ABŞ-nin "Wall Street Journal" qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Pekinə öz enerji resursları və sərfəli iqtisadi təşviqlər təklif etməklə Rusiya neftini Çin bazarından sıxışdırmağı planlaşdırır.
Qəzet yazır ki, Prezident Donald Trampın Pekinə səfərindən əvvəl ABŞ maliyyə naziri Skott Bessent çinli həmkarı ilə qarşıdakı danışıqların gündəliyinə Pekinin etirazına səbəb olacaq mövzunu daxil etməyi düşünür. Bu, Vaşinqtonun Çinin Rusiyadan neftin alışını azaltması istəyidir.
Bessent mart ayının ortalarında Parisdə çinli həmkarı, baş nazirin müavini Hi Lifenlə görüşəcək. Paris danışıqlarının əsas məqsədi iki lider arasında dialoq üçün əsas təşkil edəcək aprel sammiti zamanı Tramp və Çin lideri Si Cinpin arasında gələcək razılaşmaların strukturunu və əsas parametrlərini yekunlaşdırmaqdır.
Zirvə görüşünə hazırlıq çərçivəsində ABŞ nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması müqabilində Pekinə mayeləşdirilmiş təbii qaz, soya və “Boinq” təyyarələrinin tədarükünün artırılmasını təklif edib. Çin də öz növbəsində əks tələblər irəli sürüb. Bu ticarət tariflərinin aşağı salınması, süni intellekt və mikroçiplərə qarşı sanksiyaların qaldırılması və Vaşinqtonun Tayvanın müstəqilliyi ilə bağlı mövqeyinin dəyişdirilməsidir.
Bu arada, Böyük Britaniya və Çin arasındakı münasibətlərdə də gərginlik yaşanır. Halbuki Böyük Britaniyanın baş naziri Kir Starmer yanvar ayında Çinə səfər edib, iki ölkə arasında əməkdaşlığın inkişafı mövzularını müzakirə etmişdi. Buna baxmayaraq, Böyük Britaniya Rusiya ilə əməkdaşlıq edən Çin şirkətlərinə sanksiyalar tətbiq edib. Londonun iddiaları sözdə ikili təyinatlı məhsullarla, yəni həm dövlətin iqtisadi ehtiyaclarını ödəyən sənaye sahələrində, həm də müdafiə sektorunda istifadə edilə bilən mallarla bağlıdır. Pekin isə Böyük Britaniyanın Çin-Rusiya ticarət münasibətlərinə müdaxiləsini yolverilməz hesab edib.
Pekini hazırda Rusiya-Ukrayna müharibəsinə görə Qərb ölkələri ilə üzləşdiyi problemlər deyil, Yaxın Şərqdəki müharibənin genişlənməsi narahat edir. Çin enerji resurslarının idxalında çətinliklərlə üzləşib. Çin həm ucuz İran neftindən məhrum olub, həm də bölgədəki müharibə səbəbindən Körfəz ölkələrindən neft ala bilmir. Pekinin Tehrana “Hörmüz boğazını bağlama” mesajı də nəticə verməyib.
Belə vəziyyətdə Ağ ev administrasiyasının Çinə ünvanladığı “Rusiyadan neft almayın” çağırışı nəticəsiz qalacaq. Vaşinqton Hindistandan da ucuz Rusiya neftinin alışını tələb etmişdi. Ancaq Yaxın Şərqdə müharibənin genişlənməsi Hindistanın neftayırma zavodlarını Rusiya neftindən tamamilə imtinasına əngəldir.
Elxan Şahinoğlu,
politoloq