Medianews.az
Qəzzanın 7 milyardı və Azərbaycanın təqdim etdiyi xilas yolunun dəyəri
52 baxış

Qəzzanın 7 milyardı və Azərbaycanın təqdim etdiyi xilas yolunun dəyəri

Birləşmiş Millətlər Təşkilatı (BMT) İkinci Dünya müharibəsi başa çatandan sonra, 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmışdı. “Ümumdünya Hökuməti”nin əsas məqsəd – məramı, vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək idi.

Amma təkcə Qəzza problemi BMT-nin qarşısına qoyduğu vəzifənin öhdəsindən gələ bilmədiyini bildirmək üçün kifayətdir. Az qala BMT ilə yaşıd olan Qəzza fəlakətində bu təşkilatın 2023-cü ilin oktyabrından bəri verdiyi itkiləri xatırlamaq da real mənzərəni göstərir. Dünyanın 200-dək ölkəsini öz çətiri altında birləşdirən BMT artıq funksionallığını itirmiş, üstqurumdan altquruma çevrilmiş təşkilat kimi formal fəaliyyət göstərir. Dünyanın bir sıra paytaxtlarında bu reallığı yenicə dərk ediblər. Azərbaycan isə hələ ötən əsrin əvvəllərində, BMT “Məşədi İbad” yaşına çatanda bu təsisatdan əlini üzmüşdü – Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin kağız üzərində qalmasından sonra. Hələ ABŞ-nin BMT Təhlükəsizlik Şurasını “yuxuya verib”, kimyəvi silah axtarışına çıxdığı İraqı şumlaması da bu təşkilatın tarixində acınacaqlı səhifədir.

83c4848e-de99-3175-9b4c-0345d803e821_1200.jpg (108 KB)

Bütün bunların fonunda dünyanın super dövlətinin lideri Donald Trampın Sülh Şurasını təsis etməsi məntiqli olduğu qədər də müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev hələ bir neçə il əvvəl demişdi ki, “BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir”.

Dövlət başçımızın reallığı tamamilə əks etdirən mövqeyi beynəlxalq səviyyədə hamı tərəfindən hələlik etiraf olunmasa da, qəbul edilir. Dünyanın bir sıra regionlarında davam edən müharibələr fonunda BMT-nin effektsiz mövqeyi bunu təsdiqləyir. Odur ki, Azərbaycan Prezidentinin ABŞ lideri Donald Tramp tərəfindən Misirin Şarm Əl-Şeyx şəhərində təşkil olunan Yaxın Şərq Sammitinə dəvət olunması heç də təsadüfi deyildi. Eyni zamanda cari ilin yanvarında İsveçrənin Davos şəhərində Sülh Şurasının təsisi üçün təşkil olunan “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasiminə İlham Əliyevin xüsusi dəvət əsasında iştirakı və Sülh Şurasının təsisçilərindən biri olması, həmçinin 19 fevralda Sülh Şurasının ilk iclasında dövlət başçımızın iştirakı Azərbaycan tarixinin şərəfli səhifələrindəndir.

Təsəvvür edin, formal təşkilata çevrilmiş BMT-yə alternativ hesab edilən, yeni dünya düzənində önəmi inkar edilməyən bir təsisatın təsisçilərindən biri Azərbaycandır! O ölkə ki 30 il ərzində BMT başda olmaqla, beynəlxalq aləmdən Qarabağa, Xocalıya...ədalət gözlədi. Amma yekunda ədaləti təkbaşına, öz gücü ilə təmin etdi, indi də nəinki regionda, bütövlükdə qlobal məkanda ədalətsizliyə qarşı prinsipial mövqe göstərən lider dövlətlərdəndir, beynəlxalq səviyyədə sülhün, təhlükəsizliyin, ədalətin bərqərar olmasından ötrü çalışır. Azərbaycan həm apardığı ədalətli, ləyaqətli müharibə, həm də irəli sürdüyü sülh təklifləri ilə ortaya nümunə qoyub. Bu mənada Donald Trampın hər tədbirdə adını fəxrlə çəkdiyi Prezident İlham Əliyevlə, Azərbaycan dövləti ilə əməkdaşlıq etməsi bütövlükdə dünyanın xilası baxımından çox vacibdir. 

İİİİİİİİİİİİ.jpg (189 KB)

Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak edən Prezident İlham Əliyevə yenə də təsisçi və iştirakçıların böyük diqqəti artıq təəccübləndirmir, adi protokol qaydalarına uyğun olaraq qarşılanır. Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarı və ən fəal təşviqatçılarındandır. Vaşinqton Zirvəsi zamanı prezident Trampın bir neçə dəfə Azərbaycan Prezidentinə xitab etməsi, Azərbaycan adını artıq sevdiyini söyləməsi İlham Əliyevin yaratdığı reallığın bunun bariz göstəricisidir. Artıq Azərbaycan dövlətinin böyük Zəfərini həzm etməkdə olanlar da İlham Əliyevin nəhəng dünya siyasətçisi və dövlət başçısı olması faktı qarşısında təslim olublar. Qarabağa gedən yolumuzu kəsə bilməyənlər ideya müəllifi İlham Əliyevin olduğu Zəngəzur dəhlizi – Tramp marşrutunun da reallaşmasına əngəl ola bilməyəcəklərini anladılar. Həm də Azərbaycanla bağlı olan layihələr birmənalı olaraq sülhə, təhlükəsizliyə, qarşılıqlı maraqların təmin olunmasına xidmət edir, o cümlədən iki qitəni birləşdirəcək Zəngəzur dəhlizi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp tərəfindən Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak etmək üçün dəvət edilməsi, Sülh Şurasında Azərbaycanın iştirakı öllımizin mövbəti uğuru, Prezident İlham Əliyevin dünyada böyük nüfuzu və ona olan hörmətin təzahürüdür.

Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın tədbir çərçivəsində görüşməsi və əlsıxmanın prezident Tramp tərəfindən qeyd edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın və dövlət başçımızın rolunun göstəricisidir. Bu, bir nümunədir, dünyanı xilas nümunəsi! Bu gün dünyanın neçə bölgəsində dəhşətli savaş gedir, yaxud üçüncü dünya müharibəsinin ocağı çatılmaqdadır. Amma baxın, qarşı duran, döyüşən ölkələrin birinci şəxsləri bir-birinə əl uzatmağa hazırdırmı? Əksinə, bir-birini inkar edirlər, prezident kimi tanımırlar.

sx2IvIoLKk0bwkFCxBdoJLu51Qjxj8uIs7wQsNXD_1200.jpg (64 KB)

Azərbaycan Prezidenti 44 gün ərzində ərazi bütövlüyünü, suverenliyini təmin etdiyi, bir gün ərzində separatizmin kökünü kəsdiyi ölkədən 30 ilin işğalçısına taxıl yolu açdı, yanacaq satışının həyata keçirilməsinə razılıq verdi. Bütün bunlar çoxlarını heyrətə saldı, axı, gözləyirdilər ki, Azərbaycan törətdikləri soyqırımın əvəzində ermənilərin “kökünü kəsəcək”, yer “üzündən siləcək”, onlar da hərəkətə keçib, ölkəmizə qarşı əllərindən gələn pislikləri edəcəklər. Azərbaycana qarşı “etnik təmizləmə” iddiası irəli sürənlər, Türkiyəni “soyqırımı”da ittiham edənlər üçün göydəndüşmə fürsət ola bilərdi. Etmədiklərimizə görə on illər ərzində bizi ittiham edənlər necə də təşnə idilər Azərbaycanın erməni faşistlərinin törətdiklərinə adekvat cavabına, mülki erməniləri borulara doldurub, ağzını qaynaq etməsinə, yaralıları qətlə yetirilənlərlə birgə quyulara doldurub basdırmasına...Səhnələşdirə bilmədilər bu xülyaları, Azərbaycan ordusu yalnız döyüş meydanında düşmənin, işğalçının cavabını verdi, hətta Xocalı soyqırımının iştirakçısını belə mühakimə etdi, daha sonra humanist davranıb, onu ölkəsinə təhvil verdi. Azərbaycan ordusunun Ermənistanla şərti sərhədlərdə dayanmasını ABŞ rəhbərliyi başda olmaqla, çoxları etiraf etdi. Ancaq bütün bunlar Azərbaycan nümunəsi idi! Dünyanın xilası naminə belə nümunələrdən faydalanmaq lazımdır. İlham Əliyevin olduğu platformalar bu mənada əhəmiyyətlidir.

Sülh Şurasının yaradılmasının əsası əslində 8 avqust 2025-ci ildə Vaşinqtonda qoyuldu. Düzdür, o vaxta qədər Azərbaycan Liderinin təklifi ilə ikitərəfli formatda xeyli məsafə qət olunmuşdu, Əbu-Dabi toplantısı Vaşinqton görüşü və razılaşmalarına qədər sonuncu mühüm tarixi hadisə olmuşdu. Amma prezident Trampın şahidliyi və iştirakı ilə iki müharibə edən ölkə arasında əldə olunan anlaşmalar bu təşəbbüsün qlobal məkanda da rentabelli ola biləcəyinə inam yaratdı. Əbəs yerə ABŞ lideri az qala hər çıxışında Vaşinqton razılaşmasını xatırlatmır ki...Beləliklə, faktiki olaraq dünyanın xilası, sülhün və təhlükəsizliyin təmin olunmasını əsas hədəfi elan edən Sülh Şurasının ərsəyə gəlməsi 8 avqust anlaşması ilə sıx bağlıdır.

VASİN SON.jpg (129 KB)

2026-cı ilin Vaşinqton toplantısının gündəliyində duran əsas məsələlərdən biri Qəzza ilə bağlı xüsusi maliyyə fondunun yaradılması, eləcə də bərpa-quruculuq işlərinin və humanitar missiyaların həyata keçirilməsi idi. Qəzzada Sabitləşdirmə Qüvvələrinin yaradılması ideyası ilk dəfə Şarm Əl-Şeyxdə ABŞ prezidenti tərəfindən irəli sürülüb, Qəzza probleminin hərtərəfli həllinə yönəlmiş 20 maddəlik planın tərkib hissəsi kimi təqdim edilib. Prezident İlham Əliyev bu ilin yanvarında yerli mediaya verdiyi müsahibədə Azərbaycanın Qəzzada yaradılması nəzərdə tutulan Sabitləşdirmə Qüvvələrinin tərkibinə qoşulmaq niyyətində olmadığını bəyan etmişdi. Təbii ki, Azərbaycan yeni müharibədən çıxmış ölkədir və hərbi kontingentin başqa bir münaqişə zonasına göndərilməsi məsələsi cəmiyyətdə müəyyən həssaslıq doğurur. Bildirilib ki, bu mövqe Azərbaycanın xarici siyasətində məsuliyyətli yanaşma, daxili ictimai rəyin nəzərə alınması və regional prioritetlərin qorunması prinsipinə əsaslanır. Ancaq bununla yanaşı, prinsipal mövqe bir daha ifadə olunub: Azərbaycan Respublikası öz praktiki təcrübəsindən çıxış edərək Qəzzada həyata keçirilən humanitar missiyalarda və investisiya layihələrində investor kimi aktiv rol oynaya bilər. Eyni zamanda ölkəmiz münaqişədən sonrakı mərhələdə bərpa-quruculuq sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformalarda bölüşmək imkanına malikdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr nümunə kimi nəzərdən keçirilə bilər.

e41fbb13-7c47-38ea-9d16-2e56a64d24b4_1200.jpg (457 KB)

Ötən illər ərzində  də Azərbaycan həm BMT institutları vasitəsilə, həm də ikitərəfli əsasda Fələstinə humanitar yardımlar göstərib. Baxmayaraq ki, o illərdə torpaqlarımız işğal altında idi və sonrakı illərdə də Azərbaycan Qarabağı, Şərqi Zəngəzuru təkbaşına inşa edir, vətəndaşlarını yurdlarına qaytarır. Odur ki, darmadağın edilmiş Qəzzanın bərpasında dövlətimizin daha böyük yükü öz üzərinə götürməsi ədalətli olmazdı. Sadəcə, gələcəkdə kommersiya şərtləri və investisiya layihələri əsasında Azərbaycan tərəfindən yatırımlar həyata keçirilə bilər. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün X sosial media hesabında açıq mətnlə bildirdi ki, Sülh Şurasının iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur!

hikmet son.jpg (29 KB)

Odur ki, biriləri sakit olsun, hər hansı demaqogiyaya ehtiyac yoxdur. Zamanında Azərbaycan hakimiyyətinin öz ərazilərini azad etmək niyyətində “olmadığını”, 44 günlük müharibədən sonra qazanılan tarixi Zəfərimizə kölgə salmaqdan ötrü Xankəndi və digər ərazilərin taleyi ilə bağlı sərsəm iddialar irəli sürənlər yanıldılar. Amma üzr istəmək əvəzinə indi də digər iddiaları tirajlayırlar, əlləri başqa yerlərdən üzüləndə də Qəzza iddiasını ortaya atırlar. Azərbaycan dövləti təkbaşına azad etdiyi ərazilərini təkbaşına tikir, qurur, yaradır, yaşadır! Bu, milyardlarla vəsait tələb edən nəhəng işdir, kimsə unutmasın! Azərbaycanın Sülh Şurası çərçivəsində önə çıxmasının əsas səbəblərindən biri də Ermənistanla sülh gündəliyinin irəli aparılması üzrə ortaya qoyduğu nümunəvi modeldir. Məhz bu model regionda uzun illər davam edən münaqişənin İlham Əliyevin liderliyi ilə həll olunmasını mümkün etdi. Qlobal kontekstdə bu təcrübə dövlətin öz suverenliyi və beynəlxalq hüquq çərçivəsində münaqişənin həllinə nail olduğu nadir nümunələrdən biri kimi qiymətləndirilir. Ağ Ev üçün cəlbedici olan bu amildir.

1732520749_u.png (640 KB)

Biz hansısa tribunadan xitab edərək Qarabağı qurmaq üçün kimsədən borc, kredit istəmirik, qürurumuza və daxili potensialımıza istinad edərək qururuq. Azərbaycan Prezidentinin Qəzza daxil, bütün münaqişə bölgələrinə qoyduğu yatırım isə milyardları çoxdan aşıb. Beynəlxalq sülhə, BMT-yə alternativ sayılan Sülh Şurasına Azərbaycanın yatırdığı rəmzi investisiyanın dəyəri Qəzzaya ayrılmış milyardlardan qat-qat artıqdır, unutmayaq! Azərbaycan xilas düsturunu təqdim edib. İsraillə Fələstinin “Qiyamət günü”nəcən döyüşəcəklərini zənn edənlər Azərbaycanın təşəbbüsü ilə Ermənistanla qurulan təmaslardan sonra qəbul edirlər ki, Qəzzada da sülh mümkündür. Azərbaycan işığa aparan yolu nişan verdi bütün bəşəriyyətə. Məhz bu töhfəsinə görə Azərbaycan yeni dünya nizamını müəyyənləşdirəcək 28 dövlətin sırasında, ilk sıralarda yer alır. Bu faktın, bu “Yol Xəritəsi”nin dəyərini özünüz hesablayın...

Elşad PAŞASOY 

Bizə qoşulun