Medianews.az
Emin Əmrullayev: Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib
104 baxış

Emin Əmrullayev: Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib

Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib.

Medianews.az xəbər verir ki, bunu Ordubadda keçirilən III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalındakı çıxışında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, Qərbi Azərbaycan məsələsi ölkənin gündəmində mühüm yer tutur:

"Bu gün Qərbi Azərbaycan mövzüsü Azərbaycanın milli kimliyinin formalaşmasında, gəncliyimizin yetişməsində, təhsil və elm həyatımızda mühüm əhəmiyyət daşıyır. Xüsusilə qeyd etmək istərdim ki, bu istiqamətdə həm Qərbi Azərbaycan İcmasının, həm ölkənin ali təhsil və elm müəssisələrinin xüsusi rolu var. Ötən dövrə nəzər saldıqda görürük ki, Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib".

O, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Qərbi Azərbaycana qayıdışla bağlı sistemli təşkilatlanma, maarifləndirmə və araşdırma işlərinin həyata keçirildiyini bildirib:

"Bu mövzu artıq ictimai düşüncəmizin, təşəbbüslərimizin və beynəlxalq ictimai diplomatiyamızın ayrılmaz hissəsi kimi çıxış edir. Bu gün Böyük Qayıdış prosesini xüsusi qeyd etmək istərdim. Şərqi Zəngəzur və Qarabağa qayıdış onu göstərir ki, tarixi ədalət gec də olsa, öz yerini tapır. Bu gün Azərbaycan vətəndaşlarının doğma torpaqlarına dönüşü bir daha sübut edir ki, məqsədyönlü və ardıcıl fəaliyyət nəticəsində qarşıya qoyulan hədəflərə çatmaq mümkündür".

E.Əmrullayev Qərbi Azərbaycan mövzusunun araşdırılması üzrə qısa müddətdə mühüm nəticələr əldə olunduğunu vurğulayıb./ Report.az

Bizə qoşulun