Medianews.az
Məmurun hayfını Vətəndən çıxmazlar!
370 baxış

Məmurun hayfını Vətəndən çıxmazlar!

zahid Qəbələ rayonunun Kötüklü kəndinin 25 sakininin uşaqlı-böyüklü düşmən tərəfə keçmək istəməsi son günlərin ən ilginc olaylarından biri oldu. Yaxşı qurardıq - əgər buna “yaxşı” demək mümkünsə. Çünki belə bir istəyin adicə özü – reallaşmasa belə, - millət və dövlət adına utancdır, aşağılanmadır. Əlbəttə ki, hansı ülvi niyyətlə olur-olsun, belə addıma bəraət tanına bilməz. Nə olur-olsun, Xocalı soyqırımına imza atmış, yüzlərlə soydaşımızı hələ də girovda, 20 faiz torpağımız işğal altında saxlayan alçaq düşmənin qapısına getmək yolverilməzdir, bağışlanmazdır, hətta Vətənə xəyanətdir. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bu istəyə düşmək, onu ağılın ucundan keçirmək belə, böyük qəbahətdir. Çünki hansısa əzazil məmurun heyfini hər halda Vətəndən, dövlətdən çıxmazlar. Vətənin, dövlətin nə günahı?.. Səbəbkarlar haqda yetər. İndi keçək səbəblərə, sakinləri qızışdırıb özündən çıxaran motivlərə. Məlumatlara görə, qəbələlilər Nəbiyevlərin zülmündən bezdikləri üçün belə qərar veriblər. “Nəbiyeblər uşaqlarımızı şərləyib tutdurur. “Azərişıq”ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, vergilər nazirinin müşaviri Müsavər Nəbiyev, kənd icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ keçiriblər. Onlar bizi yaşamağa qoymur. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik” – sakinlərdən biri söyləyib. Başqa bir sakin isə bildirib ki, onların cəbhə xəttini keçməsinə səbəb rayon məhkəməsinin ədalətsiz hökmüdür. Göründüyü kimi, faktiki surətdə Azərbaycanın istənilən guşəsində rast gəlinən mənzərədir – məmur özbaşınalığı, məhkəmələrin çıxardığı ədalətsiz qərarlar və onlara qarşı inamsızlıq, vətəndaş hüquqlarının kobud şəkildə ayaqaltı edilməsi, beli “yuxarı”ya bağlı olan yerli zənginlər və onların doğmalarının sadə əhaliyə qarşı harınlığı və s. Ancaq buna görə elliklə düşmən qapısına getməkdənsə, öncə məsələn, elliklə icra hakimiyyətinin binası önünə yığışmaq, nəticə olmasa, Prezident Administrasiyası qabağına toplaşmaq, bəd ayaqda lap aclıq aksiyası keçirmək olardı. Yəqin ki, effekt, rezonans cəbhə xəttini keçmək cəhdi ilə diqqət çəkməkdən az olmayacaqdı. Yoxsa ki, bir ifadədə deyilən kimi, “Toyuğun başını bıçaqla kəsmək mümkünsə, baltaya nə ehtiyac?” Amma sakinləri həm də qınamırıq. Çünki Azərbaycan nə yazıq ki, az qala özü boyda, açıq səmada bir dustaqxana, məmur bespredelinin hökm sürdüyü işgəncə məkanıdır. Bu fakt dənizdən damla və ya lakmus kağızı olmaqla bir daha ölkədəki ağır sosial-iqtisadi duruma şəhadət verməklə yanaşı, cəmiyyətdə nə dərəcədə qorxulu bir mənəvi ab-havanın mövcud olduğuna dəlalət edir. Demək, vəziyyət təcili şəkildə yaxşıya dəyişməyincə, insanları boğaza yığmış harınlamış məmurlar və onların tayfalarının cilovu tezliklə çəkilməyincə, erməni tərəfə keçmək istəyənlər yenə olacaq. Ola bilsin Qəbələdə yox, bir başqa bölgədə... Bütün bu problemlərin həlli isə bircə şeyə bağlıdır – azad və ədalətli seçkilərə. Azərbaycanda bircə demokratik bələdiyyə, parlament və ya prezident seçkisi kifayətdir ki, insanları düşmənə pənah aparmağa vadar edən səbəblər toplusu dərhal aradan qalxsın. Bu kimi halların kökü həmişəlik kəsilsin. Məmur, icra nümayəndəsi, irili-xırdalı digər vəzifə və mandat sahibləri “yuxarılara” deyil, onu seçən xalqa cavabdeh və xidmətçi olsun. Bircə normal seçki... və elə Qarabağın düşmən ermənidən geri alınması da tezləşə bilər. Bax, onda Xankəndinə də getmək olar...

Bizə qoşulun