Telegram proqramının yaradıcısı Pavel Durova qarşı Rusiyada “terrorizmə kömək” ittihamı ilə cinayət işi qaldırılıb. Durov hakimiyyətlə əməkdaşlıq etmək istəməməkdə suçlanır.
“Hakimiyyət hər gün Telegram-a çıxışı məhdudlaşdırmaq üçün yeni-yeni bəhanələr uydurur, şəxsi həyat və söz azadlığı hüququnu boğmağa çalışır. Bu, öz xalqından qorxan bir dövlətin (oxu: Putinin – Z.S.) kədərli mənzərəsidir”, – təsisçi ittihamlarla bağlı bildirib...
Sirr deyil ki, Rusiyada artıq 5 ildir əhaliyə total nəzarət sistemi bərqərar edilib. Putinin absurdcasına “xüsusi hərbi əməliyyat” adlandırdığı Ukraynaya qarşı işğalçı müharibə ilə bağlı hər hansı tənqidi fikir, söz o saat “xəyanət” kimi tövsif edilir və həmin şəxs xarici agent kimi cəzalandırılır, təqib olunur. Yaşından, cinsidən asılı olmayaraq. Belə faktlar yüzlərlədir.
Bu göbbelssayağı siyasəti hər şeydən öncə Putinin qurduğu yarım-totalitar-avtoritar rejimin mahiyyəti diktə edir. Kreml başçısı ehtiyatlanır ki, “xüsusi hərbi əməliyyat”la bağlı gerçəklərin ictimailəşməsi daxili vəziyyəti kəskinləşdirə, cəmiyyətdə parçalanma yarada, hakimiyyət sərt suallara tuş gələ bilər.
Məsələn, belə bir sual: ruslar ən yaxın xalq saydıqları ukraynalılara qarşı niyə müharibəyə sürüklənib və nə üçün boşuna qırılırlar? Yaxud bu müharibə Rusiyaya yaxşı nə verib?
İkinci yandan, öz xalqından bunca qorxan, ehtiyatlanan liderin reytinqi necə olur rəy sorğularında illərdir 75-80% arasında qalır? Deməli, hamısı şişirtmədir, blefdir...

Bütün bunlar – güc imitasiyası, cəmiyyəti xofda saxlamaq kursu, əlbəttə ki, Putinə həm də postsovet məkanında imperialist Rusiyasının “dominant” və “qorxunc” imicini qorumaq üçün vacibdir. Lakin əbəs cəhdlərdir. Keçmiş sovet respublikaları öz dərslərini artıqlaması ilə götürüb, gərəkən nəticələri çıxarıb, “şimal ayı”sının bütün bəd niyyət və imkanlarına əminlik hasil edib.
Yəni, Rusiya 4 il öncəki qədər elə vahiməli deyil. Bu, Ukraynaya qarşı işğalçı müharibənin azsaylı müsbət nəticəsidir. Digər pozitiv nəticə Ukraynanın ərazi itkisinə rəğmən, öz dövlətçiliyini qoruyub saxlaması və Avropda ən güclü, ən döyüşkən ordu qurması sayıla bilər. Artıq şəkk-şübhə yox ki, müharibənin necə yekunlaşmasından asılı olmayaraq, Moskvanın Ukraynanı dövlət kim xəritədən silmək planı iflas olub. Hələ onu demirik ki, yaxın perspektivdə Ukrayna qismən kiçilmiş ərazi ilə də olsa, qitənin İsrailinə çevrilə bilər...
Bu arada Rusiyanın BMT-dəki Daimi Nümayəndəsi Valeri Nebenzya, BMT TŞ-nin iclasında utanmazcasına Ukrayna mənşəli olduğunu söyləyib. Sitat: “Mən ukraynalıyam. Biz eyni millətik. Rusiyada milyonlarla ukraynalı, Ukraynada və Belarusda milyonlarla rus var. Bunu çox yaxşı bilirsiniz”.
Ukrayna xarici işlər nazirinin müavini Maryana Betsa isə ona sərt etiraz edib. O, nə Nebenzyanın ukraynalı, nə də ruslar və ukraynalıların eyni xalq olduğunu deyib. “Biz fərqli kimliklərə və tarixi təcrübələrə malik iki millətik”, - diplomat vurğulayıb.
Odur ki, yenə həmin suala qayıdırıq: doğrudan da, Nebenzya haqlıdırsa, “tək millət iki dövlət”dən söhbət gedirsə, o zaman Moskva 5-ci ildir bu “eyni xalqın” başına niyə müsibətlər gətirir, uşaqlı-qadınlı-körpəli onu qışın oğlan çağında soyuqdan dondurmaq istəyir? Bu vəhşiliyi, riyakarlığı kimin ayağına yazaq – yadplanetlilərin?..
Daha bir təzad. Rusiya hərbi-siyasi rəhbərliyinin səriştəsiz, qeyri-ciddi, “komik”, “narkoman” adlandırıb daim aşağıladığı Ukrayna prezidenti Volodimir Zelenksi sən demə, “bərk qoz” imiş. Bacarıqlı sərkərdə və sevilən lidermiş.
O dərəcədə bacarıqlı ki, Putindən fərqli olaraq, öz ölkəsində vətəndaşlara qarşı total nəzarətə ehtiyac görmür. Çünki xalqı ilə nəfəs alır, prezident postu tutandan millətinin yanındadır, onunla səmimi və açıqdır. İkiüzlülük eləmir, hakimiyyət hərisi də deyil. Müharibədə ikicə ay fasilə olarsa, azad seçkilərə getməyə hazır olduğunu dəfələrlə bəyan edib. Daha Putin kimi öz kölgəsindən qorxan deyil...
Zahid SƏFƏROĞLU