Əhməd Qaya “Qum kimi” adlı çox ünlü mahnısında deyir: “Qağayılar ağlardı zibilliklərdə, Biz səninlə gülüşürdük. Şəhərlərə bombalar yağardı hər gecə, Biz səninlə sevişirdik”.
Sözgəlişi, bunu mən ana dilimizə azacıq uyğunlaşdırdım, məsələn, orijinalda martı idi, onu qağayı yazdım, çöplüyü zibillik elədim. Bəzən bizdə yanlış olaraq “türkcədən tərcümə” ifadəsi işlədilir. Belə ayrımçılıq salanlara Mirzə Ələkbər Sabir çoxdan cavab verib, mövzunun möhürünü vurubdur: “Osmanlıcadan tərcümə türkə, bunu bilməm, Gerçək yazıyor gəncəli yainki hənəkdir, Mümkün iki dil bir-birinə tərcümə amma, Osmanlıcadan tərcümə türkə, nə deməkdir?” Hərçənd, insafən o dövrdəki “osmanlıca” doğrudan bərbad vəziyyətdə idi, içi ərəb-fars sözləriylə dəhşətli dərəcədə zibillənmişdi.
Nəsə, qayıdaq mövzumuza. Mövzu isə budur ki, göydən bombalar yağmasına, regionun qaynamasına baxmayaraq zəhmətkeşlərimiz öz tövrünü pozmur, adət-ənənələrimizə heç xələl gətirmirlər. Bu cür mətanət və qətiyyətə görə xalqımızı sevirik.
Məsələn, mən yüz faiz əminəm ki, başı üzərindən yadelli dronlar uçan anda hansısa gömrük əməkdaşımız rüşvət alırmış. Niyə də almayasan? Dron gəldi-gedərdir, bizə dollar qalacaq.
Bu eynilə başqa məmur və dövlət qulluqçularımıza da aiddir. Hərbi-həkim komissiyasında sağlam gənci “xəstə” elan edən, xəstəni isə xidmətə yollayan mayoru təzəlikcə rüşvət üstündə tutdular. Sonra həmin əsgər xidmətin 10-cu günündə xəstəlikdən ölürsə, ona tapşırılan sahə bir müddətliyə də olsa, boş qalırsa, bu, mayoru narahat etməlidirmi? El adətlərimizə görə, yox. Qarın qardaşdan irəlidir.
Bakıda elə küçələr var, bu saat Hörmüz boğazından gəmi ilə keçmək həmin küçədən piyada keçməkdən asandır. Biri səkidə maşın saxlayır, o biri qaz borusu çəkir, üçüncü dirək basdırır, dördüncü dana soyub satır, beşinci nə bilim nə qələt qarışdırır. Sanki ictimai məkan anlayışı bir çoxlarımıza yaddır. Amma şəhər planlaşdırılması üzrə beynəlxalq tədbir keçirməyə hazırlaşırıq.
Beşmərtəbənin dördüncü mərtəbəsində (Anar müəllim demişkən) yaşadığım vaxtlar məni şoka salan əhvalatı heç unutmuram. Bir gün birinci mərtəbədəki qonşu gəldi ki, evin qabağını artırıram, əgər sən də qoşulursansa özülü daha möhkəm və dərin tökək. Öncə anlamadım, çaşıb qaldım. Sonra izah elədi: “Üçüncü mərtəbə ilə danışmışam, razıdır, mən tikəndən sonra siz də yavaş-yavaş qaldırarsınız. Əlavə otaqdan kimə nə zərər?” Məzə üçün soruşdum ki, bəs ikinci mərtəbədəki qonşu nə deyir? Dedi, o bir az əlləm-qəlləm adamdır, özünüz danışın. Mən ona bina ətrafındakı boşluğun bina sakinlərinin hamısına aid olduğunu heç cür başa sala bilmədim. Yüz faiz ürəyində fikirləşib ki, bu da əlləm-qəlləm çıxdı.
Sumqayıt tərəflərdə isə bir erkək xeylağı arvadını bıçaqla qətlə yetirib. Qarşıdan zırıltı ilə gələn 8 mart Qadınlar günü ərəfəsində azərbaycanlı kişilər və qadınlar arasında atəşkəs (bəlkə “bıçaqkəs” deyə yeni termin icad etməliyik, ancaq o da çox ikibaşlı səslənəcək) sazişi bağlamaq lazımdır. Tərəflər arasında danışıqlara BMT cəlb edilməlidir, əks halda Bahar xanımın şanlı Arvad-Uşaq Komiteti bir faydalı tədbirlər görə bilmir.
Ancaq inanmıram faydası olsun. Yuxarıda yazdım, axı qadın öldürmək bizdə milli adət-ənənədir. Əsrlər boyu qanımıza, genimizə hopmuş bu “zərifə, zəifə zopa” siyasətindən əl çəksək kimliyimizə xəyanət edərik. Hətta mən adım qədər əminəm, nüvə savaşı çıxsa, hansısa Məmmədqulu son anda qaçaraq arvadı Fatmanisəni bıçaqlamağa cəhd edəcəkdir – pəncərədən atom göbələyinə baxa-baxa...
Necə deyərlər, heç nə unudulmur, heç kim yaddan çıxmır.
Zamin HACI