Medianews.az
UEFA-nın klub turnirlərində
166 baxış

UEFA-nın klub turnirlərində Azərbaycan təmsilçilərinin ilk rəqibləri

UEFA-nın klub turnirlərinin 2026-2027 mövsümündə ilk püşklər atılıb, Azərbaycan təmsilçilərinin rəqibləri bəlli olub.

Medianews.az bildirir ki, hər üç turnirdə dörd təsnifat mərhələsi var. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayır.

36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxır.

Çempionlar Liqasına birinci mərhələdən başlayan “Sabah” Uelsin “Nyu Sents” komandası ilə üz-üzə gələcək. İkinci raunda çıxacağı halda “Sabah”ı ya “Vardar” (Şimali Makedoniya), ya da KuPS (Finlandiya) sınağı gözləyir.

Birinci mərhələdə ələnsə, “Sabah” Konfrans Liqasının ikinci mərhələsində ya “Flora”ya (Estoniya), ya da “İberiya 1999”a (Gürcüstan) rəqib olacaq.

Avropa Liqasının birinci mərhələsində yer alan “Qarabağ”ın bəxtinə “Vestri” (İslandiya) düşüb. Mərhələ adlasa, ikinci raundda “Qarabağ” ya SSKA (Bolqarıstan), ya da “Derri Siti” (İrlandiya) ilə görüşəcək.

Birinci mərhələdə ilişsə, “Qarabağ” Konfrans Liqasına keçərək ikinci raundda ya “Qlentoran” (Şimali İrlandiya), ya da RFS (Latviya) ilə oynayacaq.

Konfrans Liqasının birinci mərhələsindən start götürən “Zirə” “Torpedo” (Gürcüstan) səddini keçməyə çalışacaq. Raundu adlasa, “Zirə” ikinci mərhələdə ya “Heqelmann” (Litva), ya da “Payde” (Estoniya) ilə oynayacaq.

Konfrans Liqasının ikinci mərhələsinə buraxılan “Neftçi” ya “Dinamo” (Minsk, Belarus), ya da “Sileks”lə (Şimali Makedoniya) üz-üzə gələcək.

Toğrul Əli,
Medianews.az

 

Bizə qoşulun