Azərbaycan Respublikasının qanunvericiliynə görə, bəzi kateqoriyadan olan işçilərin işəgötürənin təşəbbüsü ilə işdən çıxarılması qadağandır. Qanun sosial baxımdan həssas qrupların əmək hüquqlarını xüsusi qaydada qoruyur.
Medianews.az-ın məlumatına görə, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, hamilə qadınlar və 3 yaşınadək uşağı olan şəxslər işdən çıxarıla bilməz. Həmçinin yeganə qazanc yeri işlədiyi müəssisə olan və məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin də əmək müqaviləsinə xitam verilə bilməz.
Qanun müvəqqəti əmək qabiliyyətini itirmiş, şəkərli diabet və ya dağınıq skleroz xəstəsi olan işçiləri də qoruyur. Öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin də işdən çıxarılması qadağandır. Bundan başqa, işçinin həmkarlar ittifaqına və ya hər hansı siyasi partiyaya üzv olması onun işdən çıxarılması üçün əsas hesab edilə bilməz. Eyni zamanda işçi məzuniyyətdə, ezamiyyətdə və ya kollektiv danışıqlarda iştirak etdiyi müddətdə onunla əmək müqaviləsinə xitam verilə bilməz.
Qeyd edək ki, bu hallarda əmək müqaviləsinə xitam verilməsi qanun pozuntusu sayılır və işçi məhkəməyə müraciət edərək işə bərpa olunmasını, həmçinin məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsini tələb edə bilər.