Əvvəllər kimsə deyəndə ki, biz unutqan camaatıq, mübahisə edirdim, isbatlamağa çalışırdım ki, yox, elə deyil, biz heç nəyi unutmarıq, sadəcə, bizə çox şeyi zorla unutdururlar, tarixən yazılı arxivlərimizi məhv ediblər, olub-bitənləri yada salacaq və ya yadda saxlayacaq ziyalılarımızı qırıb-çatıblar, ona görə belə olub.
Beş-altı ildir görürəm ki, xeyr, heç kəs bizi millət olaraq unutqanlığa vadar eləməsə də biz zamanla, yavaş-yavaş çox şeyi unuduruq, yadda saxlamırıq, hətta bir tarixi hadisə və ya tarixi şəxsiyyət yaddaşımızda ilişib qalsa da, ona əhəmiyyətsiz bir şey kimi baxırıq.
Baxın, ermənilər 1915-ci il hadisələrini necə yadda saxlayıblar, hələ də ağlaşırlar, şivən qoparırlar, bu tarixi artıq dünyanın yaddaşına yeridiblər, hər il aprelin 24-də ABŞ prezidenti Ağ Evdə keçirdiyi brifinqdə “erməni faciəsi”ndən danışır, amma biz 1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi qırğınları yadda saxlamamışıq. Son illər bu xüsusda xeyli təbliğat getsə də, inandırıram sizi, imtahan üçün çıxaq küçəyə, qarşımıza çıxan 100 adamdan “1918-ci ildə hansı dəhşətli hadisə olub” deyə soruşaq, onun yüzdə səksəni heç bir cavab verə bilməyəcək, 10 nəfər yaddaşını qurcalayıb “Respublika qurulub” deyəcək, bəlkə geriyə qalan 10 nəfər birtəhər “ermənilər bizə qarşı qırğın törədiblər” deyə.
Müstəqillk qazandığımızdan bəri arxivlərin açılmasıyla, tarixi həqiqətlərin təkrar-təkrar yazılıb ictimailəşdirilməsi ilə milli yaddaşsızlıq sindromundan xilas olduğumuza ümid bəsləmək olardı, amma bu günlərdə baş verən bir hadisə göstərdi ki, yox, hələ biz milli amneziyadan xilas olmamışıq. “Qəbələ”-“Apollon” futbol matçından sonra komandamızın kapitanı Cavid sırf rəqib yunanlara acıq getsin deyə Türkiyə dövlətinin bayrağını çiyninə atıb stadionda dövrə vurdu, bununla da həm Kiprdə bayrağımızın cırılmasına etirazını bildirdi, həm də yunan-türk düşmənçiliyində kimin tərəfində olduğumuzu göstərdi. Bu jest Türkiyə xalqının da, türkün sözü, xoşuna getdi.
Ancaq öz ölkəmizdə xeyli patriot və “patriot” Cavidin bu jestini qınamağa çalışdılar: ay niyə öz milli bayrağımız bükülüdür, ay başqa dövlətin bayrağını niyə çiyninə atır, ay biz müstəqil dövlətik, öz bayrağımız var-filan.
Bir neçə nəfər yazdı ki, xanımlar və cənablar, əgər 1918-ci ildə türk əsgərləri Anadoludan
1500-2000 kilometr məsafəni pay-piyada, basa-basa bu ölkəyə gəlməsəydilər, bizi silahlı qəvi düşmənin qətliamından xilas etməsəydilər, bizim üçrəngli bayrağımız Bakıda qaldırılmayacaqdı, çünki o zaman Bakı ermənilərin əlində idi, burada hökumət qurmuşdular, xalqımızı da qırıb-çatırdılar. Başqa sözlə, o vaxt Türkiyə bayrağı bura gəlməsəydi, Azərbaycan bayrağı da olmayacaqdı.
Ona görə də nə vaxtsa bizdən biri Türkiyə bayrağına hörmət izhar eləyəndə, gərək tarixi yada salaq və patriot damarımız cuşa gəlməsin. Bu, yalakalalıq aktı yox, minnətdarlıq aktı sayılmalıdır və aradakı dostluğu, qardaşlığı bir az da artırır.
Heç demə, biz vaxtilə əzbərlədiyimiz şeirlərin müəlliflərini də yadda saxlaya bilmirmişik. O gün jurnalist həmkarlarımızdan Dilqəm Əhməd sosial şəbəkədə belə bir beyt paylaşıb: “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Jurnalist sual verir ki, bu misralar hansı şairindir. “Feysbuk” istifadəçiləri, şeir xiridarları, təxminən 400 nəfər üç qrupa bölünmüşdülər və mübahisə edirdilər. Birinci qrup deyirdi ki, bu şeir Səməd Vurğunun “26-lar” poemasındandır. İkinci qrup deyirdi ki, xeyr, şeirin müəllifi Xəlil Rzadır. Üçüncü qrup misraların Mirvarid Dilbaziyə məxsus olduğunu yazırdı. Hətta mən də acığa yazdım ki, bu misralar Qulu Ağsəsə məxsusdur. Amma Qulu qrupu yarada bilmədim.
Beləliklə, ortalığa nə qədər sənədlər, skrin-şotlar, şahid ifadəsi töküldüsə də, misraların əsl müəllifinin kim olduğuna dair ortaq məxrəcə gəlmək mümkün olmadı. Mərcləşənlər də var, görək, kim kimdən hansı kitabı udacaq.
Bax, yaddaşımız bu gündədir, yoldaşlar. Adi bir mübahisəyə qoşulan 400 nəfərin azı 250-si yanılırsa, demək, yaddaşımızla öyünə bilmərik və kütləvi amneziyaya mübtəla olmuşuq.
“O qədər də əhəmiyyətli bir şey deyil” deyə bunun üstündən keçmək olardı, məsələ ondadır ki, biz ən əhəmiyyətli hadisələri belə yadda saxlamırıq, əvəzində o qədər mənasız şeylərə kafa yoruruq ki…
P.S. Az qala yadımdan çıxa, yazıya imza qoymayam.
