Yaxın həftələrdə Venesuela məsələsi ya hərbi, ya da diplomatik yolla həll olunacaq. ABŞ şirkətləri zatən Venesuelada var – “Chevron” bu ölkədə ən böyük neft aktivlərinə malik ABŞ şirkətidir.
Vaşinqton qısa müddətə Venesuela məsələsini istənilən halda həll edəcək. ABŞ dünyada ən böyük neft ehtiyatları olan ölkəyə nəzarəti tam ələ keçirəcək. Sanksiyalara və ABŞ-la pis münasibətlərə görə Venesuela indi gündəlik cəmi 1 milyon barelə yaxın neft hasil edir, amma çox qısa zamanda hasilatı 2,5-3 milyon barelə, investisiya və texnologiyalar ölkəyə gəlsə, orta müddətə (3-5 ilə) gündəlik 5 milyon barelə yaxın neft hasil edə bilər.
Venesuela nefti “ağır” növə aiddir, qiyməti ucuzdur, amma ABŞ-da uzun illərdir ki, məhz bu neftlə işləyə bilən onlarla zavod tikilib, indi həmin zavodlar Kanada neftini emal edir, lakin Venesueladan da neft almağa hazırdır.
Beləliklə, ABŞ Venesuela neftinə tam nəzarəti ələ keçirdikdən sonra neftin qiyməti gələn il kəskin ucuzlaşacaq, qiymətin 50-55 dollar aralığında olacağı ehtimalı çox yüksəkdir.
Gələn il ABŞ-da aralıq seçkiləridir, orta statistik ABŞ seçicisinin səsvermə zamanı əsas götürdüyü məsələlərdən biri benzinin qiymətidir – ucuzdursa, həmin dövrdə hakimiyyətdə olan partiyaya səs verir, həm də ona görə ki, benzin ucuz olanda inflyasiya da xeyli zəifləyir.
Bundan başqa ucuz neft Rusiya üçün problem, Çin üçün isə üstünlükdür. ABŞ-ın yenilənmiş və 2 həftə öncə elan edilmiş “Monro” doktrinasına nə Çin, nə Rusiya mane ola bilməyəcəklərini anlayırlar.
ABŞ-ın Venesuela məsələsini güclə həll etməsi Rusiyanın iqtisadi olmasa da, siyasi olaraq işinə yarayır – Ukrayna məsələsində ABŞ-dan güzəştlər almağı düşünür. Çinin isə həm iqtisadi, həm də siyasi olaraq işinə yarayır – ucuz neft Çinin iqtisadi üstünlüyünü artırır, güc tətbiqi Tayvan məsələsində Çinin əl-qolunu açır.
Deyəcəksiniz bunlardan bizə nə? Cavab verim. Neftin gələn il ortalama qiymətinin 50 dollar olması Azərbaycan üçün ciddi problemlər yaradacaq, bizdə zatən hasilat düşür, OPEC-in hasilat normasını belə doldura bilmirik, qiymətin də enməsi ölkənin onsuz da aşağı olan makroiqtisadi göstəricilərini daha da pisləşdirəcək.
Hökumət azalan gəlirləri vətəndaşa yükləməyə çalışır, yanlış yoldur, bu, iqtisadi aktivliyi daha da azaldacaq, makro səviyyədə iqtisadi tənəzzülün qapısını açacaq...
Natiq Cəfərli,
siyasətçi, iqtisadçı