Medianews.az
Sadə adamların fotosessiyası
498 baxış

Sadə adamların fotosessiyası

samir sari kose 1
Olur ki, tez-tez region və dünya mediasında belə xəbər başlıqları oxuyuruq: “Barak Obama hamburger yedi”; “Mişel Obama gənclərlə rəqs etdi”; “Putin və Medvedyev çay sahilində pivə içdi”; “Maliyyə naziri işə velospidelə getdi”; “Əhməd Davudoğlu saz çalana bəxşiş verdi” və sair və ilaxır.
Dünən milli mediamızın elektron seksiyasının səhifələrində bu xanədən olan daha bir başlıq vardı: “Nazir bazarda alış-veriş etdi”.
Xəbərin içinə girəndə məlum olurdu ki, azərbaycanlı nazir Səlim Müslümov Türkiyənin Bursa şəhərində bir taqım adamın müşayiəti ilə dükan-bazara çıxıb, alış-veriş edib. Düzü, mən bilmirəm, nazir nə alıb, amma burası dəqiqdir ki, şair Moşunun sözü olmasın, nəsə alıb.
Xəbəri mühüm edən əsas məqamlardan biri bu idi ki, alış-veriş edərkən cənab nazir qalstukda, türkün sözü, takım əlbisədə olmayıb, cins şalvarda, gödəkçədə olub.
Onun rəsmi qiyafətdə olmaması, əlbəttə, sadəlik əlamətidir, xalqa yönəlik lütfdür, alicənablıqdır, örnəkdir, nümunədir.  Belə hərəkətlərin şəkli, hətta videosu çəkilməlidir, mediaya ötürülməlidir və xalq bunu bilməlidir.
Hərçənd bütün yaxşı işlərdə olduğu kimi, buna da ağız büzənlər, mız qoyanlar var. Onlar hər şeyi qara görürlər.
Bu cür erməni dəyirmanına su tökən adamlar götürüb müvafiq xəbəri verən saytlara şərhlər göndərirlər, yazırlar ki, nazirin bazara çıxması xəbərini elə yazmısız, sanki o, 8-ci kilometr bazarına çıxıb.
Bu, bəzilərinə haqlı irad kimi görünə bilər, ancaq anlamaq lazımdır ki, nazirin 8-ci kilometr və ya “Sədərək” bazarına alış-verişə çıxması təhlükəsizlik səbəbindən, mənəvi-psixoloji baryerlər üzündən mümkün deyil.
Açığı, bizim camaat naziri və ya o ranqda, ondan yüksək vəzifədə olan adamları bazarda-dükanda qarşılamaq, yola salmaq iqtidarında deyil. Beş dəqiqənin içində yüzdən artıq adam yaxınlaşıb yüz əlli cür şikayət edəcək, nəsə istəyəcək, nəticədə özünə tişört almaq istəyən nazirin dünyası burnundan gələcək. Yaxşısı, dükana-bazara qıraq yerdə, xaricdə -zadda çıxmaqdır, “düti fri”lərdə xahişlə üstünə cuman olmayacaq. Effekt isə eynidir: sadə paltarda şəkil çəkdirirsən, yaydırırsan, xalq isə nə qədər sadə insan olduğunu görür və fikirləşir ki, bundan yaxşı baş nazir də olar.
Bədxahlardan daha biri yazıb ki, indi bunlar özlərinə nəsə alacaq, alış-veriş edəcəklər, bizə nə minnət qoyurlar, yəni böyük iş görüblər?
Bu, artıq malı mala qatmaqdır. Nazir elə belə vəzifə deyil ki. Bir ara dəb olmuşdu, maması və ya papası məşhur olan şəxslər çıxıb ictimai nəqliyyatda şəkil çəkdirib mediada xəbər düzəltdirirdi. Hamı da yazırdı ki, filankəsin qızı avtobusa mindi.  Elə çıxırdı ki, bu sadəlik nümunəsidir.
Halbuki burada yekə bir firon ədabazlığı vardı. Yəni mən əslində göylərdə, ərşdə-gürşdə olan adamam, yendirib sizin mindiyiniz nəqliyyata minirəm, minnətiniz olsun.
Nazirlərin dükan-bazara çıxması isə adi hal deyil. Öz bazarları, mağazalar şəbəkəsi olan adamlar özlərinə sığışdırıb hansısa dükana girirsə, bu, gurultulu, sürəkli şəkildə alqışlanmalıdır.
Birinci cümlədə dediyimiz kimi, belə hadisələr xaricdə də çox və tez-tez olur. Bircə fərq var ki, orada nazirlərin sadə adamlar kimi dükana-bazara getməsi, velosiped sürməsi, işə ictimai nəqliyyatda yollanması adi hal sayılır və onlar bunu fotosessiya predmeti eləyib necə bir sadə nazir olduqlarını camaatın gözünə soxmurlar.
Hətta deyilənə görə, elə nazirlər var ki, xalq onları küçədə tanımır, bank  işçisi, universitet müəllimi hesab edir. Tanıyanda da özünü tanımırmış kimi aparır ki, adam, gəncəlilər demişkən, huyuxmasın. Avropalılar bir az naşükür camaatdır, görsələr ki, nazir öz sadəliyinə dair fotosessiya təşkil etdirir, yaxınlaşıb ağır söz deyərlər.
Uzun sözün qısası, sadə olacaqsansa, elə sadə ol ki, bunu xalqa görk etdirməyə, mürəkkəb fəndlər işlətməyə ehtiyac olmasın, sadələyin gizli lovğalığın aşkara çıxması faktına çevrilməsin.
Harda bir təvazökar adamın fotosessiyasını görsəniz, bilin ki, adamın piar-meneceri, imicmeykerləri var. Xoşbəxtlikdən, Səlim müəllim təbii olaraq sadə adamdır. Ondan yaxşı baş nazir də olar.

Bizə qoşulun