Medianews.az
ABŞ və İran arasında tarixi saziş
87 baxış

ABŞ və İran arasında tarixi saziş qüvvəyə mindi

ABŞ ilə İran arasında əldə olunan "İslamabad Anlaşması" rəsmi olaraq qüvvəyə minib. Saziş ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən elektron formada imzalanıb.

Medianews.az xəbər verir ki, Ağ ev Trampın G7 Liderlər Zirvəsi çərçivəsində Fransada sənədi imzaladığı görüntüləri yayımlayıb.

İran Xarici İşlər Nazirliyi isə hər iki tərəfin imzasından sonra sənədin hüquqi qüvvə qazandığını açıqlayıb.

Fransa Prezidenti Emmanuel Makron sazişi "doğru və mühüm addım" adlandıraraq bildirib ki, razılaşma regionda sabitliyə töhfə verəcək, Hörmüz boğazının yenidən açılmasına və enerji qiymətlərinin azalmasına şərait yarada bilər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, sənəd dövlət başçıları tərəfindən imzalandığı üçün onun pozulmasının siyasi məsuliyyəti daha ağır olacaq. Onun sözlərinə görə, əvvəlcədən planlaşdırılan İsveçrədə rəsmi imzalanma mərasimi keçirilməyəcək.

Bəqayi vurğulayıb ki, razılaşma İranın əsas prinsiplərini əks etdirir və burada Livanın ərazi bütövlüyü, suverenliyi, eləcə də bölgədə atəşkəsin təmin olunması ilə bağlı müddəalar da yer alıb.

İran rəsmisi qeyd edib ki, sazişin icrası yeni mərhələnin başlanğıcıdır və öhdəliklərin yerinə yetirilməsi sənədin hazırlanmasından daha çətin olacaq.

Onun sözlərinə görə, saziş qüvvəyə mindikdən sonra tərəflər nüvə proqramı və sanksiyalarla bağlı danışıqlara başlayacaq. Bu məqsədlə 60 günlük danışıqlar müddəti müəyyən edilib və zərurət yaranacağı halda bu müddət uzadıla bilər.

ABŞ-nin "Axios" nəşri, eləcə də AFP və Reuters agentlikləri də sazişin Donald Tramp və Məsud Pezeşkian tərəfindən imzalanaraq qüvvəyə mindiyini təsdiqləyiblər.

Pakistanın Baş naziri Şahbaz Şərif isə "İslamabad Anlaşması"nın regionda diplomatik həll və davamlı sülh üçün mühüm addım olduğunu bildirib. Onun sözlərinə görə, razılaşmanın ilk mərhələsində İran Hörmüz boğazını yenidən açacaq, ABŞ isə dəniz blokadasını dayandıracaq.

Şərif həmçinin Pakistanın 19 iyun tarixində Qətərin dəstəyi ilə İsveçrədə texniki danışıqların başlanmasına həsr olunmuş rəsmi tədbir keçirəcəyini açıqlayıb.

Pakistanın Baş naziri vasitəçilik prosesinə verdiyi töhfələrə görə Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Misir rəhbərlərinə təşəkkür edib, razılaşmanın regionda uzunmüddətli sülh və əməkdaşlığa zəmin yaradacağına ümid etdiyini bildirib.

Medianews.az

Bizə qoşulun