Medianews.az
Məktəbli hicabı haqda təklifim
377 baxış

Məktəbli hicabı haqda təklifim

zamin yeni raz Vaxtaşırı olaraq bizdə din-dövlət, din-cəmiyyət, din-təhsil sferalarında problemlər ortaya çıxır. Bəzən bunu süni şəkildə qızışdıranlar da var. Ara qatanların çoxu yaxşı ki, bunu məqsədli şəkildə eləmir. Bu mənada azərbaycanlılar doğrudan da iqtidarın tutuquşu kimi təkrarladığı sözlə desək, tolerantdırlar. Örnək üçün, birdən kimlərsə şübhəli şəkildə “Qanımızı axıdarıq, ancaq din əldən getməyəcək!” şüarı ilə ortaya çıxır. Deyən gərək, atam-qardaşım, niyə axı nəyisə axıdırsan? Buna ehtiyac varmı? Pis-yaxşı ibadət yerləri var, dini bayram və mərasimləri də başqalarına nisbətdə yetərincə sərbəst keçirirsiniz. Misal üçün, bu Aşurada Bakının "Məşədi Dadaş" məscidinin ətrafında toplaşan minlərlə insan başqa bir gündə, başqa bir ərazidə belə toplaşa bilərmi? Mən Bakı küçələrində dükan və köşklərin qabağında iri kolonkalar qoyub bütün küçəyə dini moizə yayan çoxlu adam görürəm. Onların sayəsində artıq Hacı Şahinin bəzi xütbələrini, yalan olmasın, əzbərləmişəm. Halbuki mən küçədə maqnitofon qoyub “İnsan hüquqları haqda bill”i səsləndirsəm, polis başımı partladar. Bəs dindarlara bu hüququ kim verib? Deməli, islamçıların sıxışdırılması bir qədər şişirdilmiş söhbətdir. Bunu müəyyən vaxtlarda şişirtmək kimə lazımdır - bu məsələ haqda çoxlu ehtimallar yayılır, ancaq mən əlimdə fakt olmadan bunları təkrarlamaq istəməzdim. Üstəlik, bugünkü məqsədim daha çox barışıq və dinclik nöqtələrinin axtarılmasıdır. Yeri gəlmişkən, elə həmin Hacı Şahin cəmiyyətdə barışıq mühiti yaratmağa, insanları qıcıqlandırmamağa çalışan din xadimlərindən biridir. Buna görə sağ olsun, görürük, qiymətləndiririk. Ancaq maraqlıdır ki, rejim başqa din xadimlərinə, xüsusən müxalifətə yaxın olanlara bu cür açılım hüququnu tanımır. Örnək üçün, Hacı İlqar İbrahimoğlunun cameəsini göstərə bilərik. İlqar bəy dindarların çağdaş cəmiyyətə inteqrasiyası üçün xeyli işlər görür, bunlara isə mane olurlar. Qabaqlar həmin qrup müəyyən peşələr üzrə təlim kursları, dərslər keçirdi. Hacı İlqara yaxın olan “Dəyərlər” saytı media sahəmizdə özünü göstərmiş bir orqandır. Yanılmıramsa, bir ara qrupun hətta maşın təmirini öyrədən kursu da var idi. Bunların genişlənməsinə imkan verilmədi. Sözümün canı odur ki, özünü ilk növbədə dindar, sonra hansısa peşə yiyəsi olaraq təqdim edənlərdən yorulmuşuq. Mənə kiminsə inancı o qədər maraqlı deyil, özü bilər. Məni onun cəmiyyətə (həmçinin mənə) verə biləcəyi fayda maraqlandırır. Bir ciddi problem qız uşaqlarının orta məktəblərə hicabla getməsində var. Vaxtaşırı kiminsə uşağını buna görə məktəbə buraxmırlar. Elə keçən ay Suraxanıda, Qaraçuxurda belə hadisə olmuşdu. Burada bir haşiyə çıxım. Vaxtilə, hardasa 5-6 il qabaq hicab qadağası mövzusunda sorğu keçiriləndə mən bununla bağlı dindarların müraciətinə imza atmışdım. Valideynlərin uşaqlarını hicabla məktəbə göndərmək haqqını dəstəkləmişdim. İndi bu mövqedə deyiləm. Fikrimcə, orta məktəblərdə doğrudan da dini geyimlər, dini simvollar göstərmək olmaz. Əsas da ona görə ki, bu, qarmaqarışıqlığa gətirər. Biri hicab örtəcəksə, başqası bəlkə niqab-burka tələb edəcək? Yaxud Uçan Makaron Canavarına inananların təriqəti var. Bu təriqətdə üzvlər başlarına aşsüzən keçirib gəzirlər. Avstriyada onlar aşsüzənlə pasport şəkli çəkdirmək hüququ da qazanıblar. Sabah bu təriqətin üzvü uşağını başında aşsüzən məktəbə göndərmək istəsə nə deyə bilərik? Kim sübut edə bilər ki, başqasının dini inancı daha əskikdir? Ancaq bizim məqsədimiz yuxarıda yazdığım kimi, çıxış yolları aramaqdır. Əgər dindarların öz uşaqlarını sünnət eləməsinə icazə verilirsə, bundan qat-qat dinc hal olan baş örtmək niyə yoluna qoyulmasın? Bu baxımdan bir təklif irəli sürürəm: qoy Təhsil Nazirliyi dindarların qızları üçün hansısa bir ümumi hicab forması hazırlasın və bu hicab qara-qura, birrəngli olmasın. Bir növ, yaylığa bənzər hazırlansın. Məqsəd dindarların öz uşaqlarının müəyyən yerlərini örtməsi deyilmi? Bu yerinə yetirilir. Ancaq yaylıq-hicabın üzərində elmə aid şəkillər çəkilsin. Riyazi düsturlar, ulduzlar, planetlər, kitab-dəftər və sairə. Bu halda hicab xüsusi dini simvol kimi gözə girməz. Əksinə, məktəbli formasına bir yaraşıqlı əlavə kimi olar. Bakı Tikiş Evində bu hicabları istehsal etmək mümkündür. Ən əsası isə odur ki, məncə, şagirdlər belə hicab örtən yoldaşları ilə aralarında hansısa ayırıcılıq, nifaq hiss etməzlər.

Bizə qoşulun