Medianews.az
Qladiator axtarışı
506 baxış

Qladiator axtarışı

samir sari kose 1
Bizim siyasətlə yaxından, uzaqdan maraqlanan camaatın qəribə bir xasiyyəti var: il on iki ay dissident, qladiator axtarır və ən pisi də odur ki, mütləq tapır.
Görünür, bu, mənəvi-psixoloji-politoloji məsələdir. Normal cəmiyyət niyə dissident, qladiator axtarışında olsun ki... Həm də niyə onları yox yerdən tapsın ki...
Bu, ondan irəli gəlir ki, əksəriyyət çoxdan gözüqıpıq və qorxacaq olub, ona görə də bir cəsarətli, sözü şax deyən adam görən kimi ətrafında sıx birləşmək istəyir. Həmin adam bir az da qabağa gedib qladiator olsa, nə yaxşı, Allah köməyi olsun.
Burada “Allah köməyi olsun” ifadəsi ritorik və sözgəlişi səciyyə daşımır, sözün birbaşa mənasındadır, dissidentlikdən qladiatorluğa keçmək istəyən varsa, gərək ona Allah kömək olsun, bəndədən kömək  olmayacaq.
Budur, xalqımız yeni bir dissident tapıb. Bu adam səfirdir, Avropada çalışır, adi da Arif Məmmədovdur.
Arif bəy qırx ilin başında xeyli dərəcədə əsaslı və gerçəkçi bir ifadə işlədib, yanan binayla bağlı vətəndaş mövqeyi sərgiləyib. Bununla da həm ölkədəki gündəmi dəyişib, həm də ağrımayan başına dəsmal bağlayıb. İndi ona erməni deyirlər. O da and içir ki, erməni deyil.
Cənab diplomatın dediyi sözlərin on qat artığını, on qat cəsarətlisini, on qat çılpağını, on qat sərtini düz 20 ildir deyənlər, yazanlar var. Özü də az qala hər gün. Amma onlara sadəcə “erməni dəyirmanına su tökənlər” deyirlər.
Düzdür, arada qədirbilən xalqımız bir çox fəalları dissidentlik mərtəbəsinə yüksəldir, qladiator əlbisəsi geyindirib qabağa göndərirdi, amma taleyin üzə gülməyindəndir ki, onların çoxu birtəhər “demokratiya şəhidi” olmaqdan qurtuldular. Onda da “reneqat”, “satqın”, “iqtidara işləyən” oldular.
Yəni qladiator olub döyüşmədinsə, döyüş meydanında “demokratiya şəhidi”, “vicdan məhbusu” olmadınsa, xalq səni bağışlamayacaq, adını da “satqın” qoyacaq.
Amma 20 il ərzində bir əlin yağda, bir əlin balda yaşa, bahalı ciplər sür, milyonluq villalarda yaşa, bir ayağın Amerikada, o biri ayağın Avropada olsun, 5 ulduzlu otellərdə istirahət elə, milyonlar yığ, qohum-əqrəbanı necə lazımdır vəzifələrə, mənfəətli işlərə yerləşdir, övladlarını Harvard, Oksford, Kembric kimi universitetlərdə oxut, lap axırda nəyə görəsə gəl bir kəlmə “bu iqtidar da filan şeyi düz eləmədi” de və bir günün içində qəhrəman, dissident ol, millət də toplaşsın başına.
1998-ci ilin prezident seçkilərində elə olmadımı? Elçibəy, İsa Qəmbər, Etibar Məmmədov kimi xalq hərəkatından çıxmış, zamanında dissident, sonradan qladiator olmuş şəxslər meydandaykən, SİDSUH adlı blokda çoxları dünənki oliqarx-spiker Rəsul Quliyevin ətrafında birləşməyə can atırdı. Eşitmişdilər ki, Quliyev yaxşı pul buraxır və hakimiyyətə gəlmək şansı var.
Bəs 2005-ci ilin parlament seçkilərində necə oldu? 20 ildən bəri milli-azadlıq hərəkatının lideri və iştirakçıları olan şəxslər qaldı qıraqda, camaatın bir yarısı qalstukunun rəngini konyukturaya “podsvet” seçmiş nazirin, o biri yarısı isə kölgədə qalmağı bacaran başqa bir nazirin ətrafında toplanmaqdaydı. Hakimiyyət də məsələdən duyuq düşdü, ikisini də öz əshabələri ilə birlikdə həbs etdi. Onlardan birinin nə dissident, nə də qladiator olmadığı dərhal aydınlaşdı. Adamın üzərinə götürmədiyi xəstəlik qalmadı, media “filankəsin səhhəti ağırdır”, “müalicə olunmasa, öləcək”, “son günlərini yaşayır”, “təcili əməliyyat olunmalıdır” feilli xəbərlər yazmaqdan, daha sonra “qladiator”un iqtidarın xarici və daxili siyasətini dəstəklədiyi barədə bəyanatlar yaymaqdan bezar oldu. Amma o biri dissident nazir gerçəkdən də qladiator çıxdı, hələ də döyüşür, təslim olmur. Ehtimal ki, günəgün yatıb çıxacaq.
2013-cü ildə də bir burjuy dissident tapmışdıq, amma adam dissident olduğu qədər də praqmatik şəxs çıxdı, anladı ki, ölkəyə gəlsə, tutub qladiator edəcəklər, gəlmədi. Biz çox səs-küy saldıq, “Ya bu qladiator, ya da bu qladiator” deyə şivən salanlar da oldu, amma o, gəlmədi ki, gəlmədi. Arada məlum oldu ki, əslində adam başqa ölkənin qladiatorudur, sənədləri düz deyil. Biz də məcbur qalıb başqa bir alimi qladiator elədik.
O vaxtdan bəri qladiator qıtlığıydı. Görək Arif müəllimdən nə çıxacaq. Bizim qladiatora böyük ehtiyacımız var.

Bizə qoşulun