Ölkənin baş rəsmi media quruluşu olan AZƏRTAC aprelin 3-də “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin 141,68 dollara satıldığını bəyan edib.
Medianews.az bildirir ki, barrel - ingiliscə çəllək deməkdir, həm də maye həcmini müəyyənləşdirmək üçün qədim ingilis ölçü vahididir.
ABŞ-də neft sənayesi formalaşandan sonra dünyada neftin hasilatı, daşınması və qiymətinin hesablaması üçün standart ölçü vahidi kimi barrel qəbul edilib.
Neft ticarətində 1 barrel deyəndə 159 litr neft nəzərdə tutulur.
Başqa mayelərdə barrel ölçüsü fərqlidir. Məsələn, 1 barrel pivə təxminən 119 litrə bərabərdir.
Beləliklə, Azərbaycanın 1 barrel neftinin 141,68 dollar olması neftimizin 159 litrinin qiymətinin 141,68 dollar olması deməkdir.
Amma Azərbaycan neftinin satış qiymətindən danışanda bir məqama diqqət yetirmək gərəkdir.
“AzəriLayt” markalı xam neftin əsas ixrac məntəqəsi Türkiyədəki Ceyhan limanıdır. Yəni Azərbaycan “AzəriLayt” markalı xam neftini əsasən Ceyhan limanında satır.
“AzəriLayt” Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəql edilir, Ceyhan limanında tankerlərə yüklənir. Bu proses başa çatana qədər bütün xərcləri Azərbaycan ödəyir.
“AzəriLayt” nefti Ceyhan limanında gəmilərin göyərtəsinə keçəndən sonra isə mülkiyyət hüququ alıcıya keçir. Yəni bundan sonra “AzəriLayt”ın təyinat nöqtəsinə çatdırılması ilə bağlı bütün xərclər – daşıma xərcləri, sığorta haqları alıcının üzərinə düşür.

Aprelin 3-də “AzəriLayt” markalı Azərbaycan neftinin 1 barreli həmin daşıma xərcləri, sığorta haqları üstünə gələndən sonra 141,68 dollar olub.
Əslində isə həmin gün Azərbaycan öz neftinin 1 barrelini Ceyhan limanında 135,15 dollara satıb.
135,15 dollar ölkəmizdəki rəsmi məzənnə ilə 229 manat 75 qəpik edir.
Deməli, aprelin 3-də “AzəriLayt” markalı neftimizin 159 litrini Ceyhan limanında öz pulumuzla 229 manat 75 qəpiyə satmışıq.
Bu, neftimizin 1 litrinin 1 manat 44 qəpiyə satılması deməkdir.
Obrazlı ifadə etsək, neftimizin bir stəkanı (200 qramı) Ceyhan limanında haradasa 29 qəpiyə (daha dəqiqi, 28,9 qəpiyə) alınıb.
Yuvarlaq rəqəmlərlə desək, aprelin 3-də “AzəriLayt” markalı neftimizin 10 litrinə 14 manat 40 qəpik, 100 litrinə 144 manat, 1 tonuna 1440 manat qiymət qoyulub.
Toğrul Əli,
Medianews.az