Nikol Paşinyan yaxasına özü dediyi kimi, “kadastr sənədi olmayan” Ermənistanın xəritəsinin maketini taxıb, nəinki ölkəsini, hətta Avropanı gəzir, Azərbaycanın razılığı ilə Qərbi Azərbaycan ərazisində elan olunmuş Ermənistana “kupça” almaq, “Real Ermənistan” qurmaq üçün gecə-gündüz demədən çalışır, Ruben Vardanyan isə Bakıdakı təcridxanadan Azərbaycana dil uzadır. Bəli, onun adından Ermənistan mətbuatında ictimailəşdirilən böhtanın başqa adı yoxdur. Məhkəmə istintaqı dövründə deməyə sözü yox idi, özünü təkəbbürlü aparmağa çalışsa da, sonda dahi klassiklərimiz Füzulidən, Caviddən, Nəsimidən şeirlər deməklə hakimlərin ürəyini yumşaltmağa çalışdı. Alınmadı, indi başqa varianta əl atıb.
Ermənistan mediası separatçının ailəsinə istinadən iddia edib ki, “Martın 13-də ailəsi ilə telefon danışığı zamanı Ruben Vardanyan Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya açıq müraciət etməyə çalışsa da, telefon danışığı kəsilib”.
Yəqin ki, Ombudsman Aparatı bu böhtanın cavabını faktlarla verəcək. Amma elə internet resurslarında axtarış verilərsə, Ombudsmanın hətta bütün olub, keçənlərə rəğmən, təcridxanada saxlanılan ermənilərə kifayət qədər zaman sərf etdiyini görmək olar. Elə Ruben Vardanyan Azərbaycandan qaçmaq istərkən saxlanıldıqdan və qoluqandallı Bakıya gətiriləndən bir neçə gün sonra 2023-cü ilin 6 oktyabrında məlumat yayılmışdı ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirib. Xəbərdə deyilirdi ki, Ombudsman tərəfindən beynəlxalq və milli hüquq normalarının tələbləri əsasında keçirilən növbəti başçəkmə çərçivəsində bir çox təqsirləndirilən şəxs, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilmiş Vardanyan Ruben Karlenoviç də qəbul edilib.

“03 oktyabr 2023-cü il tarixdə keçirilmiş başçəkmə zamanı Vardanyan Ruben Karlenoviç Ombudsman tərəfindən fərdi qaydada dinlənilib, müraciətləri yerində cavablandırılıb. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqlarının təmin olunma vəziyyəti monitorinq edilib. O, saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi müayinədən də keçdiyini və səhhətində hər hansı bir problemi olmadığını qeyd edib. Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan istifadə və informasiyaya çatım imkanları təmin olunub. Eyni zamanda həbs edilmiş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilir”.
Bir daha xatırladaq, bu, hələ düşmənçiliyin pik həddə olduğu vaxt baş verib, hələ onda Azərbaycan və Ermənistan arasında sülhə doğru indiki qədər məsafə qət olunmamış, sülh sənədi paraflanmamış, Azərbaycan yanacağının İrəvanda satışına qərar verilməmişdi, taxıl yolu açılmamışdı. Amma bütün bunlara rəğmən, ləyaqətli müharibə aparan Azərbaycan dövləti beynəlxalq hüquqa hörmətlə yanaşaraq, təcridxanadakı erməni separatçıları ilə rəftara da həssas yanaşırdı və bu siyasətə uyğun olaraq Ombudsman da lazımi addımlar atırdı. Di gəl, tarix boyu Azərbaycanın daşı ilə əlləşənlərdən, onların varislərindən bundan artıq mövqe, şər, böhtan gözləmək olmazdı ki…
Ermənistan mətbuatının tirajladığı böhtan materialında o da iddia olunur ki, guya Vardanyan və digər erməni məhbuslar hökmlərin mətnlərini nə rus, nə erməni, nə də Azərbaycan dillərində ala biliblər. “Onlar hansı maddələrlə məhkum edildiklərini, nə vaxt və hara köçürüləcəklərini bilmirlər”.
Bənzər böhtanları məhkəmə istintaqı zamanı da tirajlayırdılar. Halbuki, separatçıların hər biri vəkillə, tərcüməçi ilə təmin olunmuşdu, istintaq materialları da tərcümə edilərək təqdim olunmuşdu. Yenə də axarış sistemində qarşımıza çıxan rəsmi xəbərə diqqət edək:
Ombudsmanın mətbuat xidməti 4 mart 2025-ci ildə məlumat yayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Ruben Vardanyan və Bako Saakyan saxlandıqları dövrdə onlara humanist münasibət göstərildiyini bildiriblər. Onlar hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını, Ombudsman və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəfələrlə qəbul edildiklərini bildirərək növbəti qəbula görə təşəkkür ediblər. Həmçinin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilib.

Qeyd edilib ki, Ombudsman və onun İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin iştirak etdiyi növbəti başçəkmə Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına keçirilib. Başçəkmə zamanı bir çox təqsirləndirilən şəxs, o cümlədən R.Vardanyan, A.Arutunyan, A.Qukasyan, B.Saakyan, D.Babayan və digərləri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib. Konfidensial qəbul zamanı həmin şəxslərin müraciətləri dinlənilib, hüquqlarının təmini vəziyyəti yerində öyrənilib. Milli Preventiv Qrupun ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı fərdi qaydada dinlənilən və tibbi müayinə olunan şəxslər, o cümlədən R.Vardanyan və B.Saakyan saxlandıqları dövrdən onlara humanist münasibət göstərildiyini, hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını, Ombudsman və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəfələrlə qəbul edildiklərini bildirərək növbəti qəbula görə təşəkkür ediblər. Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin, hüquqi yardıma və informasiyaya çatım imkanlarının təmin olunduğu müəyyən edilib.
Bu kimi hallar dəfələrlə təkrar olunub. Hətta məhkəmə istintaqı zamanı separatçıların hər hansı şikayəti olmayıb. Amma baxırsan ki, Ermənistan mətbuatında “şir-pələngə dönürlər”, böhtanlar yağdırırlar.
Ruben Vardanyan və ailəsi özlərini elə aparırlar ki, sanki böyük bir qəhrəmanlıq ediblər. Separatçılara, cinayətkarlara, bir dövlətin ərazisində on illərdir qətllər törədən, varidatını talayan canilərə həyan olmaqdan ötrü hoppanıb Qarabağa düşən birisi idi və Azərbaycan dövləti də gərəkən hüquqi addımlar atdı, onu və həmfikirlərini Bakıda çay içmək arzusuna çatdırdı. Eyni hərəkətləri azərbaycanlılar Ermənistana qarşı etsəydi, onların biri sağ buraxılardımı? Çətin. Necə ki, Birinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrlərdə 4 minə yaxın vətəndaşımızı məhkəməsiz-filansız qətlə yetiriblər, basdırıldığı yerləri belə, nişan vermirlər.
Bəlkə başqaları unudub, amma o hadisələr bizim yaddaşımızdan silinməyəcək. Ruben Vardanyan 2022-ci ilin sentyabrında Moskvadan XÜSUSİ TAPŞIRIQ ƏSASINDA Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Qarabağa köçəndən sonra min hoqqadan çıxdı. Noyabrın 4-də özünü cəmi bir il sonra gorbagor edilən separatçı qurumun “dövlət naziri” təyin etdi. Amma çox davam edə bilmədi, Azərbaycanın müqaviməti nəticəsində geri çəkilməyə vadar oldu və 2023-cü il 23 fevralında bu “post”dan gedəsi oldu. Azərbaycan ordusunun 2023-cü ilin 27 sentyabrında cəmi bir gün çəkən antiterror əməliyyatından sonra nələr oldu, bəllidir.
Ukrayna hökumətinin sanksiyalar siyahısına daxil olan Vardanyan Ukrayna Xüsusi Xidmət orqanları tərəfindən axtarışdadır. Əminəm ki, ukraynalıların əlinə düşəydi, tikəsini qulağı boyda edərdilər. Qurban olsun Azərbaycan məhkəməsinə ki, 20 illik həbslə canını qurtarıb. Vardanyan 5 milyard dolların yuyulması prosesində iştirak etdiyinə görə, ABŞ-nin də “qara siyahı”sındadır. Rusiya vətəndaşlığından “imtina”nın da bir oyun olduğu faş olub. 2022-ci ildə, yəni milyardlar qazandığı Rusiyanın vətəndaşlığından imtina edib, Qarabağda peyda olarkən ABŞ Konqresində onun da adı sanksiya siyahısına salımalı olan oliqarxlardan biri kimi hallanırdı. Adın “pul kisəsi” qoyulan bu adamın iştahı o qədər artdı ki, Qarabağ ermənilərinin “xilaskar”ı kimi, Laçın yolu ilə Ermənistanı Paşinyandan “xilas etmək” üçün planın əsas qəhrəmanı kimi ssenaridə yer aldı.

Ruben Vardanyanın ailə üzvləri hay-küyü davam etdirməklə, Qarabağa heç bir aidiyyəti olmayan, ailənin böyük oğlu Davidin Aprel döyüşləri zamanı Qarabağdakı qondarma orduda xidməti barədə cavab vermələrini istəyirlər. Azərbaycan dövləti kifayət qədər humanist davranır. Amma qırmızı xətti keçənlərin cavabını hər zaman verib, bundan sonra da buna qadirdir. Necə ki, vaxtilə Ruben Qarabağdan ölkəmizə meydan oxumağa cəhd edirdi, sonrakı taleyi məlumdur. Günün birində Qarabağda Azərbaycan əsgərinə qarşı cinayət törətmiş Davud tələb olunsa, onda Ruben və arvad-uşağı nə edəcəklər? Adamın üzündə həya gərəkdir: törətdiyi əməllərə görə peşmanlıq hissini bəyan etmək, ölkə rəhbərliyindən, elə Ombudsman vasitəsilə əfv diləmək əvəzinə şantaja əl atırlar. Görəsən, ermənilərdə “Qozbeli qəbir düzəldər” misalı varmı?
Elşad PAŞASOY