Medianews.az
FTX Putinin köhnə tanışını həbs etdi -
197 baxış

FTX Putinin köhnə tanışını həbs etdi - Kriminal avtoritetdir

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburqun ən nüfuzlu iş adamlarından sayılan İlya Traberi həbs edib.

Medianews.az Rusiya mənbələrinə istinadla xəbər verir ki, iyunun 17-si səhər tezdən FTX əməkdaşları Traberin Leninqrad vilayətindəki bağ evində, Sankt-Peterburqdakı ofisində və ona məxsus bir neçə müəssisədə axtarış aparıblar. Əməliyyatlarda FTX-nin mərkəzi aparatının əməkdaşları iştirak edib.

İlkin məlumatlara görə, Traber 2020-ci ilin oktyabrında Vıborq rayonunda qətlə yetirilmiş deputat və sahibkar Aleksandr Petrovun ölümü ilə bağlı cinayət işi çərçivəsində tutulub. Mənbələrin iddiasına əsasən, Traberə sifarişli qətlin təşkili ittihamı irəli sürülə bilər.

İlya Traber Rusiya prezidenti Vladimir Putinlə uzun illərdir tanışdır. Onların əlaqələri Putinin Sankt-Peterburq meriyasında çalışdığı 1990-cı illərə gedib çıxır. “Novaya qazeta” yazır ki, həmin dövrdə Putin Traberin biznes layihələrinə dəstək verib.

Kremlin sözçüsü Dmitri Peskov Putinlə Traberin tanış olduğunu təsdiqləsə də, münasibətlərinin yalnız işgüzar xarakter daşıdığını bildirib.

“The İnsider” nəşrinin məlumatına görə, Traber 2004 və 2016-cı illərdə Putinin ad günü tədbirlərində fəxri qonaqlar arasında olub. “Dojd” televiziya kanalının bildirdiyinə görə, Traber nadir kriminal avtoritetlərdən biridir ki, Putin onunla tanış olduğunu açıq şəkildə etiraf edib.

İspaniya prokurorluğu vaxtilə Traberi Sankt-Peterburqda fəaliyyət göstərmiş Tambov mütəşəkkil cinayət qrupunun liderlərindən biri adlandırıb. Traber özü bu iddiaları qəbul etməyib.

Traberin biznes fəaliyyəti 1990-cı illərdə antikvar əşyalar bazarından başlayıb. Hazırda onun adı liman infrastrukturu, logistika, nəqliyyat və neft-qaz sektorunda fəaliyyət göstərən iri şirkətlərlə əlaqələndirilir. Son illərin əsas layihələrindən biri Rusiyanın ən böyük yeni liman komplekslərindən sayılan Primorsk kompleksidir.

2025-ci ildə Traberin nəzarət etdiyi Sankt-Peterburq Neft Terminalı Baş Prokurorluğun iddiası əsasında dövlət mülkiyyətinə keçirilib.

2015-ci ildə Rusiyanı tərk etmiş iş adamı Maksim Freydzon mediaya müsahibəsində Putinin 1990-cı illərdə bəzi sahibkarlarla münasibətləri barədə iddialar səsləndirib. Freydzonun sözlərinə görə, Putin onların yaratdığı “Soveks” yanacaq şirkətinin gəlirlərindən pay tələb edib. Kreml bu və buna bənzər ittihamları dəfələrlə rədd edib.

Medianews.az

Bizə qoşulun