Cənubi Koreyada “Gabi” adlı insansı robot Buddist keşiş kimi təqdim olunub.
Medianews.az xəbər verir ki, maraqlı hadisə paytaxt Seulda yerləşən Cokye məbədində baş verib.
Mərasim zamanı robot dua edib, ilahilər səsləndirib və Buddizmə sadiqlik andını qəbul edib. Ona “Buddaya həsr olunacaqsanmı?” sualı verildikdə “Bəli” cavabını verdiyi bildirilib.
Robotun adı koreya dilində “mərhəmət” mənasını verir. Məbədin mədəniyyət işləri üzrə rəhbəri Sonq Von robota tələffüz edilməsi asan olan və mərhəməti ifadə edən bir ad vermək istədiklərini söylədi.
Mərasim zamanı “Gabi”yə beş əsas Buddist qayda da təqdim olunub. Bunlara həyatın qorunması, zərər verməmək, insanlara tabe olmaq, aldatmamaq və enerji qənaəti (həddindən artıq elekrik cərəyanın yığmamaq) daxildir.
Mütəxəssislər bu layihənin Buddizmin müasir texnologiya ilə birləşdirilərək daha geniş tanıdılmasını hədəflədiyini bildirirlər.
Qeyd edək ki, Yaponiyada da oxşar robot layihələri hazırlanıb və onların dini mətnləri öyrənərək insanlara bələdçilik edə bildiyi açıqlanıb.
Medianews.az