Medianews.az
“Omid” mağazasında xeyli nöqsanlar aşkarlandı -
93 baxış

“Omid” mağazasında xeyli nöqsanlar aşkarlandı - VİDEO

Bakıda tikinti materialları və məişət texnikası satışı ilə məşğul olan “Omid” mağazasında xeyli sayda nöqsanlar aşkarlandı.

Fövqəladə Hallar Nazirliyindən Medianews.az-a bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 36A ünvanında yerləşən “Omid” MMC-yə məxsus tikinti materiallarının pərakəndə satışı mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya lisenziyası olan təşkilat tərəfindən texniki qulluq göstərilməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

- elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib;

- obyektin daxili yanğın kranlarında suyun təzyiqi normaya uyğun təmin edilməyib və su təzyiqinin yaradılması üçün xüsusi yanğın nasosları mövcud deyil;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;

- obyekt rəhbəri tərəfindən yanğın təhlükəsizliyi tədbirləri haqqında təlimatlar işlənib hazırlanmayıb;

- obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 36A ünvanında yerləşən “Omid” MMC-yə məxsus tikinti materiallarının pərakəndə satışı mağazasının fəaliyyətinin qismən məhdudlaşdırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Bizə qoşulun