Medianews.az
Mühərriki sıradan çıxaran səhvlər — Çin maşını sürənlərin nəzərinə
73 baxış

Mühərriki sıradan çıxaran səhvlər — Çin maşını sürənlərin nəzərinə

Çin avtomobil sənayesi son illərdə böyük sıçrayış edərək bazarın liderinə çevrilib. Lakin bir çox sürücünü düşündürən məqam Çin brendlərinin niyə yalnız turbomühərrik və robot sürətlər qutusuna üstünlük verməsidir.

Demokrat.az xəbər verir ki, təcrübəli avtomexanik bu texnoloji seçimin pərdəarxası məqamlarını və sürücüləri gözləyən reallıqları izah edib. Mütəxəssisin sözlərinə görə, Çin mühəndisləri artıq kor-koranə kopyalama dövrünü geridə qoyublar. Onlar "Volkswagen", "Toyota" və "Mitsubishi" kimi nəhənglərin uğurlu təcrübələrini təhlil edərək öz sistemlərini qururlar. Məsələn, bəzi Çin modellərində istifadə olunan mühərriklərin hissələri alman avtomobilləri ilə uyğun gəlir ki, bu da ehtiyat hissəsi tapmağı asanlaşdırır.

İstehsalçıların atmosfer mühərriklərindən imtina etməsinin əsas səbəbləri iqtisadi və ekoloji amillərdir. Turbomühərriklər kiçik həcmlə daha yüksək güc hasil edir ki, bu da vergi rüsumlarının az olması deməkdir. Eyni zamanda, bu mühərriklər sərt ekoloji normalara daha asan uyğunlaşır və şəhər daxilində çevik hərəkəti təmin edir. Sürətlər qutusuna gəldikdə isə, robot və variatorlar yanacaq qənaəti baxımından klassik "avtomat"ları üstələyir.

Lakin bu texnologiyalar sürücülərdən xüsusi diqqət tələb edir. Mexanik bildirir ki, turbomühərrik və robot sürətlər qutusu keyfiyyətsiz yanacağa və gecikdirilmiş qulluğa qarşı çox həssasdır. Yağ dəyişmə intervalını 7-10 min kilometrə qədər azaltmaq və yalnız orijinal filtrlərdən istifadə etmək aqreqatların ömrünü uzadır. Əks halda, ucuz yanacaq və vaxtında dəyişdirilməyən yağ mühərrikin və transmissiyanın vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər.

Hazırda Çin daxilində "BYD" kimi brendlər elektromobil seqmentində liderliyə yüksəlsə də, bizim kimi regionlarda daxili yanma mühərrikli modellər hələ uzun müddət aktual qalacaq. Odur ki, yeni nəsil Çin avtomobillərini alarkən qənaət yox, düzgün xidmət prioritet olmalıdır.

Yəni, Çin avtomobillərindəki müasir mühərrik və sürət qutuları pis deyil, sadəcə onlara köhnə sadə maşınlar kimi yox, daha həssas və keyfiyyətli qulluq lazımdır.

Bizə qoşulun