Dünyada müxtəlif təəssübkeşlik predmetləri var: irqi təəsübkeşlik, dini təəssübkeşlik, milli təəssübkeşlik, vətən təəssübkeşliyi, sinfi-ideoloji təəssübkeşlik, idman təəssübkeşliyi, cinsi təəssübkeşlik, regional təəssübkeşlik və s.
Bu sıraya hətta mahal, rayon, kənd təəssübkeşliyini də əlavə etmək olar. Çünki bir çox adamlar yalnız bu müstəvidə özlərini ifadə edə bilirlər, başqa vaxt dünya dağılsa da, veclərinə olmur.
Öz irqindən olanların təəssübünü çəkmək irqçilikdir.
Öz millətinin təəssübünü çəkənlərin ifrata varması nasizmə, şovinizmə aparır.
Cinsi təəssübkeşliyin axırı feminizmlə (kişiləri düşmən elan etməyə) və patriarxal düşüncənin dərinləşməsi (qadınların hüquqsuzluğu) ilə bitir.
Siyasi-ideoloji təəssübkeşliyə görə bir ölkədə yaşayan insanlar uzaq bir ölkədəki əqidədaşlarını dəstəkləyirlər. Məsələn, bir zamanlar SSRİ əhalisi rəsmi təbliğatın təsiri altında Vyetnamda, Kubada, Çilidə, Nikaraquada siyasi mübarizə aparan marksistləri müdafiə edirdilər.
İdman təəssübkeşliyi özlüyündə bir yerə qədər təhlükəli bir şey deyil. Bakıda kafedə oturmuş cavanların “Qalatasaray”ın və ya Madrid “Real”ının qələbəsi üçün qışqırıb-bağırmalarının, “Fənərbağça” və ya “Barselona” azarkeşləri ilə zarafatla öcəşməsinin elə bir ziyanı yoxdur.
Ancaq dini təəssübkeşlik çox fərqlənir. Burada rəqibə ironik tərzdə sataşmağın ağır, faciəvi nəticələri ola bilər və olur.
Din-məzhəb təəssübkeşliyi insanların obyektiv düşüncəsinə mənfi təsir göstərir. Onlar özlərini ölüm-dirim savaşına çıxmış kimi hiss edirlər. Pakistandan cümə günlərində vaxtaşırı gələn “məsciddə terror” xəbərlərinin mayasında məzhəb təəssübkeşliyi durur. Şiələr sünnilərin, sünnilər şiələrin, müxtəlif dini təriqətlər də bir-birinin məscid və camelərini partladırlar. Onlara elə gəlir ki, dünyada yeganə düzgün təriqət özlərinin etiqad etdiyidir və yerdə qalanların hamısınınkı kafirlikdir, kafirlər isə ölməlidir.
Biz elə bir coğrafiyada yaşayırıq ki, burada məzhəb ayrılığına görə çox qırğınlar, savaşlar olub. Orta əsrləri xatırlayaq. Osmanlı imperiyası ilə Səvəfi xanədanlığı arasında gedən müharibənin iki səbəbindən biri məhz məzhəblərarası intirqa idi. O düşüncənin izləri hələ də qalır. Tarixçilər belə 500 il əvvəlki hadisələri qiymətləndirərkən məsələyə məzhəb təəssübkeşliyi prizmasından yanaşırlar.
Bu günlərdə ABŞ və İsrailin İrana qarşı başlatdıqları müharibəyə sırf din-məzhəb təəssübkeşliyi müstəvisində yanaşanlar çoxdur. Onlardan bəziləri qatı şiədirlər və İranı şiəçiliyin sarsılmaz dayağı hesab edir, şiəliyi “əsl İslam” sayırlar. Onlara görə, İrana hücum dinə, məzhəbə hücumdur və hazırda İranı idarə edən teokratik qüvvələr hakimiyyətdən çəkilsələr, məzhəb əldən gedəcək.
İranın siyasi rejimini var gücləri ilə müdafiə edənlər arasında dindar olmayanlar, hətta nominal olaraq sünni təriqətinə mənsub olanlar da var və onlar heç də İranın legitim prezidenti Məsud Pezeşkianın rəhbərlik etdiyi mötədil siyasi xətti yox, məhz total şəriət rejimi tətbiq edənləri müdafiə edirlər.
Nəyə görə? İranda siyasi hakimiyyətin hansı qüvvənin və partiyanın əlində olmasının başqa bir ölkənin vətəndaşlarına nə dəxli var? Bu hansı növ təəssübkeşlikdir?
Bu düşüncədə olan şəxslərin daha bir minusu odur ki, daxilində xeyli obyektiv tənqidə gələn neqativ hallar olduğu halda İran rejiminə toz qondurmurlar, hətta adi tənqidi fikir səsləndirənləri də dərhal ABŞ-nin, İsrailin agenti adlandırırlar.
Bir hadisə baş verib. İranda hakimiyyətin hərbi qanadı separat şəkildə Naxçıvanı pilotsuz təyyarələrlə bombardman edib. Bu zaman canında vətən təəssübkeşliyi olan hər bir yetkin vətəndaş yalnız bu hücumu pisləyə bilər. Bunun qarşılığında həmin hücuma rəvac, rüsxət, əmr verənlərin bizimkilər tərəfindən müdafiə olunması açıq-aşkar vətənə qarşı olmaq, kollaborasionizmə yuvarlanmaq deməkdir. Bunun başqa adı varmı? Varsa, nədir?
Fəqət bu cür qəbahət hərəkətə yol verənlərin ciddi-cəhdlə müdafiə olunması kampaniyası da gedir.
Ümumiyyətlə, bir ölkənin vətəndaşı ola-ola başqa dövləti həmişə və hər işdə müdafiə etmək, hətta o dövlət sənin ölkənə qarşı açıq düşmənçilik edəndə də ona haqq qazandırmaq düzgün yolda olmaq demək deyil. Xüsusilə də o dövlət özü istibdad yuvasıdırsa, hər zaman aqressiv və haqsız mövqedədirsə, ona hansı kriteriyalara görə rəğbət bəsləmək olar?
Xalid KAZIMLI