Medianews.az
“Bakı xəbər” də qərar verdi -
180 baxış

“Bakı xəbər” də qərar verdi - Baş redaktorun açıqlaması

Medianın İnkişafı Agentliyi hazırda altı gündəlik qəzetə (“Yeni Müsavat”, “Yeni Azərbaycan”, “525-ci qəzet”, “Bakı xəbər”, “Səs”, “Şərq”) maliyyə dəstəyi verir. Bu qəzetlərə ayda 15000 manat, onların saytlarına 3000 manat ayrılır.

Amma 2026-cı ildən agentlik qəzetlərin yalnız həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərəcək. Bu məqsədlə onlara ayda 5000 manat veriləcək. Hər bir qəzetin internet versiyası üçün aylıq 3000 manat maliyyə yardımı isə olduğu kimi qalır.

Çap versiyasına maliyyə yardımı azaldığından “Yeni Müsavat”, “Səs” qəzetlərinin və “525-ci qəzet”in rəhbərləri dövriliyi dəyişmək qərarına gəldiklərini açıqlayıblar. Gələn ildən “Yeni Müsavat”la “525-ci qəzet” həftədə bir dəfə, “Səs” qəzeti isə iki dəfə nəşr olunacaq.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev dekabrın 23-də Medianews.az-a açıqlamasında deyib ki, onlar da həftəlik nəşrə keçməyi qərara alıblar.

A.Quliyevin sözlərinə görə, 2026-cı ilin yanvarından həftənin cümə günləri oxucularla görüşə gəlməyi nəzərdə tutublar: “İlkin mərhələdə “Bakı xəbər” yenə 16 səhifə həcmində çap olunacaq. Sonradan səhifələrin sayını artıra bilərik. Qəzetin içində əlavəsinin olması variantı da mümkündür”.

2003-cü ildən çıxan “Bakı xəbər” qəzetinin indiyədək 5555 sayı işıq üzü görüb.

Azərbaycanda qəzetlərə layihə əsaslı maliyyə dəstəyi 3 aprel 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə başlayıb. 12 yanvar 2021-ci ildə isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Medianın İnkişafı Agentliyi qurulub.

İctimai-siyasi (məzmununun əksər hissəsi ümumilikdə xəbərlərdən, ictimai, siyasi, sosial, iqtisadi, humanitar və s. mövzuların işıqlandırılmasından, şərh və təhlilindən ibarət olan) qəzetlər arasında müsabiqə yarım ildən bir keçirilir.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun