Medianews.az
Mübarizəyə Yaponiya da qoşuldu –
87 baxış

Mübarizəyə Yaponiya da qoşuldu – Hansı ölkələrin marağına uyğundur?

Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə Yaponiya da qoşulub. Tokioda 19-20 dekabr tarixlərində ilk dəfə olaraq 5+1 formatında “Yaponiya-Mərkəzi Asiya-Dialoqu (C5+1) sammiti keçirilib. Yaponiyanın baş naziri Sanae Takaiçi Mərkəzi Asiya ölkələrinin liderləri - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri ilə görüşərək, əməkdaşlığın genişlənməsi mövzularında müzakirələr aparıb. Müzakirələrin yekunu olaraq Tokio Bəyannaməsi qəbul edilib. Yaponiya növbəti beş il ərzində Mərkəzi Asiya ölkələrindəki müxtəlif layihələrə 20 milyard dollar xərcləməyi planlaşdırıb.

SSRİ dağıldıqdan sonra Yaponiya Mərkəzi Asiya bölgəsinə maraq göstərib. Maraqlıdır ki, Yaponiya Çindən əvvəl 2004-cü ildə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafını ehtiva edən “Böyük İpək yolu Diplomatiyası” adlı proqram qəbul edib. Ancaq Tokio 20 ildə ehtiyatlı davranıb və Çindən fərqli olaraq Mərkəzi Asiya ölkələrində daha çox humanitar proqramların reallaşmasına üstünlük verib. Tokio “yumşaq güc” alətlərindən istifadə edərək Mərkəzi Asiyada mövqelərini gücləndirməyə çalışıb. Halbuki Pekin Mərkəzi Asiyada daha fəal siyasətə üstünlük verərək, on milyardlarla dollar yatırımlar hesabına bölgə ölkələrini Çindən asılı vəziyyətə salmağa çalışıb.

Bu arada, ABŞ-ın və Avropa İttifaqının da Mərkəzi Asiyaya marağı artaraq bölgə ölkələri ilə 5+1 formatında əməkdaşlığı genişləndirməyə çalışıblar. Bu format çərçivəsində Vaşinqtonda və Brüsseldə zirvə toplantıları keçirilib. Çinlə yanaşı ABŞ və Avropa İttifaqı ölkələri də Mərkəzi Asiyanın yeraltı zənginliklərindən yararlanmağa, nadir torpaq materiallarına maraq göstərməyə başlayıblar. Yeraltı resurslara ehtiyac duyan Yaponiyanın Mərkəzi Asiyaya marağının səbəblərindən biri də budur.

Yaponiyanın yeraltı resurslardan fərqli olaraq kifayət qədər maliyyə resursları mövcuddur. Bu səbəbdən Mərkəzi Asiya ölkələrinin liderləri Yaponiya ilə əməkdaşlığa əhəmiyyət verirlər. Bunun siyasi əhəmiyyəti də var. Yaponiya ilə sıx əməkdaşlıq Mərkəzi Asiya ölkələrinə Rusiya, Çin, Avropa İttifaqı və ABŞ arasında balansı gücləndirməyə imkan verəcək. Tokiodakı sammit çərçivəsində Qazaxıstan və Yaponiya arasında ümumi dəyəri 3,7 milyard dolları ötən 60-dan çox ikitərəfli sənəd imzalanıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə "Mərkəzi Asiya-Yaponiya 2040" əməkdaşlıq strategiyasının hazırlanmasını təklif edib. Şavkat Mirziyoyev bu məqsədlə Daşkənddə forum keçirmək təşəbbüsü ilə çıxış edib.

Yaponiyanın Mərkəzi Asiyada fəallaşması ABŞ-ın da maraqlarına uyğundur. Yaponiya-Çin gərginliyindən Vaşinqton illərin müttəfiqi Tokionu dəstəkləyir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl ABŞ Konqresi Çinin Yaponiya qarşı siyasətini pisləyən qətnamə qəbul edib. Mərkəzi Asiya böyük ölkələr arasındakı gərginliklərə qarışmır və tərəf tutmur. Mərkəzi Asiya ölkələri üçün önəmli olan bölgəyə maraq göstərən ölkələrlə bərabərhüquqlu əməkdaşlığın və gəlirlərinin artımının təmin edilməsidir. Bu Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın maraqlarıyla da üst-üstə düşür. Mərkəzi Asiya və Cənubi Qafqaz vahid bölgəyə çevrilməkdədir. Bu mənada Yaponiyanın Mərkəzi Asiyaya artan marağı Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycanla da əməkdaşlığı genişləndirməyi diktə edəcək.

Elxan Şahinoğlu,
politoloq

Bizə qoşulun