Medianews.az
“90-cı illər” Günəşi və kosmosun havası
317 baxış

“90-cı illər” Günəşi və kosmosun havası

zamin yeni raz

“Şərq ölkələrində kəndlilərin Avropa və Amerikadan gələn turistləri aldadıb belə şeyləri satdıqlarını söylədi. Hətta bir dəfə ölü bir it leşinin tüklərini qırxaraq onu bir hökmdarın mumiyası adı ilə amerikalı turistə sata bilmişlər”.

(Əziz Nesin, “Sizin ölkədə eşşək yoxdurmu”)
****
Azərbaycan Milli Elmlər Akademiyasının üzvü olan alimlərimiz yenə qəlbimizi fərəhlə doldurublar. Hətta qəlbimizdə fərəhdən yer qalmayıb, imkan olsa fərəhimizin qalan hissəsini xaricə satıb bəy kefində yaşayacağıq. Hazırda AMEA Kibernetika İnstitutu elə “Qəlbə dolan fərəhin artıqlarını ixrac etməyin səmərəli üsulları metodikasının prinsipləri üzərində gəzişmələr assosiasiyası” mövzusunda ciddi araşdırma aparır, bitən kimi sizə də xəbər verəcəyəm.
Keçən ay mən bir maraqlı xəbər oxumuşdum, istərdim ondan sitatı görəsiniz: “Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının maaşlarının tarif dərəcələrindən tutulan vergidə uyğunsuzluğun aradan qaldırılması üçün Nazirlər Kabinetinə müraciət edib. Vergi ödəmələrinə görə yaranan uyğunsuzluq 13 və 14-cü dərəcəli işçilərin - elmi tədqiqat institutlarının böyük elmi işçilərinin əmək haqlarının fərqlənməsinə gətirib çıxarır. 13-cü dərəcəli böyük elmı işçilərin aylıq əmək haqları 235, 14-cü dərəcəli elmi işçilərin əmək haqları 253 manat olsa da, bu uyğunsuzluğa görə 13-cü dərəcəyə aid edilən işçilər 14-cü dərəcəyə şamil edilən işçilərdən daha yüksək əmək haqqı alırlar”.
Doğrudan da dəhşətli uyğunsuzluqdur. Buna görə hətta AMEA-nın şadlıq sarayına oxşayan binasına göydən fəlakət yağa bilərdi. Eyni zamanda, bu xəbərdən bizdə 14-cü dərəcəli alimlərin yaşadığını öyrəndik. Açığı, mən 14-cü dərəcə qaynaqçı eşitmişdim, alimin 14-cü dərəcəsini təzə öyrəndim. Bu nəsə təzə bir şeydir. Elmin zirvəsi kimi bir rütbədir. Alim 14-cü dərəcəyə çatandan sonra artıq həqiqəti dərk edir, Kainatın yaranma sirlərindən agah olur, Hiqqs bozonunu (ən cupbulu zərrəciklərdən biri) gözüylə görür, hansı akademikə yaltaqlanmaq üçün hansı katibəyə nə almaq lazımdır, YAP-a girməyin ən münasib hava şəraiti hansı fəsildə olur və sairə hikmətləri intuitiv dərk edirmiş. 13-cü dərəcə alimlərin qarnında “Narxoz”un tələbələri kimi dəftər olsa da, 14-cü dərəcədə ümumiyyətlə yazı-pozu aradan qalxır. Yalnız şalvarın dal cibində müdirin, müvafiq akademikin ayaqqabısını silmək üçün palaz qırığı gəzdirilir.
6-8 iyul tarixlərində, yəni hal-hazırda isə Bakıda prezident yanında Elm Fondunun, AMEA Şamaxı Ramazan Rəsədxanasının təşkilatçılığı ilə “Günəşdə baş verən proseslər: Günəş tipli ulduzların dəyişkənliyi və astroseysmologiyadan kosmik havaya qədər” mövzusunda beynəlxalq elmi konfrans qayırılır. Burada Azərbaycan, Özbəkistan, Belarus və sairədən alimlər Günəşin dəyişməsini pisləyəcəklər. Doğrudan da Günəş bəzən özünü pis aparır, gah çox isti olur, gah üfüqə sallanır, qış gəlir. Halbuki, Özbəkistan, Azərbaycan  və Belarus kimi ölkələri 25 ildir eyni adamlar idarə edir, heç vəzifədən enmək, qürub eləmək fikirləri yoxdur, əl vuranı da yandırırlar.
Alimlərimiz sanki bunu duyduqları üçün tədbirin açılış mərasimi olduqca ilginc elmi məkanda keçirilmişdir: Şıx çimərliyində, “Aysberq” istirahət mərkəzinin plyajında! İnsafən, Günəşin həyat və yaradıcılığını qiymətləndirmək üçün ən yaxşı yer elə çimərlikdir. Yaxşı çıxış edən alimlərə su tumanı (“plavkini” dilimizə belə çevirdim, narazı qalan özünü suya atsın, nə vecimə), qarğıdalı və şezlonq verilmişdir. Bu da onu göstərir ki, biz təkcə idman ölkəsi deyilik, bizdə elm də vardır!
Hələ siz tədbirin adına diqqət edin. Burada alimlərimiz astroloji proseslərin yerin altındakı öküzü tərpətməsinə, onun soncuqlamasına gətirməsinə toxunur, eyni zamanda kosmosda havanın yoxluğu haqda çürük nəzəriyyəni rədd edirlər. Əks halda niyə bunun adını “kosmik hava” qoyublar? Bəli, kosmosda nəinki hava var, hətta Ayın səthində Xaçmaz pomidoru becərmək mümkündür. Yaxın illərdə biz Səyavuş Novruzovun başçılığı altında kosmonavt-bostançılarımızı Ayın görünməyən tərəfinə bu məqsədlə ezam edəcəyik. Görünən tərəfdə əksək, it-qurd bostanı oğurlayar.

Bizə qoşulun