Komanda dörd top yedikdən sonra ehtiyat oyunçular skamyasındakı kadrların pis-pis gülməsi xalqın haqlı qəzəbinə səbəb olmuşdur. Mən bu cızmaqaranı edənəcən hələ gülüşü nəyin doğurduğunu tam araşdırıb tapa bilməmişdik. Yəqin istintaq orqanları cəlb edilməlidir. Xalqın qəlbi qan ağlayır, sən isə hırıldayırsan... Nırç, nırç... Çox qeyri-vətənpərvər aksiyadır. Təklif edirəm hərəsinə 10 sutka məşq cəzası verilsin.Eyni zamanda, bəlkə cəzasız da ötüşmək olar. Axı el məsəlimiz elə bu tip situasiyaları nəzərdə tutmuşdur: “Bir üzümüz ağlayanda, bir üzümüz gülməlidir”. Yəqin onlar çəkiliş olmayan üzləri ilə ağlayırmış.
Həmçinin, milli futbolun vəziyyətinə gülmək bir ayıb, ağlamaq başqa ayıb. Bəs yazıqlar nə eləsin? Məsələn, altıncı qoldan sonra oyunçuların davranışı haqqında Milli Məclisin qanun qəbul etməsi lazımdırmı? Çünki hər şeyi milli adət-ənənələrlə tənzimləmək olmur. Bəzən sərt qanunlar lazımdır. Bu barədə hələ ötən əsrdə Nobel mükafatı laureatı, kolumbiyalı yazıçı Qabriel Qarsia Markes demişdir: “Ədəbiyyat olmasa dünya dağılmazdı, ancaq polis idarəsi vacibdir”. Arvadı Mersedes xanımın xatirələrinə görə o sitatı Markes Boqota şəhər 39-cu bölmədən çıxanda söyləmişdir. Yazıçını Anar müəllimə şər atdığı üçün saxlayıbmışlar.
Əslində ən ağlamalı oyun gecə yarısı olan idi. Norveçin 42 min nəfərlik Budyö adlı qəsəbəsinin komandası Avropa nəhənglərindən olan İtaliyanın “İnter” klubunu, necə deyərlər, qabağına qoyub çiləyirdi. Həmin bu “Bodyo Klimt” adlı klubun italyanlara 3:1 hesabıyla qalib gəldiyi oyundakı heyətində cəmi 2 nəfər əcnəbi var idi, prinsipcə, onlar da danimarkalı vikinqlər olduğundan elə yerli kimi bir şey sayılırlar. Yəni, sözümün canı budur ki, ehtiyat oyunçuların ağız-burnunu güdməkdənsə özümüzə bu sualı verməliyik: niyə əsas vurub-tutan klubumuzda damazlıq 1-2 yerli, azərbaycanlı oyunçu qalıb, hamısı xaricdən alınma legionerdir, ancaq Norveçin qəsəbə klubu norveçli oyunçuları ilə Avropada ad çıxarır?
Həmçinin, stadionların vəziyyətini hamımız gördük. “Bodyo Klimt”in stadionu ətrafında qar topaları görünürdü, ancaq stadionun yaşıllığı göz oxşayırdı (Budyö-də orta illik temperatur 7 dərəcədir). “Qarabağ”ın oynadığı Bakıdakı meydança isə elə bil Şimal qütbünün bir addımlığındaydı, rəngi marketdə cütü iyirmi qəpiyə satılan axşambazarı göyərtisi kimi bozarmışdı.Başa düşürəm, kərə yağını Zelandiyadan, quzunu Monqolustandan, nə bilim, dananı Ukraynadan almağa məcburuq, kənd təsərrüfatının təpəsində turp əkmişik, o da qurdlu çıxıb, bəs idmana nə söz? Heç olmazsa burada “milli istehsalı” təmin edin. Ya da sərhədi açın, hamımız piyada çıxaq gedək, legionerlər gəlib yaşasın. Təyyarə biletinə hamının gücü çatmır.Ta müqayisə açmışıq, birini də yazaq. Ağsu rayonunun əhalisi Norveçin həmin Budyö qəsəbəsindən 20 min nəfər çoxdur, lakin bu rayonun hazırda futbol komandası hansıdır, varmı, yoxmu, deyəsən heç rayon camaatı da dəqiq bilmir. Belə getsə orda vəziyyət lap ağlamalı olacaq, çünki icra hakimiyyətinin başçısı Rövşən müəllim 1 sərəncamla 14 işçisini işdən çıxarmışdır. Dövlətçilik tariximizdə hələlik rekord sayılır. Ən maraqlısı isə ixtisara salınan həmin işçilərin vəzifəsinin adıdır: məsləhətçi. Bir rayon icra hakimiyyətində 14 məsləhətçi işdən çıxarılırsa, rayonun axırı necə olacaq? Kimdən məsləhət alacaqlar? Ax, vay...
Bəlkə nigarançılığa, ağlaşma qurmağa çox əsasımız yoxdur, Ağsuda məsləhətçilər yenə qalır. Təxmin kimi yazmıram. Bir dəfə mən hesablamışdım, rayonlarımızdan birinin icra hakimiyyətində 56 məsləhətçi var idi. Yəqin Ağsuda da oxşar vəziyyətdir, araşdırmağa qəti həvəsim yoxdur – qıdığım gəlir. Oxucular baxmırsa gülüm.
Zamin HACI