Medianews.az
Həmin qətllərin istintaqını aparanlardan biri
104 baxış

Həmin qətllərin istintaqını aparanlardan biri Kamran Əliyev imiş

Bakıda ötən əsrin sonlarında cinayətkar dəstə yaradaraq qətllər və digər ağır cinayətlər törədən Xalid Tağıyevin 30 il sonra-60 yaşında həbs edilməsi barədə xəbər vermişdik. Tağıyev həmin əməllərinə görə 15 il azadlıqdan məhrum edilib.

“Qafqazinfo”nun məlumatına görə, hökmdən nə təqsirləndirilən, nə də ittiham tərəfi apellyasiya şikayəti verib. Bununla 15 illik cəza qanuni qüvvəyə minib.

İttihamda yazılıb ki, X.Tağıyev 1995–1999-cu illərdə digər şəxslərlə əlbir şəkildə iki nəfəri tamah niyyəti, bir nəfəri isə cinayətlərinin üstünün açılmaması məqsədilə xüsusi amansızlıqla qətlə yetirib. Pula görə öldürülənlərdən birinin 70 yaşı olub. Tapança ilə qətlə yetirilən ikinci zərərçəkmiş bank əməkdaşı, üçüncüsü isə elə öz əlbir olduqları şəxslərdən biri imiş. Dəstə üzvləri sonuncunun istintaqa ifadə verə biləcəyini öyrəndikləri üçün onu öldürərək meyitini bağ evinin həyətində basdırıblar.

Həmin dövrdə keçirilən əməliyyatlar zamanı dəstənin Xaliddən başqa bütün üzvləri tutulub. Onların bir neçəsinə ömürlük həbs cəzası verilib. Xalid isə ölkədən qaçaraq Ukraynada 30 il gizlənə bilib. Cinayətin yaddan çıxdığını düşünüb geri qayıdanda isə həbs edilib.

Bu günlərdə isə ARB TV-nin “Kriminal” verilişində həmin işlə bağlı istintaq materiallarına əsasən reportaj yayımlanıb.

Məsələdə diqqətçəkən məqamlardan biri isə hazırda ölkənin baş prokuroru olan Kamran Əliyevlə bağlıdır. Məlum olub ki, sözügedən dəhşətli cinayətlərin araşdırılması üçün yaradılmış istintaq-əməliyyat qruplarından birinə rəhbərliyi o zaman ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə baş müstəntiqi olan Kamran Əliyev edib. Kamran Əliyevin birbaşa iştirakı ilə cinayət işi hərtərəfli araşdırılıb, iş üçün əhəmiyyət kəsb edən bütün hallar sənədləşdirilib. Məhz həmin dövrdə aparılan bu geniş araşdırmanın nəticəsidir ki, 30 il keçməsinə baxmayaraq heç bir təqsirkar cəzadan kənarda qalmayıb.

Qeyd edək ki, 6 ildir Baş prokuror işləyən Kamran Əliyev daha əvvəllər baş müstəntiq, dövlət ittihamçısı kimi də fəaliyyət göstərib.

Bizə qoşulun