Medianews.az
Son peşmanlığın anatomiyası
101 baxış

Son peşmanlığın anatomiyası

Mən o çarpayıların başında çox dayandım.

Dirilərlə ölülər arasındakı o görünməz xətt… İnsan onu bir cümlə ilə keçə bilməz, ona heç bir izah gətirə bilməzsən. Sadəcə orada dayanıb, iki dünyanın eyni anda necə çökdüyünü seyr edirsən. Yataqda uzanan ruh bədənin ağırlığından qurtulub naməlum bir sahilə doğru çəkilərkən, onun əlindən bərk-bərk yapışan yaxınının içindən bir fırtına qopur; hər sönən nəfəslə keçmişin bir parçasının, hələ yaşanmamış gələcəyin uçub getdiyini hiss edirsən. Biri fiziki varlığın sonuna yetir, o biri isə açılacaq amansız boşluğun mənəvi yükü altında əzilir. Orada zaman dayanır; hər baxış, hər səssiz hıçqırıq bir insanın digərində buraxdığı silinməz izə çevrilir.

"Ölənlə ölmək olmaz" deyirlər. Amma olur.

Ani ölümlər qəfil qırılan simin kəskin səsini xatırladırdısa, xəstə yatağındakı o uzun gözləyişlər ruhun öz qəfəsini yavaş-yavaş tərk etməsi, bədənin torpaqla barışma məqamı idi. Zamanın qum saatı kimi deyil, hər nəfəslə içəri çəkilən gümüşü bir duman kimi tükəndiyi anlar… O astanada dayanan insanların gözlərindən oxuyurdum hər şeyi: dünya öz hay-küyü, iddiaları və qorxuları ilə geri çəkildikdə, geriyə yalnız amansız bir səssizlik çökürdü. O səssizliyin daxilində insan öz keçmişiylə, qazandıqları və ən çox da itirdikləri ilə təkbətək qalırdı…

Avstraliyalı tibb bacısı Bronni Verin şahidlik etdiyi də məhz bu sükut idi. O, illərlə sağalmaz xəstəliklərdən əziyyət çəkən insanlara ömürlərinin son həftələrində, aylarında doğma evlərində həmdəm oldu. Onların qorxularını, sevinclərini, ən çox da ötən günlərə boylanarkən hiss etdiklərini dinlədi. Bu müşahidələr sonradan, 2011-ci ildə işıq üzü görən "The Top Five Regrets of the Dying" ("Ölüm ayağındakı insanların beş peşmanlığı") kitabına sığdı və son mənzilə hazırlaşanların ən çox dilə gətirdiyi beş böyük etirafı dünyaya elan etdi.

Lakin bu etiraflar haqqında yazmaq üçün xüsusi bir cəsarət lazımdır. Çünki onlar nə uzaq bir tibbi statistika, nə də başqasının uydurduğu nağıldır. Onlar birbaşa üzümüzə tutulan güzgüdür…

Birinci peşmanlıq: "Kaş başqalarının məndən gözlədiyi həyatı deyil, özüm üçün yaşamaq cəsarətim olaydı".

Bu, bəlkə də hər şeyin bünövrəsidir. Cümləni oxuyanda insan bir anlıq ayaq saxlayır. Sonra anlayırsan ki, bu sözlər heç də ölüm yatağında doğulmur; onlar ömür boyu içimizdə gizlənib boy atır, sadəcə, biz onları yalnız zamanın bitdiyi yerdə etiraf edə bilirik. Çünki o an sosial maskalar yırtılıb düşür, ailə mutluluğunu qoruma instinkti susur, cəmiyyətin o süni mükafat-cəza mexanizmi artıq işləmir. Geriyə yalnız saf, çılpaq bir dürüstlük və reallaşmamış arzuların sızıltısı qalır.

İkinci peşmanlıq: "Kaş bu qədər çox işləməyəydim".

Ağır etirafdır. Bronni Ver qeyd edir ki, bu sözlər xüsusilə həyatını karyera qurmağa qurban vermiş insanların dilindən tökülürdü. Övladlarının necə böyüdüyünü görmədilər, ömür-gün yoldaşlarına kifayət qədər vaxt ayıra bilmədilər. Maddi qazanc və status yarışının ölüm anında heç bir məna kəsb etmədiyini anlamaq isə çox ağırdır. Buradakı əsl paradoks fərqlidir: bu insanlar, böyük ehtimalla, elə öz doğmaları üçün çarpışırdılar. Yaşatmaq istədikləri həyatı qurarkən, o həyatın içindən keçib getdilər – ömrü yaşamadan ötürdülər.

Üçüncü peşmanlıq: "Kaş duyğularımı ifadə etmək cəsarətim olaydı".

Bir çoxumuz münasibətləri qorumaq, münaqişədən qaçmaq, yaxud zəif görünməmək üçün daxilimizdəki tufanları boğuruq. Vaxtında deyilməmiş "səni sevirəm", "məni incitdin", "sənə qəzəbliyəm" kəlmələri insanın öz daxilindəki bir otağın qapısını kilidləməsi deməkdir. İllər keçir, o bağlı otaqlar çoxalır və ölüm anında insan məhz o qıfıllı qapıların qarşısında çarəsizcə dayandırılır.

Dördüncü peşmanlıq: "Kaş dostlarımla əlaqəni kəsməsəydim".

İş, uşaqlar, bitməyən qayğılar və sonsuz yorğunluqlar köhnə dostluqları elə tədricən, elə səssizcə aşındırır ki, insan bunu hiss etmir. Ölüm yatağında isə qədim bir dostun qədir-qiyməti tamam başqa bir işıqda görünür. Təəssüf ki, o an o sadiq adamları tapmaq artıq imkansızlaşır.

Beşinci peşmanlıq: "Kaş özümə daha çox xoşbəxt olmaq icazəsi verəydim".

Müəllif vurğulayır ki, bir çox insan xoşbəxtliyin əslində bir seçim olduğunu çox gec dərk edir. Köhnə vərdişlər, dəyişiklik qorxusu və "başqaları nə deyər" xofunun yaratdığı o qəfəsin tamamilə süni olduğunu yalnız ölümün kölgəsi bəlli edir. O kölgə düşəndə qorxu birdən-birə əhəmiyyətsizləşir.

Bu beş peşmanlığı bütöv bir mənzərə kimi oxuyanda bir şey adamın gözünə batır: onların heç biri maddi olaraq əldə edilə bilməyənlərin təəssüfü deyil. Heç kim "kaş daha böyük ev alaydım", yaxud "filan vəzifəyə yetişəydim" deyə köks ötürmür. Bütün peşmanlıqlar yaşanmayan bir ömrə aiddir – deyilməmiş sözlərə, qırılmış tellərə, insanın özünə qıymadığı o kiçik icazələrə.

Bu, sadə bir həqiqəti göstərir: insan ölüm anında hesab çəkmir, əksinə, xatirə toplayır. Və o xatirələrin içindən gələcəyə yalnız sevgidən, səmimiyyətdən doğanlar keçə bilir.

Mən o yataqların kənarından hər dəfə ayrılarkən bunu daxilən bilirdim. Amma sadəcə bilmək ilə o bildiyini yaşamaq arasında dərin bir uçurum var. Bronni Verin kitabı da elə o uçurumun kənarından boylanır.

İbrahim Nəbioğlu

Bizə qoşulun