Medianews.az
4+2+3 və... -
145 baxış

4+2+3 və... - Qarabağ rejiminə rəhbərlik etmiş şəxslər

Bakı Hərbi Məhkəməsinin fevralın 5-də məhkum etdiyi 15 erməninin 4-ü işğalçı Dağlıq Qarabağ rejimində rəhbər olmuş şəxslərdir: Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, David İşxanyan.

Arkadi Qukasyan 1997-ci il sentyabrın 8-dən 2007-ci il sentyabrın 7-dək rejimin “prezidenti” olub.

Bako Saakyan 2007-ci il sentyabrın 7-dən 2020-ci il mayın 21-dək rejimdə “prezident” postunu tutub.

Araik Arutunyan 2020-ci il mayın 21-dən 2023-cü il sentyabrın 1-dək “prezidentlik” eləyib.

David İşxanyan 2023-cü sentyabrın 1-dən 9-dək “prezident” səlahiyyətlərini “parlament sədri” kimi icra edib.

Medianews.az bildirir ki, bu şəxslərin hər biri 2023-cü il oktyabrın 3-də tutulub. Bakı Hərbi Məhkəməsi onları ağır cinayətlərdə (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma; soyqırımı; əhalini məhvetmə; əhalini deportasiya etmə və ya məcburi köçürmə və s.) təqsirli bilib, Araik Arutunyan və David İşxanyana ömürlük azadlıqdan məhrumetmə cəzası, Arkadi Qukasyan və Bako Saakyana 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

İşğal illərində Dağlıq Qarabağ rejiminə daha 5 şəxs rəhbərlik edib.

Leonard Petrosyan 1991-ci il sentyabrın 12-dən 1992-ci il yanvarın 8-dək “parlament sədri” kimi, 1997-ci il martın 20-dən sentyabrın 8-dək “baş nazir” kimi rəhbərlik edib. O, 1999-cu il oktyabrın 27-si Ermənistan parlamentindəki terrorda öldürülüb.

1992-ci il yanvarın 8-dən aprelin 14-dək işğalçı rejimin rəhbəri postunda “parlament sədri” Artur Mkrtçyan əyləşib. Artur Mkrtçyan 1992-ci il aprelin 14-ü Xankəndidə müəmmalı şəkildə həlak olub.

1992-ci il aprelin 14-dən “parlament sədrinin” səlahiyyətlərini icra edən Georgi Petrosyan rejim rəhbəri sayılıb.

1992-ci il avqustun 15-də rejimdə “Dövlət Müdafiə Komitəsi” yaradılıb, qurumun sədri Robert Köçəryan rəhbərliyə başlayıb, 1994-cü il dekabrın 21-dən 1997-ci il martın 20-dək “prezident” postunu tutub.

2023-cü il sentyabrın 9-dan Samvel Şahramanyan “prezident” olub.

Georgi Petrosyan, Robert Köçəryan və Samvel Şahramanyan Ermənistanın paytaxtı Yerevanda yaşayırlar.

Medianews.az xatırladır ki, Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.

Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.

2025-ci il avqustun 8-də Azərbaycan prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sülh öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

İşğal bitsə də, Dağlıq Qarabağ rejimini yaşatmaq cəhdləri ara vermir. 2025-ci il mayın 21-dən “parlament sədri” postunu tutan Aşot Danielyan həmçinin “prezident səlahiyyətlərinin icraçısı” sayılır.

Medianews.az

Bizə qoşulun