Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.
Medianews.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov “Şəhərsalma və Memarlıq İli”ndən gözləntilərini açıqlayıb.

Ə.Həsənov feysbuk hesabında gözləntilərini aşağıdakı kimi sıralayıb:
1. Nəhayət ki, daşınmaz əmlakın dövlət reyestri açıq olsun: kimin hansı əmlakı varsa, kim harada nə tikirsə - hər kəs görə bilsin.
2. Bütün tikinti işləri baş planlara uyğun şəffaf həyata keçirilsin və ətraf binaların sakinləri yeni tikintilər barədə məlumatlandırılsın.
3. Bütün qanunsuz tikililərə amnistiya verilərək hər kəsin başqasının haqqına girməyən faktiki daşınmaz əmlakı qeydiyyata alınsın.
4. Paytaxtın icra hakimiyyəti mövcud binaların sökülməsi və yerində yeni binaların tikilməsi barədə tikinti şirkətlərinə qanunsuz icazələr verməyə son qoysun, binaların qanunsuz sökülərək insanların didərgin salınmasına son qoyulsun.
5. Çoxmərtəbəli binalarda mənzil alanlar dərhal mənzil-tikinti kooperativinin üzvü kimi vergi orqanı tərəfindən qeydiyyata alınsın, onların mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınsın, eyni mənzilin bir neçə nəfərə satılmasına son qoyulsun.
6. Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən çoxmərtəbəli binalarda ümumi mülkiyyət olan əmlaka (zirzəmi və s.) çıxarışların verilməsinə son qoyulsun.
7. Tikinti şirkətləri tikilmiş binalardan dərhal çıxarılsın, binalar sakinlər tərəfindən idarə olunsun.
8. Tikinti, şəhərsalma və memarlıq sahəsində digər qanunsuzluq, özbaşınalıq və korrupsiyaya son qoyulsun, mülkiyyət hüququ qorunsun.