İran Prezidenti Məsud Pezeşkian 5 fevralda Ali Rəhbər Seyid Əli Xameneinin Müdafiə Şurasındakı nümayəndəsi Əli Şamxanini Müdafiə Şurasının katibi təyin edib. Bu qərar ABŞ ilə İranın bir-birlərinə diplomatiya və təhdid dilini hibridləşdirdiyi məqama təsadüf edir.
12 günlük İsrail-İran müharibəsindən sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının strateji müdafiə üzrə alt qurumu olan Müdafiə Şurası yaradıldı.
Şuranın yaradılması qərarı konstitusiya protokollarının tələb etdiyi kimi, Xameneinin mühüm təsdiqini aldı.
Şuranın əsas vəzifəsi müharibə zamanı və ya milli fövqəladə hallarda sürətli, mərkəzləşdirilmiş müdafiə qərarlarının qəbul edilməsinə imkan verməkdir.
Başqa sözlə, Müdafiə Şurası gələcək müharibələrdə vahid komandanlıq zəncirini təmin etmək və həlledici koordinasiyadan kənara çıxmamaq üçün mühüm platformadır.
Şuraya prezident, parlamentin sədri və məhkəmə hakimiyyəti daxildir. Burada həmçinin Ali Rəhbərin təyin etdiyi iki nümayəndə, kəşfiyyat naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi yer alır.
Hərbi rəhbərliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və Ordunun (Arteş) komandirləri təmsil edir.
Əli Şamxaninin təyinatı əsasən bir məsələni prioritetləşdirir:
- İran təzyiqlə üzləşdikcə və hərbi təhdidlərlə qarşılaşdıqca komandanlıq strukturlarında yarana biləcək böhran anlarına reaksiya vermək məqsədində Əli Şamxaninin ideyaları ön planda duracaq.
Ancaq İran elitasında İsraillə və ABŞ ilə münasibətlərin gələcəyinə dumanlı konstruktiv perspektivlər də nəzərə alınır. Burada İranın hərbi-siyasi komandanlığı ilə İran diplomatiyası arasında fikir ayrılıqları müşahidə edilməkdədir.
İran xarici siyasət kursunu həyata keçirən diplomatiya subyektləri yəqin ki, İsraillə və ABŞ ilə yeni dünya nizamındakı münasibətlər sisteminə nisbi pozitivliyə doğru təsir göstərə bilən tədqiqatlar aparır.
İran diplomatiyasının təhlükəsizliklə birləşdirilməsi kursunu Əli Şamxani təmsil edir, diplomatiyanın başqa iki qanadında Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və xarici işlər naziri Abbas Əraqçi dayanır.
İranın böhrandan çıxış strategiyası paralel yollarda diplomatiya, kəşfiyyat və təhlükəsizlik institutlarının birgə işləməsinə əsaslanır. Abbas Əraqçi indi ABŞ, Laricani Rusiya, Şamxani isə daha geniş təhlükəsizlik kanalları ilə işləyir.
ABŞ-İran danışıqları barədə:
ABŞ-İran diplomatiyası həmişə çətinliklərlə boldur. Qarşıdan gələn danışıqların mərkəzində ehtimal olunan üç məsələ - nüvə proqramı, raket proqramı, regional proksilərə dəstək - müzakirə predmeti olacaq.
Vaşinqtonla Tehranın böyük bir sövdələşməyə daxil olması proqnozlaşdırılmır. İranın yüksək zənginləşdirilmiş uranın əsas hissəsi, ehtimal ki, ya ötən ilin iyun ayında vurulan ərazilərdə dağıntılar altında basdırılıb, ya da bərkidilmiş tunellərdə təhlükəsiz şəkildə gizlədilib.
Bu o deməkdir ki, İran nüvə obyektlərini yenidən dizayn edərək onları gələcək qarşıdurmalara qarşı gücləndirməyə çalışır.
Lakin Donald Tramp administrasiyası İranla istənilən qarşıdurma ssenarisində xeyli üstünlüklərini yada sala bilər.
Üstəlik, ABŞ-də İranla əlaqədar əvvəlki illərin təcrübəsindən fərqli olan hesablama aparması ehtimalı çoxdur. Bununla belə, İranın müqavimət potensialı, mümkün qarşıdurmaların regiona yayılma riski ABŞ üçün problemlərə yol aça bilər. Lakin İran strategiyası ABŞ ilə danışıqlarda İraqda transmilli şiə hərəkatlarını güzəşt modelində təsvir edən anlayışları diqqətə çatdıra bilər.
Danışıqlarda bu baxışın ifadə olunma ehtimalı ABŞ və İranın nüvə faylına dair müştərək yanaşma forması ilə müəyyən oluna bilər.
ABŞ ilə İranın müştərək fikirləri meydana çıxarsa, İran proksilərin məhdudlaşdırılmasına dair qərarları prioritetləşdirməkdən yayınmayacaq. Bu, İranı, daha geniş coğrafiyada təhlükəsizlik risklərindən sığortalayacaq addım ola bilər.
Aqşin Kərimov,
siyasi təhlilçi