5-10 il qabaq bir tanınmış yazıçımızla mübahisəmiz düşmüşdü. Mən ona isbat eləməyə çalışırdım ki, çağdaş jurnalistika, özəlliklə publisistika elə ədəbiyyatın bir qoluna çevrilibdir. İndi belaruslu jurnalist-yazıçı Svetlana Aleşkieviç 2015-ci ilin ədəbiyyat Nobel-ini alanda o söhbətimizi xatırladım. Yapistlərdən əxz elədiyim təvazökarlıqla özümün çox uzaqgörən olduğumu deyə bilərəm.
Svetlana xanım sənədli ədəbiyyat yaradırmış. Yanılmıramsa, onun bədii, necə deyərlər, fantaziya məhsulu olan heç bir əsəri yoxdur. Biz hərdən yarızarafat deyirik ki, Azərbaycanda filan hadisə oldu, ancaq yazıçılarımız onu öz əsərlərində əks etdirə bilmədilər, ədəbiyyat həyata uduzdu, reallıq bizim fantaziyalarımızdan qat-qat güclüdür və sairə. İndi Svetlana xanımın sənədli əsərlərinə görə ədəbiyyat ödülü alması elə bu baxış nöqtəsinin məhsulu deyilmi? Hətta proqnoz edə bilərəm ki, (yuxarıdakı mətndən sonra buna mənəvi əsaslarımın olduğuna inanmalısınız) növbəti illərdə ədəbiyyat üzrə Nobel ödülünü hansısa... fotoqraf da ala bilər! Örnək üçün, bu ilin yayında Aralıq dənizi sahillərində boğulub ölən suriyalı qaçqın Aylan Kürdinin faciəsini məşhur fotosundan güclü kim təsvir edə bilərdi? Hansı sözü tapıb orda yaza bilərsən? O foto dünyanın ən dəhşətli ədəbiyyat örnəyi idi əslində. Bitmiş sözün şəkli idi.
Əlbəttə, yazıçılar birliyinin sədri “Qalib gəldi, mindi getdi” tipli yaltaq yazılar quraşdıran məmləkətimiz üçün ədəbiyyat, Nobel ödülü kimi söhbətlər ucuz söhbətlərdir. Buranın bazarı ayrı istiqamətdədir. Sözgəlişi, heç o bəsit bazarın alternativi də bir şeyə yarayan deyil, erməniləri ideallaşdırıb öz xalqını alçaltmaq kimi şou elementləri ilə zəngindir. Ona görə də yaxşısı budur qayıdaq öz örüşümüzə, görək çoban payız dumanında hansı quzunu qurda vermişdir.
Adı mənə həmişə müsavatçı siyasi dustaq, jurnalist dostumuz Tofiq Yaqublunu xatırladan bir avropalı bürokrat var: Avropa Şurasının baş katibi Torbyorn Yaqland. İki gün qabaq bu şəxs AŞ-nin Azərbaycanda siyasi dustaqlar üzrə yaradılan işçi qrupdan çıxdığını bəyan elədi. Ayrı yol qalmamışdı. Yapistlər bu qurumu alver mənbəyinə çevirib repressiyanı daha artırmışdılar və orda qalmağın mənası yox idi. AŞ sifətində qalan bir-iki salamat yeri qorumaq üçün qrupdan çıxmağa məcburdu. Siyasi dustaqlar üzrə qrupun “amazonkalarından” biri olan Novella Cəfəroğlu isə avropalıları bu hərəkətə görə qınamışdır. Deyir işçi qrup dustaqlar üçün böyük işlər görür. Misal üçün, qrupun yaradıldığı 10 ildə 2 adamın cəzası 2 gün azaldılmış, 200 adam isə tutulub içəri salınmışdır! Bəlkə biz Novella xanımı bu tip sülhpərvər missiyalarına görə gələn il Nobel sülh ödülünə namizəd göstərək? Vallah, Azərbaycan elə məkandır ki, burada həmin işçi qrupun üzvü olan başqa bir “hüquq müdafiəçisi” Sahib Məmmədovu rəqs üzrə “Evrovizion” yarışmasına göndərmək olar, hamı da qərarı alqışlayar. Hətta Sahib müəllim orda qızıl medal alar!
Məncə isveçli akademiklərin bəxti gətirib ki, Novella xanım novellalar yazmır. Yoxsa çoxdan ədəbiyyat ödülünü Svetlana xanımın əlindən alıb təpəsinə çırpardı. Sən elə bilirsən eləməzdi? Get ağlına dua yazdır. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Amma hərdən anlaşılmaz ədəbi hadisələr də olur. 4 gün qabaq prezident İlham Əliyev Ucar rayonuna getmişdi, orda YAP-ın rayon təşkilatına təzə bina tikiblər, lentini kəsdilər. Həmin geopolitik hadisə haqda AzərTAc-ın xəbərində bir cümlə məni narahat elədi. Sitat: “Bu cür müasir binanın tikilməsi YAP-a dövlətimizin göstərdiyi diqqəti nümayiş etdirir”. Mən də elə bilirdim YAP dövlətə diqqət göstərir. Yoxsa YAP-ın diqqət nəyinə gərəkdir? 6 milyon üzvü var, hərəsi gündə bir saniyə özlərinə baxsalar bəsdir.
