmış neqativ gözləntilər, o cümlədən neft-qazın bahalaşması bir sıra dövlətləri “tufanqabağı hazırlığa” vadar edib. Bunlardan biri də xarici mərkəzi bankların ABŞ-ın dövlət istiqrazlarını satmasıdır.

“Financial Times” qəzetinin yazdığına görə, 25 fevraldan bəri “New York Fed”də saxlanılan rəsmi ehtiyatlar təxminən 82 milyard dollar azalaraq 2.7 trilyon dollara düşüb və bu, 2012-ci ildən bəri ən aşağı səviyyədir.

Bu prosesin arxasında konkret ölkələr də dayanır. Məsələn, Türkiyə müharibənin başlanğıcından sonra (27 fevraldan etibarən) valyuta ehtiyatlarından təxminən 22 milyard dollar həcmində dövlət qiymətli kağızları satıb. Eyni zamanda Hindistan və Tailand kimi neft idxalçı ölkələrdə də rezervlərin azalması müşahidə olunur. Ekspertlərə görə, səbəb sadədir: neft dollarla qiymətləndirilir və qiymətlər artdıqca bu ölkələr daha çox dollar tapmağa məcbur olur. Bunu üçünsə ABŞ istiqrazlarını satmalı olurlar.

Maraqlıdır ki, proses təkcə idxalçılarla məhdudlaşmır. “Bank of America” analitiklərinə görə, bəzi Yaxın Şərq neft ixracatçı ölkələri də müəyyən hallarda bu aktivləri sataraq gəlir axınlarını balanslaşdırmağa çalışır. Hərçənd onların ümumi payı nisbətən kiçikdir.

Eyni zamanda dolların güclənməsi digər valyutalara təzyiq yaradır və mərkəzi banklar valyuta bazarına müdaxilə edərək öz valyutalarını qorumağa çalışır. Bu isə əlavə dollar satışını və dolayısı ilə Xəzinə qiymətli kağızlarının satışını artırır.

Təsadüfi deyil ki, ABŞ-ın 10 illik istiqrazların gəlirliliyi 4.4–4.5% səviyyəsinə yüksəlib. Bu isə qlobal maliyyə şərtlərinin sərtləşməsi deməkdir. Bu kontekstdə vacib detal odur ki, təxminən 30 trilyon dollarlıq ABŞ istiqraz bazarı hələ də dünyanın ən böyük və ən dərin maliyyə bazarı olaraq qalır və mərkəzi banklar üçün əsas rezerv aktividir.

Amma ən maraqlı məqam davranış dəyişikliyidir. Normalda böhran dövrlərində investorlar pullarını sakit liman rolunu (“safe haven” effekti) oynayan aktivlərə (ABŞ dövlət istiqrazları, qızıl, ABŞ dolları və s.) yatırırlar. Ancaq indi isə əksinə - satışlar müşahidə olunur. Bu isə göstərir ki, qlobal maliyyə sistemi artıq likvidlik və balans baxımından daha həssas mərhələyə daxil olur.

Samir Əliyev,
iqtisadçı

 

Bizə qoşulun