“Kainat barəsində ən qorxunc fakt onun bizə düşmən olmağı deyil, laqeydliyidir”
(Stenli Kubrik)
ABŞ prezidenti Donald müəllim yerli müdafiə nazirliyinə tapşırıq verib, deyir uçan boşqablar, yadplanetlilər-filanla bağlı nə gizli sənədlərimiz varsa, hamısını xalqa, el-aləmə açıqlamalısınız. Hazırda bütün planet nəfəsini içinə çəkib həyəcanla gözləyir. Allah bilir ortalığa hansı faktlar çıxacaqdır.
Misal üçün, birdən məlum olar ki, həqiqətən Mark Zukerberq kosmosdan Yerə göndərilmiş hansısa işğalçı sivilizasiyanın nümayəndəsidir, insan cildinə girmiş reptiloiddir. Bərdədə uzaylı ətindən kolbasa sexi aşkar edilmişdir, lakin əlaqədar orqanlar bunu gizlətmişdir. Samuxa 51 maşın nömrəsinin verilməyi orada çobanların vaxtilə sapandla kosmik gəmini vurması ilə bağlı imiş. Xəzər dənizinin dibində UNO-ların bazası var, dənizin geri çəkilməyi də onların zibilidir – suyu şirin olduğu üçün uçan tankerlərə doldurub Saturnun halqalarında plyaj açmağa daşıyırlar. Və sair və ilaxır (Yenə “çərşənbə” yazmaq istədim, yadıma düşdü bir dəfə yazmışam. Ümumiyyətlə, şit zarafatların yeri deyil. Dünya ciddi dövrə qədəm qoyub. Onu idarə edənlərə baxanda bunu aydın görürük).
Yəqin bu kimi elmi səbəblər üzündən Şamaxı rəsədxanası tarixi ərzində ilk dəfə bu il Ramazan ayının başlanması xəbərini, Ayın saat neçədə çıxacağını, sahur və imsak saatlarını əhaliyə çatdırmadı.
Ramiz Mehdiyevin ev dustağı olması, həmçinin, UNO-larla əlaqəli çıxa bilər. Əks halda, necə olmuşdur ki, o boyda qırğın-qiyamət, koronavirus pandemiyası zamanı adam nəvələrinə sünnət toyu keçirirdi, lakin şadlıq sarayındakı yoldaşlardan birinin burnu qanamadı? Halbuki, sarayın bayırında leş-leşə söykənmişdi, yalnız Ata Abdullayev xalqın xilası üçün çalışırdı, yeməkxanalarda reyd keçirirdi.
Əksinə, təzəlikcə toy sakinlərindən Səyavuş müəllim intervü vermişdir, əməllicə kökəlib, ətə-qana gəlibdir. Deməli, burda nəsə var. Hökumətimizdən gizli deyil, oxuculardan niyə gizli olsun: mən bu temalar barəsində çoxdan şübhəli idim.
Şair yəqin ki, məhz belə məqamları nəzərə alaraq demişdir: “Əgilib tərf-i bunaguşinə, dərd-i dilimi, Ya o tağın deyə, ya türre-yi tərrar sana”. Mənası budur, aşiq məşuquna söz çatdırmaqda acizdir, ümid eləyir bəlkə qaşı, ya da kəkili əyilə, qulağına söyləyə. O vaxtlar indiki kimi Vatsap olmayıb.
Sözgəlişi, başqa planetlilərlə əlaqədə kəkilin rolu hələ 2003-cü ildə Koreya kinematoqrafının istehsal elədiyi “Yaşıl planeti xilas etməli!” filmində əksini tapmışdır. Orada uzaylılar arasında rabitə vasitəsi məhz saçlar idi. Filmin qəhrəmanı da planetimizi xilas etmək üçün uzaylını yaxalayanda ilk növbədə onun başını keçəl eləyirdi (Elə bil, məsələn, azərbaycanlını Tik-tokdan məhrum edirsən).
2025-ci ildə ünlü rejissor Yorgos Lantimos məhz həmin filmin “Buqoniya” adı ilə remeykini çəkib, Oskara namizəddir, görək nə olur. Hərçənd, şəxsən mən Koreya filmini daha çox bəyənmişdim. Siz ikisinə də baxın, vaxtımız çox qalmayıb. Hətta bekarçılıq olsa “Əhməd haradadır” milli filmimizə də baxmaq lazımdır, hansısa rakursdan onu kosmik fentezi üslubunda qəbul eləmək mümkündür. Dövlət təminatından çox şey asılıdır. Dövlət istəsə, dovşanı araba ilə tutar.
Ancaq mən qorxuram ABŞ Müdafiə Nazirliyi sənədləri, faylları açıqlaya, birdən orda görək ki, kosmosun dibindəki hansısa dərədən yaşılbaş şəlpəqulaqlar da Epşteynin adasında adaxlıbazlıq və uşaqbazlıq üçün gəlirmişlər. Biz isə yadplanetli şeyx adada, Kefli İsgəndərin sözüylə yazsam, “gecələr balaca uşaqları boğanda” hansısa şadlıq sarayında “araq içirmişik”.
Vəziyyət bu qədər ümidsizdir, əlhəmdülillah.
Zamin HACI