Parlament seçkisi ərəfəsinə girən Ermənistanda baş nazir kürsüsünə əsas namizədlərdən biri sabiq prezident Robert Köçəryandır. Bu namizədliyi qarabağlıların hakimiyyətə dönüş cəhdi kimi də dəyərləndirmək mümkündür.
Seçki iyunun 7-nə təyin olunub.
Medianews.az bildirir ki, proporsional sistemlə formalaşan qanunverici orqana düşmək üçün partiyalar etibarlı səslərin azı 4 faizini, bloklar 8-10 faizini toplamalıdır.
Partiyasız Robert Köçəryan Ermənistan blokunun namizədidir.
Hökumət qurmaq üçün azı 101 nəfərdən ibarət qanunverici orqanda mandatların 52 faizini almaq tələb olunur.
İndiki parlament 107 nəfərlikdir. Baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının 69, müxalif qüvvələrin – Ermənistan blokunun 28, sabiq prezident Serj Sərkisyana bağlı “Qürurluyam” blokunun 6 mandatı var.
Serj Sərkisyan Ermənistan Respublikaçılar Partiyasının sədridir. Bu qurumun 7 iyun seçkisinə qatılıb-qatılmayacağı bilinmir.
Medianews.az xatırladır ki, Robert Köçəryanla Serj Sərkisyan üst-üstə 20 ildən çox Ermənistanda hakimiyyətdə olublar. Onların hər ikisi 1954-cü ildə Azərbaycanın Xankəndi (1991-ci ilə qədər Stepanakert adlanıb) şəhərində doğulublar, işğalçı müharibənin rəhbərləri olublar.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-ci il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın altıda birini ələ keçirib.
Robert Köçəryan 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ilin martında Ermənistanın baş naziri təyin olunub. 1998-ci ilin fevralında prezident Levon Ter-Petrosyan istefa verib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.
Serj Sərkisyan 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub. 1995-2008-ci illərdə Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib.
2018-ci il aprelin 17-də Serj Sərkisyan baş nazir postuna oturub, ancaq aprelin 23-də istefa verib. Bu, xalq inqilabının nəticəsi olub.
1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasını 2013-cü ildə yaradıb. 2017-ci ildə bu qurumun daha iki partiya ilə birgə yaratdığı “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək taxtdan düşüb.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.
Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.
Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.
Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
2025-ci il avqustun 8-də Azərbaycan prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sülh öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.
Toğrul Əli,
Medianews.az