Medianews.az
Zirvələri qarlı, yolları buzsuz Şahdağ –
137 baxış

Zirvələri qarlı, yolları buzsuz Şahdağ – 31 dekabra qədər və sonra məkana axın olacaq

Dağlara qar yağmışdı o gün. Birinci qar idi. Birinci qarlar yerdə çox qalmır, tez əriyir. Şahdağda da günəşin döydüyü yamacların qarı ərimişdi, günəş şüasının tutmadığı yamacların, dərələrin qarı qalırdı. Dağar ala-bula görünürdü - Alatau (Aladağ) kimi. Almatı şəhərinin baş küçəsindən baxanda Alataunun zirvəsi ala görünür. Qusarın mərkəzindən baxanda Şahdağ da elə görünürdü.

Qar həmişə ruzi-bərəkət rəmzi olub, əkinçinin qolundan tutub, zəmilərə can verib, növbəti ildə mal-qara üçün bol ot-ələf təmin edib. Ancaq son illərdə ölkəmizin dağlıq yerlərində yağan qar təkcə aqrar sektor üçün dirilik mənbəyi deyil, həm də turizm sektoru üçün vazkeçilməz nemətdir. Dağlara qarın yağmasıyla qış turizmi açıq elan edilir və ölkəmizin qış-xizək komplekslərinə turist axını başlanır.

66d95459-b116-4d7d-b372-288616051553.jpeg (62 KB)

Bu il də elə olub. Şahdağa ilk qarın yağması qış turizmi mövsümünün açılışı günüylə üst-üstə düşmüşdü. Adətən, Şahdağda qış turizmi mövsümü dekabrın ortalarında açılır. Builki açılışı təbiət özü etmişdi – dağlara qar ələyərək.

Çətini bura qədərdir. İlk qar ərisə də, əriməsə də, gecələr şaxtalı havalar başlayır və müasir texniki avadanlıqların, cihazların sayəsində xizək yollarının qarla təminatı problem olmur.

8a6f9da3-ed18-45af-984b-295959d6f102.jpeg (64 KB)

Bu sarı cihazların işi sadədir, adi suyu qəbul edir və qar şəklində havaya püskürür. Şahdağda bu cihazlardan 600 dənəsi var və onlar lazım olan bütün yerləri qar örtüyünə bürüyür. Adına “süni qar” deyilsə də, bu, tam təbii qardır, sadəcə suyun qara çevrilməsi prosesi insan zəkası və texnoloji cihazlarla baş verir. Yəni “Şahdağ” turizm mərkəzinin rəhbəri Rüstəm Nəcəfov demişkən, süni qarın heç bir kimyəvi qarışığı yoxdur, adi suyun kristal formasıdır.

Bir tərəfə baxanda belə yaxşıdır. Qar gur yağanda yollar kəsilir, aşırışmları aşmaq olmur, maşınlar yolda qalır, insanlar pərişan olur, magistralın təmizlənməsi vaxt və enerji aparır. İndi isə qar yalnız lazım olan yerlərdədir – zirvələr qarlıdır, yollar, aşırımlar qarsız.

368ce752-4931-4403-86d6-bce2f96f9561.jpeg (113 KB)

Qar yağmayan ölkələrin qar görməmiş insanlarını Şahdağa gətirən təkcə bu atmosfer çöküntüsü deyil, adı çəkilən turizm mərkəzində yaradılmış, dünya standartları səviyyəsində olan infrastruklardır, istirahət və əyləncə üçün əla imkanların olmasıdır.

Bunu Qazaxıstanın Aktau şəhərindən olan 35-40 yaşlı kişilərdən biri xüsusi vurğuladı. O dedi ki, qara qalsa, Qazaxıstanda və üzü şimala doğru yaxın məkanlarda kifayət qədər qar da, şaxta da var, amma turistlərə keyfiyyətli qış turizmi imkanları təqdim etmək üçün lazımi infrastrukturlar yoxdur. “Sizdə bu işə yaxşı maya qoyulub, inkişaf etdirilib”, - qazax turist deyir.

1fee5063-2a72-4173-a852-dd0847b2060e.jpeg (76 KB)

Bu, idmançı cüssəli üç kişi 5-10 yaş arası oğlan övladları (4 uşaq) ilə hovuzda üzürdülər. Uşaqlar çox məmnun idi, əvvəlcə qarda sürüşmüşdülər, daha sonra özlərini hovuza atmışdılar. Qazax qonaqların dediklərindən belə anlaşıldı ki, işləri ilə əlaqədar Bakıya tez-tez gəlirlər, bu dəfə isə fürsətdən istifadə edərək ailəlikcə Şahdağı ziyarət ediblər və burada gördükləri şərait çox xoşlarına gəlib. Onlardan biri Qazaxıstanda da bənzər qış turizmi məkanları olduğunu bildirdi, Medeo və Şinbulakın adını çəkdi, ancaq onu da qeyd etdi ki, oralar Aktaudan çox uzaqdır, Şahdağ isə Aktauya çox yaxındır, Xəzərin o üzündə Aktaudur, bu üzündə Quba-Qusar.

Bu dəfə Şahdağda Qətərdən olan turistlər çox idi. Hamısı da Şahdağa ailəli-uşaqlı, necə deyərlər, böyük külfətlə gəlmişdi. Xizək sürməyə onlar daha çox maraqlı olsalar da, hiss olunurdu ki, naşıdırlar və normal səviyyədə xizək sürmələri üçün 5-6 il ərzində hər il gəlmələri lazımdır.

fbbabd42-1f21-43ce-abd3-ee1fc2cf8830.jpeg (48 KB)

Bu ilin may ayında Hindistan və Pakistan arasında baş verən qısa müharibə bölgədəki rayonlara raket zərbələri ilə müşayiət olunsa da, iqtisadi zərbəsi ölkəmizin turizminə dəyib – Hindistandan gələn turistlərin sayı minumuma enib. Buna səbəb Azərbaycanın Pakistanla müttəfiqlik büsatında olması və onu gizlətməməsi olub. Nə işdirsə, Pakistandan gələn turistlər də bu il az idi. Ötən il məhz bu iki ölkədən gələn turistlər Şahdağda və ölkəmizin digər kurort məkanlarında çoxluq təşkil edirdi.

Gözünü qarlı ölkələrdə açmış slavyan mənşəli turistlər isə özlərini Şahdağda suda balıq kimi hiss edirlər. Onların xizəklə davranışları idealdır, necə deyərlər, yüz ilin təcrübəsinə sahibdirlər. Maraqlıdır, öz ölkələrində qış turizmi mövsümünün daha uzun, üstəlik, “Şahdağ”dakı şəraitdən geri qalmayan turizm mərkəzləri olduğu halda bu adamlar Avropanın o başından Qusara nəyə gəliblər? Yəqin ki, onları ölkəmizə cəlb edən ekzotika həvəskarı olmaqları və daha bir ölkədə qış tətili keçirmək arzularıdır.

Bir də bir məsələ var. Şahdağın havası sərt iqlimli ölkələrə nisbətən daha mülayimdir. Bir var, 15-20 dərəcəlik şaxtalarda dona-dona xizək sürəsən, bir də var, mənfi 1-2 dərəcədə həm xizək sürəsən, həm də başqa qış əyləncələrindən istifadə edəsən. Görünür, Şahdağı fərqli edən cəhətlərdən biri də budur – iqliminin çox sərt olmaması.

simul.jpeg (62 KB)

Yeri gəlmişkən, bu ildən “Şahdağ”da xizək sürməyi öyrənmək üçün simulyasiya mərkəzi də yaradılıb. Qapalı məkanda təşkil edilən bu qurğuda insanlar xizəksürmə inventarlarından istifadə edərək platformada özlərini xizək sürürmüş kimi hiss edə və bu minvalla müəyyən vərdişlərə yiyələnə, sonradan açıq havada, qar üstündə eyni təmrinləri edə bilərlər.

Azərbaycanlıların “Şahdağ” axını gələn həftənin birinci günündən başlayacaq. Artıq oteldə bütün otaqlar bron edilib, tutulub. Oteldəki doluluq yeni ilin ilk həftələrində də davam edəcək. Bu o deməkdir ki, adamlar Yeni il bayramı ilə bağlı verilən məzuniyyət günlərindən səmərli istifadə etmək istəyirlər.

Bizə qoşulun