Ukraynada ölən Rusiya əsgərlərindən 200 min 186 nəfərinin kimliyini açıq mənbələr üzərindən təsdiq edən BBC-nin Rusiya xidməti və “Mediazona” internet resursu Rusiyanın ölən hərbçilərinin sayının 329 minlə 468 min nəfər arasında olacağı qənaətindədir.
Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başlatdığı, artıq beşinci ilinə qədəm qoymuş cinayətkar müharibəsində tərəflərin itkilərini araşdıran resursların hesabatlarından çıxan ortaq qənaət belədir ki, Rusiya 425 min civarında hərbçi itirib. Rusiyanın yaralı əsgərlərinin sayı isə bundan ən azı iki dəfə çoxdur. Yaralıların 52 faizini əsasən əl, ayaq və ya gözünü itirərək şikəst olmuşlar təşkil edir. Rəsmi məlumatların təhlilinə görə, müharibənin geridə qalan dörd ili ərzində şikəst olan Rusiya vətəndaşlarının sayı 500 mindən çoxdur. Müharibədən tərxis olunan əsgərlər tərəfindən öldürülən və ya şikəst edilən Rusiya vətəndaşlarının sayı da min nəfəri keçib.
Rusiyanı aclıq və yoxsulluqdan qurtaran, ölkəyə zənginlik qazandıran neft, qaz və daş kömür sənayesi çöküb. Daş kömür və qaz sənayesi zərərlə işləyir. Neft sənayesi də son sanksiyalardan sonra sürətlə gəlirlərindən məhrum olur. Rusiya Dəmir Yolları zərərlə işləyir və 6 trilyon rubl borcunun faizini ödəyə bilmir. Bütün bunlar müharibənin daha bahalı olduğu, savaşın bir ilinin 500 milyard dollara başa gəldiyi bir zamanda baş verir.

Ukraynanın ay ərzində zərərsizləşdirdiyi Rusiya əsgərlərinin sayı ay ərzində səfərbər edilənlərin sayını ötüb. Buna görə də Rusiya iri miqyaslı hücumlar təşkil etmək qabiliyyətini itirib. Halbuki Rusiya 2022-ci ilin martında Ukrayna ərazisinə indi olduğundan da çox nəzarət edirdi. Bu o deməkdir ki, bir milyona yaxın əsgərin qurban verilməsi 2022-ci ilin martındakı üstünlüyü qorumağa imkan verməyib. Ukrayna Rusiyanı nəhəng itkilər verməyə vadar etməklə yanaşı, 2022-ci ilin martı ilə müqayisədə işğal altındakı torpaqlarının önəmli bir hissəsini azad edib.
Bütün bunlar göstərir ki, 2022-ci ilin martında İstanbulda aparılan danışıqlarda Ukraynanın sülh adı altında əslində kapitulyasiya vadar edilməsinin qarşısını alan Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın müstəmləkəçi siyasətinin qarşısının alınmasına necə böyük tarixi xidmət göstərib. İstanbul danışıqlarında Rusiya nümayəndə heyəti müharibənin dayandırılması üçün Ukraynadan Krımın və dörd vilayətin (Donetsk, Luqansk, Herson və Zaporojye) ilhaqını tanımağı, təzminat ideyasından imtina etməyi, neytral statusunu qanuniləşdirməyi və ordusunun sayını 185 min nəfərə qədər azaltmağı tələb edirdi.
Bu gün Rusiya daha Herson və Zaporojye vilayətlərini tələb etmir. Üstəlik, Ukraynanın 800 minlik orduya sahib olmaq, Avropa İttifaqına inteqrasiya haqqını qəbul etmək məcburiyyətində qalıb.
Rusiya beynəlxalq münasibətlərdə söz sahibi olan dövlətdən ABŞ-ın hər addımına səssizcə tamaşa edən, qlobal enerji bazarlarında qayda müəyyənləşdirən dövlətdən azsaylı alıcısının mərhəmətindən asılı qalan bir dövlətə çevrilib.
Bütün bunlar həm də 2022-ci ilin martında İstanbulda aparılan danışıqlarda Ukraynanın kapitulyasiya vadar edilməsi prosesinin qarşısını alan Böyük Britaniyanın baş naziri Boris Consonun tarixi xidmətidir.
Ukraynanı kapitulyasiyadan, bununla da digər postsovet respublikalarını Rusiyanın işğal təhlükəsindən xilas edilməsinə böyük töhfə verən Boris Consonun tarixi xidməti layiqincə qiymətləndirilməlidir. Bu addım Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlərin daha da inkişafına xidmət edər.
Xaqani Cəfərli,
politoloq